Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası daim yenilənir, yanğınsöndürmə, xilasetmə və digər təyinatlı ən müasir texnika və avadanlıqlar ölkəmizə gətirilərək uğurla tətbiq olunur.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, bu günlərdə FHN-nin sifarişi ilə Yaponiyanın “Nissan” şirkətinin istehsalı olan “Patrol Safari” markalı avtomobillərin bazasında yığılmış xüsusi xilasetmə avtomobilləri ölkəmizə gətirilib. Nazirliyin müvafiq xilasetmə qurumlarının ixtiyarına veriləcək 11 ədəd xüsusi xilasetmə avtomobilləri qəza-xilasetmə işlərində istifadə olnması üçün nəzərdə tutulub.
Yüksək temperatur və rütubət olan ərazilərdə istifadə üçün nəzərdə tutulan bu avtomobillər, həmçinin, texniki xidmət baxımından rahatlığı, təhlükəsizliyi, etibarlılığı və əlçatanlığı ilə fərqlənir. Avtomobillər keyfiyyətin idarə edilməsi üzrə ISO 9001:2015 standartlarına uyğundur. Avtomobillərdə ən mürəkkəb xilasetmə əməliyyatlarını həyata keçirməyə imkan verən müasir xilasetmə avadanlıqları ilə yanaşı, xüsusi nəfəs aparatı, kimyəvi istehsalda, təhlükəli tullantıların təmizlənməsində və pestisid tətbiqində təhlükəli materiallardan qorunmaq üçün tamamilə kapsullaşdırılmış xüsusi geyim, qatlana bilən xərək, ilk yardım çantası və digər zəruri avadanlıqlar da yerləşdirilib.