Magistraturaya qəbul imtahanının nəticələri 3 gün ərzində açıqlanacaq - YENİLƏNİB
23 fevral 2020 15:40 (UTC +04:00)

Magistraturaya qəbul imtahanının nəticələri 3 gün ərzində açıqlanacaq - YENİLƏNİB

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına  qəbul imtahanı keçirib

 

DİM-dən Lent.az-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 49 imtahan binasında aparılıb.

 

İmtahanda iştirak üçün 15738 bakalavr ərizə təqdim edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

 

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

 

İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric ediliblər.

 

Əvvəlcədən məlumat verildiyi və imtahan iştirakçılarının yaddaş kitabçasında qeyd olunduğu kimi saat 10:45-dən sonra imtahana gələn şəxslər imtahan binasına buraxılmayıblar. Təlimata əsasən imtahan binasına buraxılış rejimi imtahanın başlanmasına 15 dəqiqə qalmış başa çatır. Bundan sonra gələn namizədlər imtahana buraxılmır. DİM tərəfindən keçirilən imtahanlarda iştirak edən şəxslər bunu nəzərə almalıdırlar.

 

DİM imtahanlarda sağlamlıq imkanları məhdud namizədlərin iştirakının təmin edilməsi məqsədilə daim əlverişli şərait yaradır. Lakin sağlamlıq imkanları məhdud olan şəxslər vaxtında DİM-ə müraciət etməlidirlər. İmtahana az müddət qalmış və ya imtahan günü belə müraciətlər olduqda onların təmin olunması çətinləşir və bəzən mümkün olmur.

 

Fevralın 24-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

 

 

Qeyd edək ki, magistraturaya qəbul imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına 24-26 fevral 2020-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyası DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

09:00

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün  ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına  qəbul imtahanı keçirəcək.

DİM-dən Lent.az-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 49 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd bakalavrların imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş bakalavrların əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 3‑dən 13-dək aparılıb. İmtahanda iştirak üçün 15738 bakalavr ərizə təqdim edib. Onlardan 14434 nəfəri Azərbaycan bölməsi, 1304 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 7139 nəfəri oğlan, 8599 nəfəri isə qızlardır. Bakalavrlardan 8352-si cari ilin, 7386-sı isə əvvəlki illərin məzunlarıdır, 34 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 40, Gəncədə 4, Naxçıvan və Mingəçevirdə 2, Lənkəranda 1 binada təşkil olunacaq. Bakıda 13347, Naxçıvanda 488, Gəncədə 1189, Mingəçevirdə 428, Lənkəranda 286 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 154 imtahan rəhbəri, 1580 nəzarətçi-müəllim, 251 buraxılış rejimi əməkdaşı cəlb olunub.

Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 18-dən etibarən DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1475
avatar

Aygün İbrahimli

Oxşar yazılar