Aprelin 2-də QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçiriləcək. Lent.az-ın məlumatına görə, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev sosial şəbəkə hesabında məlumat yayıb.
A.Quliyev bildirib ki, Koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınmasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əlavə tədbirlər müəyyənləşdirilib. İnsanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılıb.
“Bu gündən etibarən koronavirusla mübarizədə ölkəmiz üçün yeni və daha məsuliyyətli mərhələ başlayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumlarının həyata keçirdiyi qabaqlayıcı tədbirlər öz müsbət nəticəsini versə də, çox sürətlə yayılma qabiliyyətinə malik koronavirusa yoluxanların sayı hər gün artmaqda davam edir. Karantin rejiminin sərtləşdirilməsi bir daha bu təhlükənin nə qədər real olduğunu göstərir. Pandemiyanın yayılmasının qarşısının alınmasında hər bir vətəndaşın üzərinə düşən məsuliyyəti və vəzifəni anlaması çox vacibdir. Təbii ki, hazırkı vəziyyətdə dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları da bütün imkanlarını bu istiqamətdə səfərbər etməlidir.
Martın 27-dən etibarən Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV-nin birgə keçirdiyi “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulan QHT-lərin sayı hər gün artmaqdadır. Kampaniya çərçivəsində QHT-lərin fəal şəkildə iştirak etməsinə, Koronovirusla Mübarizəyə Dəstək Fonduna davamlı şəkildə vəsait köçürmələrinə və ölkədə həmrəyliyin güclənməsi işinə verdiyi digər töhfələrə baxmayaraq hələ də həyata keçirilməsi vacib olan xeyli işlər var.
Şura həmçinin, müvafiq dövlət qurumları ilə birgə həyata keçirdiyi 9 qrant müsabiqəsinin qalibi olan 56 layihənin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəldəcəyini elan edib.
Şura qeyd olunan məsələləri və pandemiya təhlükəsinin aradan qalxacağı ilə bağlı yekun tarixin bəlli olmamasını nəzərə alaraq üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək, mövcud vəziyyətdə QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsini və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədi ilə 2 aprel 2020-ci il, saat 15:00-da “QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”nı keçirməyi planlaşdırır”.
Şura sədri konfransda müzakirə olunacaq mövzuları da qyed edib:
1) QHT-lərin ölkə üzrə karantin rejiminin tələblərinin yerinə yetirilməsində rolu, “Evdə qal, cəmiyyəti qoru” ictimai monitorinq və məlumatlandırma kampaniyasında iştirakının hazırkı vəziyyəti;
2) Şuranın 2020-ci il qrant müsabiqəsinin qalibi olan QHT layihələrinin mövzularının dəyişdirilərək koronavirusla mübarizə tədbirlərinə yönəldilməsi və bununla bağlı onların ideya və təkliflərinin dinlənilməsi;
3) Koronavirusla bağlı mübarizədə ümummilli həmrəyliyin gücləndirilməsində QHT-lərin rolu və vəzifələri;
4) Koronovirusla mübarizədə QHT sektorunun töhvəsi ilə bağlı ən yaxşı xarici təcrübə.