Hansı halda hansı müayinə lazımdır? - Covid-19-la bağlı YENİ TÖVSİYƏLƏR
10 aprel 2020 12:18 (UTC +04:00)

Hansı halda hansı müayinə lazımdır? - Covid-19-la bağlı YENİ TÖVSİYƏLƏR

Son günlər koronavirus pandemiyası dünya gündəmini zəbt edib. Dünyanın bütün elmi portallarında bu məsələ kifayət qədər müzakirə olunur, məqalələr, canlı konfranslar və elmi mübahisələr aparılır. COVİD-19 bir gün bitəcək (o günün yaxın olmasını bütün bəşəriyyət arzulayır), bu gün yaşananlar, yazılanlar isə əbədi qalacaq. Tarix olacaq yaşananlar!
COVİD-19 pnevmoniyasının diaqnostikasına dair bir müddət öncə xarici ölkələrin təcrübəsinə əsaslanan kiçik bir araşdırma aparıb sizlərə təqdim etmişdim.
Müxtəlif ölkələrdə aparılmış tədqiqatlarda mütəxəssislərin diaqnostik yanaşmaya dair fərqli fikirləri olsa da, praktiki olaraq mühüm əhəmiyyət daşıyan və bu xəstələrdə radiodiaqnostik taktikanı optimallaşdıran müasir tövsiyələri COVİD-19 xəstələri ilə işləyən dəyərli həmkarlarıma təqdim etmək istəyirəm. Nəzərinizə catdırmaq istəyirəm ki, tövsiyələr Torakal radiologiyanın beynəlxalq, multidissiplinar cəmiyyəti olan Fleischner cəmiyyəti tərəfindən hazırlanmış və bu pandemiyanın ən geniş yayıldığı 15 ölkədən 9-da alınmış nəticələrə əsasən tərtib edilib. (
https://doi.org/10.1148/radiol.2020201365).

Tədqiqatda döş qəfəsi rentgenoqrafiyası və KT müayinələrinin nəticələri təhlil olunub və aşağıdakı tövsiyələr hazırlanıb.

1. Əsas tövsiyələr:

• Asimptomatik COVİD-19 xəstələrində radioloji müayinələrin skrininq test kimi tətbiqi rutin göstəriş sayılmır.
• Zəif (yüngül) simptomatika qrupunda olan COVİD-19 xəstələrində xəstəliyin proqressivləşmə riski olmadığı hallarda radioloji müayinələrin aparılması göstəriş sayılmır.
• COVİD-19 orta və ağır qruplarında olan xəstələrdə onlarda aparılmış testlərin nəticələrindən asılı olmayaraq radioloji müayinələrin aparılması göstərişdir.
• Radioloji müayinələr COVİD-19 xəstələrində respirator statusun pisləşdiyi hallarda göstərişdir.
• Torakal KT müayinəsinin aparılmasına məhdudiyyətlər olduğu zaman və respirator statusun pisləşməsi KT müayinəsini tələb etmədikdə COVİD-19 xəstələrində rentgenoqrafiya müayinəsi aparıla bilər.
2. Əlavə tövsiyələr:
• Döş qəfəsi rentgenoqrafiya müayinəsinin
 vəziyyəti stabil olan intubasiya olunmuş xəstələrdə gündəlik aparılması göstəriş deyil.
• COVİD-19 xəstələri sağaldıqdan sonra funksional çatışmazlıq və ya hipoksiya hallarında KT müaynəsinin aparılması göstərişdir.
• KT müayinəsində COVİD-19 görüntüsünə səciyyəvi olan əlamətlərin təsadüfi aşkar edildiyi hallarda müvafiq testin aparılması göstərişdir.
Düşünürəm ki, özündə çoxsaylı nəticələrin analizini cəmləşdirən tövsiyərin bu gün COVİD-19 xəstələri ilə işləyən bütün mütəxəssislərin bilməsi vacibdir.
Sonda, mən bu gün Azərbaycan Tibb Universitetinin əməkdaşı, ölkəmizdə elmi nailiyyətləri, praktiki təcrübəsi olan, xalqımıza yüksək tibbi xidmət göstərən, bu gün də qürurla COVİD-19 xəstələrinə xidmət edən Tədris Cərrahiyyə Klinikasının həkimi kimi əziz xalqımdan ruh yüksəkliyi ilə birlik və əzmkarlıq göstərərək bu problemi ümummilli həmrəyliyimizlə həll etməyə çağırıram.

 

Məlahət Sultanova - Radioloq, ATU-nun Şüa diaqnostikası kafedrasının müdiri, dosent 

e-tibb.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1728
avatar

Oxşar yazılar