Dünyanın bu günü - VİDEO
26 avqust 2020 09:08 (UTC +04:00)

Dünyanın bu günü - VİDEO

MEHRİBAN ƏLİYEVA

(1964)

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. O, 26 avqust 1964-cü ildə Bakı şəhərində akademik Arif Paşayevin və görkəmli şərqşünas alim Aida İmanquliyevanın ailəsində anadan olub. 1982-ci ildə Bakıdakı 23 saylı orta məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Mehriban Əliyeva həmçinin Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. 2004-cü ildə Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü seçilib. 2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. 2005, 2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib. 2012-ci ildə Rusiya Federasiyasının İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb. 2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsinə seçilib, partiyanın Siyasi Şurasının üzvüdür. 29 iyun 2015-ci ildə Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olunub. Bir sıra ölkələrin müxtəlif orden, medal və fəxri mükafatlarına layiq görülüb.

Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Üç övladı və beş nəvəsi var.

ALLAHŞÜKÜR PAŞAZADƏ

(1949)

Qafqaz Müsəlmanları İdarəsinin sədri, tarix elmləri doktoru, professor Şeyxülislam Hacı Allahşükür Hümmət oğlu Paşazadə 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində anadan olub. Orta məktəbdə oxumaqla yanaşı, yerli ruhanilərdən dini təhsil alıb. 1968-1970-ci illərdə Özbəkistanın Buxara şəhərində “Mir-Ərəb” mədrəsəsində təhsilini başa vurduqdan sonra 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam İnstitutunun ilahiyyat fakültəsinə daxil olub və 1975-ci ildə tam ali dini təhsilə yiyələnib. 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olub. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib və Şeyxülislam dərəcəsinə yüksəlib. 1990-cı ilin Qanlı Yanvar günlərində sovet ordusunun Bakıya yeridilməsinə qarşı çıxıb, şəhidlərin dəfn mərasiminə rəhbərlik edib. 1992-ci ildə Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri, 2004-cü ildə MD Dinlərarası Şurasının həmsədri, 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib. Ümumdünya İslam Konqresi idarə heyətinin, Avrasiyanın İslam Şurası idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. Allahşükür Paşazadə "Şöhrət", "Şərəf", "İstiqlal" və "Heydər Əliyev" ordenləri ilə təltif olunub.

SEYİDAĞA ONULLAHİ

(1925-2004)

Görkəmli şərqşünas alim, tarix elmləri doktoru, professor Seyidağa Onullahi 1925-ci ilin bu günü Cənubi Azərbaycanın Astara şəhərində anadan olub. Orada fars dilində orta məktəbi bitirib. 1945-1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatında fəal iştirak edib. Astarada şəhər siyasi idarəsinin rəisi işləyib. Güney Azərbaycanda Pişəvəri hərəkatı qan içində boğulduqdan sonra Sovet Azərbaycanına gəlib, 1952-ci ildə Gəncə şəhərində Zərdabi adına Pedaqoji İnstitutun Tarix fakültəsini bitirib. 6 il Ağstafada dərs hissə müdiri və məktəb direktoru vəzifələrində çalışıb. 1958-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin aspiranturasına daxil olub. 1962-ci ildən Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun "Orta əsrlər tarixi şöbəsi"ndə kiçik, baş və aparıcı elmi işçi vəzifələrində işləyib. 2001-ci ildən ömrünün sonunadək Bakı Dövlət Universitetində "Azərbaycanın qədim və orta əsrlər tarixi" kafedrasının müdiri vəzifəsində çalışıb. Bir neçə monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifi olan Seyidağa Onullahi 2004-cü ildə Bakıda vəfat edib.

TƏLƏT XANLAROV

(1927-2004)

Azərbaycanın əməkdar memarı, akademik Tələt Ağasıbəy oğlu Xanlarov 26 avqust 1927-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutuna daxil olub. Müasir Azərbaycanın ən görkəmli layihəçi memarlarından olub. 60-dan artıq unikal layihənin müəllifidir. Heydər Əliyev adına İdman-Konsert Kompleksinin, Dövlət Statistika Komitəsinin, metronun “Memar Əcəmi” stansiyasının, Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasının, Bakı şəhəri və onun ətraf qəsəbələrində inşa edilməkdə olan “İmam Rza” məscidi, Qafqaz İslam Universitetinin kompleksi, Nərimanov rayonunda Cümə məscidi, prokurorluq işçilərinin yaşayış binası, bir neçə inzibati, yaşayış binalarının və fərdi bağ evlərinin layihələrini tərtib edib. 1992-ci ildən Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının vitse-prezidenti olub. Prezident təqaüdünə, “Şöhrət” və “Şərəf nişanı” ordenlərinə layiq görülüb. Tələt Xanlarov 2004-cü ildə vəfat edib.

ƏJDƏR BABAYEV

(1950-1995)

Azərbaycanın Milli Qəhrəmanı Əjdər Xalıqverdi oğlu Babayev 1950-ci il avqustun 26-da Qazax rayonunun Mollacəfərli kəndində anadan olub. 1958-1967-ci illərdə burada orta təhsil alıb. 1969-cu ildə hərbi xidmətə çağırılıb. Ordudan tərxis olunduqdan sonra paytaxtın Nərimanov Rayon Polis Şöbəsində işə qəbul edilib. Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülüb. Əjdər Babayev 1995-ci ilin 13-17 mart hadisələri zamanı dövlət çevrilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsi əməliyyatında həlak olub və Ağstafa rayonunda dəfn edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

ELDAR MƏCİDOV

(1965-1992)

Azərbaycanın Milli Qəhrəmanı Eldar Tofiq oğlu Məcidov 1965-ci ilin bu günü Bakıda dünyaya göz açıb. Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb. 1983-cü ildə sovet ordusu sıralarına çağırılıb. Hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa vurduqdan sonra Yaşıl Teatrda çalışıb, 1989-cu ildə teatra baş inzibatçı təyin edilib. 1992-ci ildə könüllü olaraq Azərbaycan Ordusuna yazılıb. 9 may 1992-ci ildə Bakıdan cəbhəyə yola düşüb və 776 saylı hərbi hissədə PDM komandiri təyin olunub. 1992-ci il mayın 15-də Şuşa rayonunun Zarıslı kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olub və Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Eldar Məcidova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

CƏMŞİD NAXÇIVANSKİ

(1895-1938)

Azərbaycanın tanınmış hərbi xadimi, briqada komandiri, Kəngərli sülaləsinin sonuncu generalı Cəmşid xan Cəfərqulu xan oğlu Naxçıvanskinin anım günüdür. O, 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini evdə xüsusi müəllimlərdən alıb. Sonralar İrəvanda pansionda oxuyub, daha sonra Tiflis kadet korpusunda oxumağa göndərilib. 30 avqust 1914-cü ildə Qərbi Ukraynanın Yelizavetqrad şəhərindəki qvardiya məktəbinə daxil olub. Birinci Dünya müharibəsi başlayarkən Rusiya ordusunda xidmət etmək üçün Yelizavetqradda hərbi and içib. Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştabs-rotmistr rütbəsində başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıdıb. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakının erməni daşnaklarından azad olunmasında iştirak edib. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, artilleriya generalı Səməd bəy Mehmandarovun 24 mart 1920-ci il tarixli əmri ilə Şuşada yerləşən II Qarabağ süvari alayının komandiri təyin edilib. Bolşevik işğalından sonra Azərbaycan SSR və Zaqafqaziya Mərkəzi İcraiyyə komitələrinin üzvü olub. 1921-ci ildən 1 iyun 1931-ci ilədək Azərbaycan dağatıcı diviziyasına komandirlik edib. 1927-ci ildə ikinci dəfə Moskva Hərbi Akademiyasına, 1928-ci ildə isə Sevastopol Hərbi Məktəbinə hava hücumundan müdafiə kurslarına göndərilib. 1931-ci ildə qısa müddət həbsdə olub. Azadlığa buraxıldıqdan sonra Moskvaya M.V.Frunze adına Hərbi Akademiyaya göndərilib. 1933-cü ildə kursu bitirib və akademiyada müəllim kimi fakültənin ikinci kursunun rəisi təyin edilib. General-mayor Cəmşid Naxçıvanski 20 may 1938-ci ildə yenidən həbs edilib və avqustun 26-da hərbi məhkəmənin qərarı ilə güllələnib. Moskva yaxınlığındakı “Kommunarka” adlanan meşə massivində kütləvi qəbiristanlıqda dəfn olunub.

ƏŞRƏF HÜSEYNOV

(1907-1980)

Azərbaycanın əməkdar elm xadimi, riyaziyyatçı alim, akademik Əşrəf İsgəndər oğlu Hüseynovun xatirə günüdür. O, 1907-ci il sentyabrın 20-də Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra 1931-1933-cü illərdə M.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olub. 1932-ci ildə məşhur sovet riyaziyyatçısı Andrey Tixonovun rəhbərliyi ilə “Potensial nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik, 1948-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Azərbaycanda riyaziyyat üzrə ilk elmlər doktorlarından biri olub. 1939-1965-ci illərdə Azərbaycan Dövlət Universitetində kafedra müdiri və dekan vəzifələrində işləyib. 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilib. 1965-ci ildə Azərbaycan EA Kibernetika İnstitutunun ilk direktoru təyin edilib və beş il bu vəzifədə çalışıb. 1960-1965-ci illərdə keçmiş SSRİ-nin Ali və Orta Təhsil Nazirliyi yanında riyaziyyat sahəsi üzrə Metodik Şuranın üzvü, 1971-1980-ci illərdə Azərbaycan EA Fizi­ka-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi olub. Əşrəf Hüseynov 1980-ci il avqustun 26-da dünyasını dəyişib.

ARİF BABAYEV

(1928-1983)

Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Arif Hacı oğlu Babayev də bu gün xatırlanır. O, 25 sentyabr 1928-ci ildə Bakıda anadan olub. 1947-1953-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra təyinatla Naxçıvan Dövlət Dram Teatrına göndərilib. Qısa müddət sonra Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor kimi işə düzəlib. 1956-cı il fevralın 14-də Azərbaycan Dövlət Televiziyanın ilk verilişləri ilə efirə çıxıb. 1959-cu ildə televiziyanın baş rejissoru təyin olunub və 1968-ci ilədək burada çalışıb. 1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasına dəvət alıb. Bir-birinin ardınca "İnsan məskən salır", "Uşaqlığın son gecəsi", "Gün keçdi", “Alma almaya bənzər", "Arxadan vurulan zərbə" və digər filmləri ərsəyə gətirib. Kinodakı xidmətlərinə görə Dövlət Mükafatına layiq görülüb. Arif Babayev 26 avqust 1983-cü ildə Bakıda vəfat edib. O, rejissor Vasif Babayevin qardaşıdır.

HƏSƏN MƏMMƏDOV

(1938-2003)

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Həsən Ağaməmməd oğlu Məmmədovun anım günüdür. O, 22 noyabr 1938-ci ildə Salyan rayonunda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Azərbaycan Dövlət Dram Teatrında və kinoda fəaliyyətə başlayıb. «Böyük dayaq», «Arşın mal alan», «Yeddi oğul istərəm», «Bir cənub şəhərində», «Axırıncı aşırım», «Dədə Qorqud», «İstintaq», «Sevil» və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. "İstintaq" bədii filmindəki Murad roluna görə SSRİ Dövlət Mükafatı laureatı olub. Lenin komsomolu mükafatı, Azərbaycanın Dövlət Mükafatı və "Şöhrət" ordeni ilə təltif edilib. Həsən Məmmədov 26 avqust 2003-cü ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1792
avatar

Oxşar yazılar