Dünyanın bu günü  - VİDEO
19 avqust 2020 09:04 (UTC +04:00)

Dünyanın bu günü  - VİDEO

QAMBAY VƏZİROV

(1899-1937)

Azərbaycanın görkəmli hərb xadimi, general-mayor Qambay Məmməd oğlu Vəzirov 19 avqust 1899-cu ildə İrəvan quberniyasının Gümrü şəhərində dünyaya gəlib. İrəvan gimnaziyasında 7 illik orta məktəbi bitirib. 1918-ci ildə səfərbərliyə alınıb və altı ay Türkiyədə hərbi təhsil alıb. 1919-cu ildə hərbi məktəbi başa vurduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda xidmət edib. 1920-1922-ci illərdə bolşevik qoşunlarının tərkibində Qazax və Qarabağ bölgələrində daşnaklara qarşı döyüşlərdə iştirak edib. 1922-ci ildə ali hərbi təhsil almaq üçün Moskvaya – Frunze Hərbi Akademiyaya göndərilib. Üç illik hərbi təhsildən sonra 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi-Siyasi Məktəbinin rəisi təyin olunub. 1930-cu ilin noyabrında Belarus Hərbi Diyarının 111-ci atıcı alayının komandiri və eyni zamanda Jizdra şəhərinin qarnizon rəhbəri, 1932-ci ildə 77-ci Azərbaycan atıcı diviziyasının komandiri və komissarı təyin edilib, bilik və təcrübəsini respublikada hərbi kadrların hazırlanmasına həsr edib. "Qırmızı Ulduz" ordeni ilə təltif olunan Qambay Vəzirov 1937-ci ilin iyununda saxta ittihamlar əsasında həbs edilərək güllələnib. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 28 iyul 1956-cı il tarixli qərarı ilə ona ölümündən sonra bəraət verilib.

MİRVARİD DİLBAZİ

(1912-2001)

Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Paşa qızı Dilbazi 1912-ci il avqustun 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun Dil, ədəbiyyat və ictimaiyyət fakültəsində təhsil alıb. Quba Partiya Məktəbində ədəbiyyat müəllimi, Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib. “Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və digər kitabların müəllifidir. Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva kimi bəstəkarlar şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəstələyib. Evripidin "İppolit" faciəsini və bir çox əsərləri Azərbaycan dilinə tərcümə edib. "Şərəf Nişanı", "Qırmızı Əmək Bayrağı", "İstiqlal" ordenləri, "Əmək igidliyinə görə" medalı ilə təltif edilib. Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də Bakı şəhərində vəfat edib. O, Azərbaycanın xalq artisti, rəqqasə Əminə Dilbazinin bacısıdır.

SÜBHİ SALAYEV

(1927-1990)

Azərbaycan EA-nın həqiqi üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Sübhi Haşım oğlu Salayev 1927-ci ilin bu günü Bakı şəhərində anadan olub. Azərbaycan Sənaye İnstitutunun Geoloji kəşfiyyat fakültəsini neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə bitirib. Azərbaycan EA-nın Geologiya İnstitutunda Neft və qaz geologiyası şöbəsinə və Neft geologiyası laboratoriyasına rəhbərlik edib. "Azərbaycanın neft yataqları və perspektivli sahələri xəritəsi"nin, Qafqazın neft-qazlılığına aid bir sıra xəritələrin, "SSRİ-nin cənubunun paleotektonik xəritəsi"nin, SSRİ-nin neft-qazlılıq xəritələrinin müəlliflərindən biri olub. 350-dən çox elmi əsərin, 15 monoqrafiyanın müəllifi olan akademik "Xalqlar Dostluğu", "Şərəf Nişanı" ordenləri, bir çox medallar və Respublika Ali Sovetinin Fəxri fərmanları ilə təltif edilib. Sübhi Salayev 9 iyun 1990-cı ildə Bakı şəhərində vəfat edib.

BİLL KLİNTON

(1946)

Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti Uilyam Cefferson Bill Klinton 19 avqust 1946-cı ildə Arkanzas ştatının Hop şəhərində dünyaya gəlib. 1968-ci ildə Corctaun Universitetindən məzun olduqdan sonra təhsilini Oksford Universitetində davam etdirib. 1973-cü ildə Yel Universitetinin hüquq diplomunu aldıqdan sonra siyasətə qatılıb. 1976-cı ildə vəkillik fəaliyyətinə başlayıb. Beş dəfə Arkanzas ştatının qubernatoru seçilib. qubernator olub. 1992-ci ildə prezident seçkilərində qalib gələrək, 20 yanvar 1993-cü ildən 2001-ci ilə qədər Birləşmiş Ştatların 42-ci prezidenti olub. Bill Klinton ABŞ-ın 67-ci dövlət katibi Hilları Klintonla evlidir.

İLQAR ƏBİLHƏSƏNOV

(1967-1990)

20 Yanvar şəhidi İlqar Yusif oğlu Əbilhəsənov 1967-ci il avqustun 19-da Bakıda anadan olub. 1984-cü ildə Nəsimi rayonu 42 saylı orta məktəbi bitirib. Sovet ordusunda hərbi xidməti başa vurduqdan sonra indiki Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinə daxil olub. Üç il oxuduqdan sonra axşam növbəsinə keçib, daxili işlər orqanlarında işə düzəlib, oxuya-oxuya işləyib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 24:00 radələrində "Naxçıvan" mehmanxanasının yanında özünəməxsus "QAZ-24" markalı maşından düşərkən sovet əsgərləri tərəfindən atəşə tutulub və yaralanaraq sonra xəstəxanaya aparılıb. Əməliyyat olunmasına baxmayaraq, İlqar Əbilhəsənov yanvarın 22-də dünyasını dəyişib və Şəhidlər Xiyabanında dəfn olunub.

HİDAYƏT RÜSTƏMOV

(1970-1991)

Azərbaycanın Milli Qəhrəmanı Hidayət Eldar oğlu Rüstəmov 1970-ci ilin bu günü Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra Ağdam 50 saylı texniki-peşə məktəbində təhsilini davam etdirib. 1988-1990-cı illərdə sovet ordusunda hərbi xidmətdə olub. 1991-ci ildə Ağdam rayonu Daxili İşlər Şöbəsinin post-patrul alayına daxil olub. Hidayət Rüstəmov 23 dekabr 1991-ci ildə Meşəli kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Ağdam Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

ELDAR XƏLİLOV

(1976-1995)

Azərbaycanın Milli Qəhrəmanı Eldar Xəlil oğlu Xəlilov 19 avqust 1976-cı ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində anadan olub. 1983-cü ildə kənd orta məktəbinə gedib. 1988-ci ildə ailəsi ilə birlikdə doğma yurdundan deportasiya olunub və Bakıya gəlib. Təhsilini 96 və 252 saylı məktəblərdə davam etdirib. 29 sentyabr 1994-cü ildə hərbi xidmətə çağırılıb. 1995-ci ilin 13-17 mart hadisələri zamanı dövlət çevrilişinə cəhd edən silahlı dəstəni zərərsizləşdirərkən həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Eldar Xəlilova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bakının Bakıxanov qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır.

RƏŞAD NİFTALIYEV

(1993-2016)

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Rəşad Şakir oğlu Niftalıyev 1993-cü il avqustun 19-da Zəngilan rayonunda dünyaya gəlib. Orta təhsilini Bakıdakı 64 saylı orta məktəbdə başa vurub. 2015-ci ildə Gəncə Texnologiya Universitetini bitirəndən sonra hərbi xidmətə yollanıb. 2016-cı ilin aprelində cəbhənin Tərtər rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olub və aprelin 9-da Bakının Xətai rayonunda son mənzilə yola salınıb. Əsgər Rəşad Niftalıyev ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

TOFİQ FİKRƏT

(1867-1915)

Osmanlı dövründə yaşamış böyük türk şairi, pedaqoq və jurnalist, türk ədəbiyyatında "Sərvəti-fünun" və ya "Ədəbiyyati-cədidə" adlanan cərəyanın banisi Tofiq Fikrətin anım günüdür. O, 1867-ci il dekabrın 24-də İstanbulda anadan olub. 1888-ci ildə Qalatasaray Liseyini bitirib, bir müddət Xarici İşlər Nazirliyində işləyib. "Sənət həyat üçündür" prinsipini həm əməldə, həm də nəzəriyyədə tətbiq edən ilk türk şairidir. Azərbaycan şairlərindən Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət və başqalarının yaradıcılığına təsir göstərib. Tofiq Fikrət 19 avqust 1915-ci ildə İstanbulda vəfat edib.

ƏBDÜLVAHAB SALAMZADƏ

(1916-1983)

Azərbaycanın görkəmli sənətşünas-alimi, memar, əməkdar inşaatçı, akademik Əbdülvahab Rəhim oğlu Salamzadənin xatirə günüdür. O, 1916-cı il fevralın 16-da Şamaxıda dünyaya göz açıb. Erkən yaşlarından bədii sənətkarlığa, tarixi-memarlıq abidələrimizə hədsiz maraq göstərib. Azərbaycan milli memarlıq tarixini öyrənən ilk alimlərdəndir. Naxçıvan və Şirvan memarlıq məktəblərinin öyrənilməsində müstəsna xidmətləri olub. Azərbaycan şəhərsalma tarixinin ilk tədqiqatçısı olub və Şuşa, Şəki kimi qədim şəhərlərimizin şəhərsalma mədəniyyətini tədqiq edib. Təbriz və Arran memarlıq məktəblərinin elmi cəhətdən müəyyənləşdirilməsi, onların kəşfi də bilavasitə onun xidmətidir. Müxtəlif illərdə yazdığı «Abidələr danışır», «Azərbaycan memarlıq abidələri», «Əcəmi Naxçıvani», «Arazboyu abidələr» və bir çox başqaları hələ uzun illər boyu elmə xidmət edəcək. Akademik Əbdülvahab Salamzadə 1983-cü il avqustun 19-da vəfat edib.

ADİL BABAYEV

(1925-1977)

Şair, tərcüməçi, dramaturq Adil Qafar oğlu Babayev də bu gün xatırlanır. O, 1925-ci il yanvarın 28-də Naxçıvan şəhərində doğulub. 1931-1938-ci illərdə orada orta məktəbdə təhsil alıb, sonra Tiflis şəhərində M.F.Axundov adına Azərbaycan orta məktəbində təhsilini davam etdirib. "Şərq qapısı" qəzeti redaksiyasında əvvəlcə korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri olub. 1943-cü ildə Tiflisdə A.S.Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olub. Ədəbi yaradıcılığa 1939-cu ildən başlayıb. 1945-1947-ci illərdə "Kommunist" qəzetində ədəbi işçi, tərcüməçi, 1947-1949-cu illərdə "İnqilab və mədəniyyət" jurnalında poeziya şöbəsinin müdiri olub. 1950-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib, sonra bir müddət Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləyib. Teatrşünaslığa və kino sənətinə dair bir neçə monoqrafiyanın müəllifidir. Adil Babayev 1977-ci il avqustun 19-da Bakıda vəfat edib.

RÖVŞƏN BEHCƏT

(1945-2011)

Xanəndə Rövşən Behcətin anım günüdür. O, 13 mart 1945-ci ildə Güney Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. 1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb. 1984-cü ildə SSRİ vətəndaşlığını qəbul edib. 1969-1993-cü illərdə Gəncədəki Fikrət Əmirov adına "Göy göl" mahnı və rəqs ansamblının solisti olub. 1993-cü ildə iflic keçirdikdən sonra sənət fəaliyyətini dayandırıb. Onun ifasında bir çox mahnılar, muğam və təsniflər Azərbaycan Televiziyasının "Qızıl Fondu"nda saxlanılır. Rövşən Behcət 2011-ci il avqustun 19-da dünyasını dəyişib.

İLHAM ƏLİYEV

(1961-1990)

Azərbaycanın Milli Qəhrəmanı İlham Müzəffər oğlu Əliyevin xatirə günüdür. O, 5 may 1961-ci ildə Gədəbəy rayonunda anadan olub. 1980-1982-ci ildə hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra Gədəbəy rayonunda Kommunal Təsərrüfatı İdarəsində, sonra isə İsmayıllı rayonunda mexanikləşdirilmiş dəstədə çalışıb. 1983-cü ildə İsmayıllı rayon Daxili İşlər Şöbəsinə qəbul olunub. Bir müddət sonra işini Gədəbəy rayon mühafizə milisinə dəyişib. 1985-ci ildə Bryansk Xüsusi Orta Milis Məktəbinə daxil olub. 1987-ci ildə Gədəbəy rayonunda sahə müvəkkili, Gəncə şəhərində sahə müfəttişi, sonra isə cinayət-axtarış bölməsində əməliyyatçı vəzifələrində çalışıb. İlham Əliyev 19 avqust 1990-cı ildə Qazax rayonunun Yuxarı Əskipara kəndində şəhid olub. Azərbaycan Prezidentinin 6 iyul 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

ŞAMOY ÇOBANOV

(1965-1990)

Azərbaycanın Milli Qəhrəmanı Şamoy Məhyəddin oğlu Çobanov da bu gün xatırlanır. O, 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olub. 1982-ci ildə 1 saylı Qazax şəhər orta məktəbini bitirdikdən sonra avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlayıb. 1989-cu ildə Qazax Rayon Polis Şöbəsində işə qəbul olunub. Ermənilərin Xeyrimli, Yuxarı Əskipara və Bağanis Ayrım kəndlərinə hücumu zamanı rəşadət nümayiş etdirib. 1990-cı il avqustun 19-da Yuxarı Əskipara kəndində "Qanlı dərə" deyilən yerdə baş verən döyüşdə qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Şamoy Çobanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

FAİQ CƏFƏROV

(1974-1999)

Azərbaycanın Milli Qəhrəmanı Faiq Əliqulu oğlu Cəfərovun anım günüdür. O, 1 may 1974-cü ildə Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulub. Bakı Maşınqayırma Texnikumunu bitirib. 1992-ci ildən Milli Ordu sıralarında hərbi xidmətə başlayıb. Naxçıvan Muxtar Respublikasına düşmən hücumlarının dəf edilməsində, 1995-ci ilin 13-17 mart hadisələri zamanı dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak edib və ağır yaralanaraq ordudan tərxis olunub. Azərbaycan Prezidentinin 27 dekabr 1995-ci il tarixli fərmanı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bir ildən sonra yenidən orduya qayıdıb və Sərhəd Qoşunlarında xidmət edib. Faiq Cəfərov 19 avqust 1999-cu ildə avtomobil qəzası nəticəsində vəfat edib və doğulduğu kənddə dəfn edilib. İki övladı yadigar qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1939
avatar

Oxşar yazılar