Koronavirus pandemiyasının ilk dövründə bir çoxları havalar isinəndən sonra virusların yayılmayacağı, məhv olacağını iddia etsələr də, dünyanın aparıcı səhiyyə, tibb qurumları və mütəxəssisləri hava şəraitinin burada o qədər də önəmli olmadığını bəyan ediblər. Belə olan halda yay aylarında insanların daha çox üz tutduğu çiməriklər, hovuzlar və digər məkanlarda viruslardan qorunmaq üçün nə etmək lazımdır? Hovuzlar koronavirusa görə nə qədər təhlükəlidir?
Alimlərin araşdırmasına görə, dənizdə, hovuzda çimərkən, yaxud SPA salonunda olarkən koronavirusa yoluxmaq riski elə də böyük deyil. Onların apardıqları tədqiqata görə, dəniz suyunda duz olduğundan yoluxma riskini xeyli azaldır. Hovuzlarda və SPA salonlarda isə dezinfeksiyaedici vasitələrdən istifadə olunur ki, bu da virusun aktivliyini azaldır. Bundan başqa, sauna və hamamlarda temperatur 60 dərəcədən yuxarıdır, belə mühit virusun çoxalması üçün əlverişli deyil. Amma nəzərə alaq ki, dezinfeksiya olunmayan hovuzlar da var. Bundan əlavə yay aylarında kəndlərdə uşaqların üz tutduğu kiçik su hövzələri, göllərdə də dezinfekiya işləri aparılmadığına görə ortaya sual çıxır. Bu su hövzələrində koronavirus təhlükəsi varmı?
Həkim-infeksionist Natiq Əliyev bununla bağlı Lent.az-a danışıb. İnfeksionist bildirib ki, bu fikirlər əsassızdır:
“Hovuz və su hövzələrində insanlar koronavirusa yoluxmaz. Bu, yalnış düşüncədir. Sadecə, kontakt riskini azaltmaq və insanların bir-birinə yoluxdurma riskini xatırlatmaq lazımdır. Yoluxdurma dedikdə, burada hava-damcı yolu nəzərdə tutulur. Məhz bu yolla virusu bir-birinə keçirməmək üçün hovuza, yaxud su hövzələrinə gedilməsi məsləhət görülmür”.
Sonda qeyd edək ki, şirin və təmizlənməyən su hövzələrinə gedərkən öncədən təhlükəsizlik tədbirləri görülməlidir. Virusdan qorunmaq üçün görülən gigiyenik, təhlükəsizlik tədbirlərinə riayət etmək vacibdir.