İyun ayına olan imtahanların cədvəli ictimaiyyətə açıqlanıb.
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə onlayn mətbuat konfransında bildirib.
O deyib ki, bir ay ərzində təxminən 190 min insan imtahanlarda iştirak etməlidir: “Onların 94 min nəfəri 11 sinif məzunudur və buraxılış imtahanı verirlər. Eyni zamanda 96 min nəfər 9-cu sinif məzunu imtahan verməlidir. Bunların hamısı hər həftəsonu imtahanlarda iştirak edəcək. Çox mürəkkəb işdir. Prosesə hazırlıq çox mürəkkəb oldu. 1500-dən artıq məktəb binasına baxış keçirilib. Binaların hazırlığı ciddi məsələdir, sanitar epidemioloji işlər başa çatandan sonra həftə sonundan imtahanlar başlayacaq. Biz Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla virusun ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün müvafiq tədbirlər göğrmüşük. İmtahan zamanı həm imtahan verənlər, onların valideynləri həmrylik göstərməli və qaydalara əməl etməlidir. Sosial məsafə saxlanmalı, hər kəs maskada gəlməlidir. İmtahana giriş zamanı çox mürəkkəb prosedurlar olacaq, bununla bağlı müvafiq rolik televiziyada nümayiş olunacaq. Hər şəxs imtahana daxil olmazdan əvvəl hərarəti, sənədləri yoxlanacaq, üzərində lazım olmayan əşyalar gətirdikdə götürüləcək. İnsanlar bir yerə toplaşmasın".