“Allaha şükürlər olsun ki, ordumuz düşmən üzərində zəfərlər əldə edir. İnsanlarımızda çox böyük milli ruh yüksəkliyi var, bunun formalaşmasında Allaha inamın çox böyük təkanı var”.
Bunu Lent.az-a açıqlamasında ilahiyyatçı, Heydər məscidinin axundu Hacı Rüfət Qarayev deyib. O, İslam dinində Vətən sevgisinin önəmini vurğulayıb: “Məhəmməd peyğəmbər (s.a.v.) buyurur ki, Vətəni sevmək imandandır. Həzrəti Əli isə buyurur ki, şəhərlər Vətən sevgisi ilə tikilir. “Qurani-Kərim”də şəhidlərin ölməz olduğu bildirilir. İnsanlarımız bilir ki, şəhidlər Allah qatında ruziləndirilir. Düşmən işğalında olan torpaqlarımızda həm milli-tarixi, həm də dini dəyərlərimiz var. O torpaqlarda əcdadlarımızın, böyük alimlərimizin məzarları, məscidlərimiz, inam yerlərimiz var ki, biz onları işğaldan azad etmək üçün mübarizə aparırıq. Eyni zamanda, dəyərlər uğrunda şəhid olduğumuz zaman həm Vətən uğrunda şəhadəti, həm də Allah qatında böyük bir məqam əldə edirik”.
R.Qarayev qeyd edib ki, xalqımızda, gəncindən tutmuş yaşlısına kimi, böyük ruh yüksəkliyi var: “Kimliyindən, hansı mövqeyə sahib olmasından asılı olmayaraq, hər kəs Vətənin, Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib.
Bütün sahələrdə olduğu kimi, dindarlarımız da bu haqq işində dövlətimizin, xalqımızın yanındadır. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir bayraq ətrafında millətin müdafiəsi üçün səfərbər olub. Azərbaycan xalqının əsrlər əvvəl də döyüşkən bir xalq olduğunu, millət, Vətən uğrunda necə fədakarlıqlar göstərdiyinin şahidi olmuşuq. Müstəqilliyin ilk illərində Azərbaycan indiki kimi güclü deyildi. Bundan istifadə edən düşmən torpaqlarımızı işğal etdi. Keçən 30 il ərzində Azərbaycanın igid oğulları müxtəlif vaxtlarda düşmənə layiqli cavab verirdilər. Mübariz İbrahimov kimi qəhrəmanımız çoxsaylı düşmən qüvvələrini məhv etməklə xalqın milli ruhunun oyanmasına səbəb oldu. Daha sonra aprel döyüşlərini vurğulamaq olar ki, hansıki xalqın savaş ruhunu inkişaf etdirdi”.
Müsahibimiz xatırladıb ki, hazırda xalqımız vətənin müdafiəsi naminə bütün iş- gücünü kənara qoyub və Vətən uğrunda döyüşməyə gedir: “İnsan bəzən elə olur ki, pulunu, malını verməyə xəsislik edə bilir. Hətta ibadətlərində belə səhlənkarlıq göstərə bilir. Amma Vətən amili ortaya gələndə insanlarımız düşünmədən bu uğurda, Haqq yolunda canını qurban verir”.