Koronavirusun yüngül formasına yoluxmuş, onu soyuqdəymə və ya allergiya hesab edən bir çox insan xəstəxanaya müraciət etmir və yoxlamadan keçmir. Bu isə pandemiyanın həqiqi miqyasını qiymətləndirməyə mane olur.
Problemin həlli COVID-19-a qarşı anticismlər əsasında testlərin tətbiqidir. Hazırda istifadə edilən RNK əsaslı testlərdən fərqli olaraq, bu test aktiv və artıq keçirilmiş xəstəliyin əlamətlərini aşkar etmək imkanına malikdir. Onun sayəsində nə qədər insanın koronavirusa yoluxduğunu müəyyən etmək və pandemiyanın sonrakı inkişafının proqnozunu vermək olar.
Lent.az AMEA-nın saytına istinadən xəbər verir ki, tədqiqatçılar bütün dünyada belə testlərin yaradılması üzərində fəal işləyirlər. İlk versiyalardan biri ABŞ-ın Mount-Sinai Tibb Mərkəzindən olan mütəxəssislər tərəfindən yaradılıb.
COVID-19-a yoluxduğu təsdiq edilən pasiyentlərdən alınmış nümunələrin sınaqları göstərib ki, test yalnız bu virusa qarşı anticismlərə reaksiya verir. Sistemi hətta oxşar koronaviruslar (məsələn, soyuqdəyməyə səbəb olan və COVID-19 ilə eyni reseptorların köməyi ilə hüceyrələrə daxil olan NL63 virusu) yanılda bilmir.