Koronavirus (Covid-19) xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyində qərargah yaradılıb.
Agentlikdən Lent.az-a verilən məlumata görə, bununla yanaşı, BNA-nın (012) 404-79-95 nömrəli "Qaynar xətt"i fəaliyyətə başlayıb.
Eyni zamanda, bildirilir ki, ictimai nəqliyyatda kəskin respirator xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam edir. Bu çərçivədə, paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma xətlərində fəaliyyət göstərən avtobuslar dezinfeksiya edilir.
Son bir neçə gündə 1500-ə yaxın avtobusda dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla görüş keçirilib və müvafiq tapşırıqlar verilib.
Həmçinin, qeyd edək ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya tədbirlərinin sayı artırılıb.