Pediatr-allerqoloq Sevinc Abdullayeva e-tibb.az üçün yazıb:
Havalar isinir, yaz gəlir, hər yer yaşıllaşır, güllər, çiçəklər açılır. Əksəriyyətimizin daxilində çox gözəl duyğular oyanır. Amma mövsüm-yaz allergiyası olanlar üçün isə cox çətin, qorxulu, həyəcanlı dövr başlayır. Çünki yazda oyanan bitkilərdə yaranan küləklə ətrafa yayılan bitki tozları yəni, pollenlər mövsüm allergiyasının başlıca səbəbidir. Yaz allergiyasına səbəb olan pollenlər müxtəlif növ bitkilərdən-ağaçlardan, yabanı otlardan, çayır və çəmən otlarından, taxıllardan hasil olur. Əsasən mart, aprel, may və iyun aylarında pollenlər havada daha çox artaraq müxtəlif orqan və sistemlərə təsir edir və aşağıdakı əlamətlərə səbəb olur:
-Dəridə: üz, göz ətrafı, əl və ayaqlarda qaşıntı və səpkilər, dəri quruluğu
-Burun axıntısı (bol sulu), burun qaşınması, burun tutulması, çox asqırma
-Gözlərdə qaşıntı, qızarıqlıq və sulanma
-Öskürək, sinədə xışıltı, təngnəfəslik
Bütün bunları mövsümi allergik xəstəliklər adlandırırıq. Bu sikayətlərin bir qismi və ya hamısı fərqli insanlarda fərqli şiddətlərdə ortaya çıxır. Şikayətin şiddətini və səbəbini aydınlaşdırmaq üçün bu mövsümdə allergoloqa müraciət edib, uyğun müalicə almaq lazımdır. Həmin şikayətlərə uyğun olaraq analizlər və ya testlər, daha sonra müalicə təyin edilir. Lakin müalicə ilə bərabər qorunma tədbirləri çox vacibdir:
-Pollenlərin- bitki tozlarının havada çox olduğu vaxtlarda açıq havada olmamaq, park və bağlara getməmək, Günəş gözlüyü taxmaq, ağız-burunu bağlayacaq və pollenlərin hava yoluna keçməsinə mane olan maskalarda istifadə etmək, hər gün duş almaq.
-Dəri şikayətləri şiddətli olanda uzunqol geyimlər geyinmək, açıq bədən hissələrinə qoruyucu-nəmləndirici kremlər çəkmək vacibdir. Allergenlərin daha çox olduğu vaxtlarda qapı-pəncərələri bağlamaq vacibdir.
Sikayətlərinizin uzunmüddətli və şiddətli olması hallarında həkim allergen-spesifik immunoterapiya məsləhət görə bilər.
Hər zaman sağlam olun!