Hitlerin kiteli, Mussolinin qlobusu, interaktiv lent: Moskvanın "Yaddaş yolu" muzeyindən REPORTAJ
27 iyun 2020 15:26 (UTC +04:00)

Hitlerin kiteli, Mussolinin qlobusu, interaktiv lent: Moskvanın "Yaddaş yolu" muzeyindən REPORTAJ

İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın rolu danılmazdır. Bunu Rusiya Silahlı Qüvvələrinin "Patriot" hərbi vətənpərvərlik parkında yeni inşa olunan "Yaddaş yolu" muzey kompleksi ilə tanış olarkən də görmək mümkündür. Muzeydə azərbaycanlıların faşizm üzərində mübarizədə qəhrəmanlığını sübut edən bir çox eksponat sərgilənir.

APA-nın Rusiya üzrə xüsusi müxbiri Rusiya Silahlı Qüvvələrinin Baş məbədi və "Yaddaş yolu" unikal tarix muzeyindən reportaj hazırlayıb.

İlyarıma tikilən nəhəng məbəd...

Moskva vilayətinin Odintsovo rayonunda yerləşən Rusiya Silahlı Qüvvələrinin “Patriot” hərbi vətənpərvərlik parkında inşa olunan möhtəşəm bir məkandayıq. Böyük bir ərazidə inşa olunan kompleks Silahlı Qüvvələrin Baş məbədindən və onu əhatə edən "Yaddaş yolu" muzeyindən ibarətdir. İkinci Dünya müharibəsində Qələbənin 75 illiyinə həsr olunan məbədin tikilməsində məqsəd sovet xalqının faşizm üzərində qələbəsini əbədiləşdirməkdir.

Məbədin inşa olunduğu yerdə 1941-ci ilin noyabrında Moskva uğurunda qanlı döyüşlər gedib. Ona görə də kompleksin yaxınlığında həmin qanlı döyüşlərin əks olunduğu canlı maket hazırlanıb. Burada alovlar içində olan alman tankını, səngələri, bir sözlə, həmin qanlı döyüşlərin fraqmentlərini görmək mümkündür.  

Rusiya Silahlı Qüvvələrinin Baş məbədi rekord müddətə, ilyarıma tikilib. 2018-ci il sentyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin, Patriarx Kirill və Müdafiə naziri Sergey Şoyqu tərəfindən təməli qoyulan və İkinci Dünya müharibəsində qələbənin 75 illiyinə həsr olunan məbədin hər bir hissəsi faşizm üzərində qələbənin rəmzlərini xatırladır.  Məbədin memarlıq nisbətlərinin faşizm üzərində qələbənin rəmzlərini xatırlaması ideyası Rusiyanın müdafiə naziri Sergey Şoyquya məxsusdur. Məbədin hündürlüyü 96 metrdir. Çünki 960-cı il Böyük Knyaz Vladimirin doğulduğu ildir. Əsas günbəzin barabanının diametri 19 metr 45 santimetrdir. Barabanda 8 pəncərə var. Günbəzin özünün diametri isə 22 metr 43 santimetrə bərabərdir. Bu rəqəmlər 8 may 1945-ci ildə saat 22:43-də faşist Almaniyasının kapitulyasiyası haqqında aktın imzalanmasına işarədir. Kiçik günbəzlərin hündürlüyü 14 metr 18 santimetrdir. 1941-45 müharibəsi məhz 1418 gün davam edib. Kilsə zənginin hündürlüyü isə 75 metrdir. Bu isə Böyük Qələbədən 75 il keçdiyini xatırladır. Məbəddə faşizm üzərində qələbəni xatırladan daha çox detal var.

"Yaddaş yolu" canlı tarix qalereyası

Kompleksin ən çox diqqət çəkən hissəsi təbii ki, "Yaddaş yolu" muzeyidir. Dünyada analoqu olmayan bu məkan sadəcə muzey və ya memorial kompleks deyil, canlı tarix qalereyasıdır.

Muzeyin uzunluğu 1418 addımdan ibarətdir. Bu rəqəm də elə belə seçilməyib, 1941-1945 müharibəsinin 1418 gün çəkməsinə işarədir. 35 zaldan ibarət muzey faşizm üzərində Qələbədə payı olan insanların talelərini və adını, dəhşətli müharibənin hər gününün xatirəsini əks elətdirir.

Rusiya Silahlı Qüvvələri Mərkəzi Muzeyinin elmi işçisi Andrey Lyubçikov APA-ya açıqlamasında bu muzeydə əsas vurğunun gənc nəslə yönəldiyini söyləyib: "Burada olan interaktivlər, müharibədə döyüş fəaliyyətinin əks olunduğu görüntülər və partizan hərəkəti haqqında məlumatlar tarixi faktları daha da canlandırır. Muzeydə yaradılmış interaktiv lentdə hər bir ziyarətçi İkinci Dünya müharibəsində iştirak etmiş yaxını haqqında məlumatlar əldə edə bilər".

Sıravi azərbaycanlı döyüşçülərdən tutmuş partizan "Mixaylo"ya kimi...

Muzey rəsmisinin sözlərinə görə, “Yaddaş yolu" canlı tarix qalereyasında Böyük Vətən Müharibəsində iştirak etmiş azərbaycanlılar haqqında çoxlu məlumat var. Bu məlumatlar həm Rusiyanın hərbi arxivlərindən, həm də Azərbaycan arxivlərindən əldə olunub. İnteraktiv lentdə faşizmə qarşı vuruşmuş azərbaycanlılar haqqında məlumatın olub-olmadığını yoxlamaq qərarına gəlirəm. Həmin müharibədə iki ayağını itirən babamın ad və soyadını muzeyin interaktiv lentində quraşdırılmış monitorda qeyd edirəm və... Budur, babam Əkbərov Ağadadaş İsmayıl oğlu haqqında məlumatlar ekranda nümayiş olunur. Özü də babamın fotosu, xidmət apardığı yer, medal və ordeni ilə birlikdə...

Muzeydə sıravi azərbaycanlılardan tutmuş, partizan hərəkatının ən məşhur siması olan “Mixaylo” ləqəbli Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadəyə, Reysxstaqın binasının divarına soyadını yazan azərbaycanlıya kimi məlumatlar yerləşdirilib.

“Partizan hərəkatının qəhrəmanları” adlı bölümdə ilk gözə dəyən qəhrəman adı məhz Mehdi Hənifə oğlu Hüseynzadədir. Azsaylı partizan hərəkatı qəhrəmanlarından olan “Mixaylo” haqqında ziyarətçilər bu muzeydə geniş məlumat əldə etmək imkanına malikdirlər.

Hitlerin kiteli, Mussolinin ona hədiyyə etdiyi qlobus, Mirtağıyev...

Muzeyin ən maraqlı guşələrindən biri isə Adolf Hitlerin kiteli, furajkası və İtaliya faşistlərinin lideri Mussolinin ona bağışladığı qlobusun sərgiləndiyi bölümdür. Bu bölüm “Yaddaş yolu” muzeyinin ən axırıncı zalında sərgilənir və burada nümayiş olunan eksponatlar muzeyin şah əsəri sayılır. Məhz bu bölümdə Sovet İttifaqının Reyxstaqın binasını ələ keçirərkən əsgərlərin Reyxstaqın binasına soyadlarını qeyd etməsini sübut edən bir eksponat sərgilənir. Bu eksponat Reyxstaqın binasının divarından bir fraqmentdir. Həmin fraqmentdə iki rus soyadı - Filimov və Kuzmin arasında azərbaycanlı Mirtağıyev soyadı da qeyd olunub. Resyxtaqı ələ keçirmə əməliyyatında azərbaycanlının olması faktı isə tarixin silinməz olduğunun göstəricisidir. Bu fakt bir daha onu göstərir ki, Azərbaycan və azərbaycanlılar faşizm üzərində qələbədə misilsiz rol oynayıblar...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3334
avatar

Oxşar yazılar