İLHAM ƏLİYEV İLK DƏFƏ PREZİDENT SEÇİLİB
(2003)
2003-cü il oktyabrın 15-də İlham Heydər oğlu Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin İlham Əliyev 88,73 faiz səsini qazanaraq, ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Prezidenti olub. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Prezidenti seçilib. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. Mehriban Əliyeva ilə evli olan İlham Əliyevin üç övladı, beş nəvəsi var.
FRİDRİX NİTSŞE
(1844-1900)
Alman filosofu və yazıçısı Fridrix Nitsşe 1844-cü il oktyabrın 15-də Almaniyanın keçmiş Prussiya, indiki Saksoniya əyalətinin Lützen şəhəri yaxınlığındakı Röcken kəndində anadan olub. Hamburqdakı Dom gimnaziyasında, Bonn və Leypsiq universitetlərində təhsil alıb. Onun fəlsəfi-bədii nəsr janrında yazdığı əsərlərində estetik immoralizm əks olunub. “Zərdüşt belə deyib”, “Hakimiyyət iradəsi” əsərlərində güclü şəxsiyyətin fərdiliyi “gələcəyin adamı” romantik idealı ilə uyğunlaşıb. XX əsr fəlsəfəsinə, ədəbiyyatına və ictimai fikrinə güclü təsir göstərən Fridrix Nitsşe 25 avqust 1900-cü ildə Veymar şəhərində vəfat edib.
MİXAİL LERMONTOV
(1814-1841)
Görkəmli rus şairi Mixail Yuryeviç Lermontov 15 oktyabr 1814-cü ildə Moskva şəhərində dünyaya gəlib. Moskva Universitetini və Nikolayev kavaleriya məktəbini bitirib. Puşkinin xatirəsinə yazdığı “Şairin ölümü” şeirindən sonra Qafqaza hərbi xidmətə göndərilib. Bu dövrdə Azərbaycanın Quba, Şamaxı, Qusar və digər şəhərlərində olub. Mirzə Fətəli Axundovun köməyi ilə Azərbaycan dilini və şifahi xalq ədəbiyyatını öyrənib. Cənub təbiəti, məişəti və poeziyası ilə tanışlıq onun yaradıcılığına yeni mövzular gətirib. “Aşıq Qərib”, “İsmayıl bəy”, “Fərari” və “Demon” əsərlərini yaradıb. Cəmi 27 il ömür sürən Mixail Lermontov 1841-ci il iyulun 27-də Pyatiqorskda baş tutan dueldə öldürülüb.
MİRZƏ İBRAHİMOV
(1911-1993)
Azərbaycanın xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimov 1911-ci ilin bu günü Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. Balaxanı fabrik-zavod məktəbində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda və SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Müxtəlif illərdə Azərbaycan SSR-in Xalq Maarifi naziri, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi, Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifələrində işləyib. Ömrünün sonunadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri olub. "Qorxulu səs", "Sənət aşiqləri", "Zəhra", "Yol ayrıcında", "Böyük dayaq", "Pərvanə", "Madrid", "Məhəbbət" və bir çox əsərlərin müəllifidir. 3 dəfə “Lenin”, “Oktyabr İnqilabı” ordeni və medallarla təltif olunan Mirzə İbrahimov 1993-cü il dekabrın 17-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
HAFİZ BAXIŞ
(1932-1989)
Tanınmış Azərbaycan şairi Hafiz Baxış 15 oktyabr 1932-ci ildə Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində dünyaya gəlib. 1952-1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatr və kino aktyorluğu fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra Sumqayıt şəhərində mədəniyyət sahəsində fəaliyyət göstərib. 1961-ci ildən ömrünün sonuna qədər Azərbaycan Televiziyasının Musiqi proqramları redaksiyasında rejissor vəzifəsində çalışıb. Şeirləri dövri mətbuatda müntəzəm çap edilib, onlardan bir çoxuna musiqi bəstələnib. “Azərbaycan oğluyam”, “Sona bülbüllər”, “Eşqimi sönməyə qoymaram” kitabları nəşr edilib. Hafiz Baxış 1989-cu il sentyabrın 7-də vəfat edib.
AĞASƏLİM ABDULLAYEV
(1950)
Azərbaycanın xalq artisti, tar ifaçısı Ağasəlim Sahib oğlu Abdullayev 1950-ci il oktyabrın 15-də Bakıda anadan olub. Bakı Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1970-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin solisti, Baba Salahovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblının konsertmeysteri olub. 1982-ci ildən Baba Salahov adına “Araz” Xalq Çalğı Alətləri Ansamblının rəhbəridir. Repertuarında “Bayatı-Şiraz”, “Rast”, “Xaric segah”, “Şahnaz” və digər muğamlar əsas yer tutur. 2000-ci ildən Azərbaycan Milli Konservatoriyasının dosentidir. Ağasəlim Abdullayev 10 may 2019-cu ildə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
RÖVŞƏN RZAYEV
(1969-1999)
Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdulla Rzayev 1969-cu ilin bu günü Bakının Sahil qəsəbəsində doğulub. 1986-cı ildə buradakı 253 saylı orta məktəbi bitirərək Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olub. 1992-ci ildə Milli Orduya yazılan Rövşən tez-tez cəbhəyə getməyə başlayıb. 8 yanvar 1999-cu ildə Qobustan təcridxanasında bir qrup məhbus qiyam qaldırıb və əsgərləri girov götürüb. Bu hadisəni eşidən Rövşən dərhal həbsxanaya yollanıb və məhbuslarla belə razılığa gəlib ki, əsgərlər azad edilir, əvəzində isə Rövşənin özü girov qalır. Bu təhlükəli şərti qəbul edən polis kapitanı Rövşən Rzayev xidməti vəzifəsini yerinə yetirərkən məhbuslar tərəfindən qətlə yetirilib. Azərbaycan Prezidentinin 12 yanvar 1999-cu il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
MAHİR İMAMQULİYEV
(1972-1992)
Şəhid Mahir Cəlil oğlu İmamquliyev 15 oktyabr 1972-ci ildə Ağdərənin Çaylı kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Tərtər batalyonunda döyüşüb. Əsgər Mahir İmamquliyev 1992-ci il noyabrın 17-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
ƏBDÜLMƏCİD AXUNDOV
(1993-2016)
Şəhid Əbdülməcid Nadirşah oğlu Axundov 1993-cü il oktyabrın 15-də Sumqayıt şəhərində anadan olub. 2010-cu ildə burada 16 saylı tam orta məktəbi bitirib və Azərbaycan Texniki Universitetinə daxil olub. Ali təhsilini tamamladıqdan sonra hərbi xidmətə yollanıb. Əsgər Əbdülməcid Axundov 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olub və doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra göstərdiyi III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
XUDU MƏMMƏDOV
(1927-1988)
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Surxay oğlu Məmmədovun anım günüdür. O, 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsində təhsil alıb. Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda Struktur-kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. Uzun müddət Azərbaycan Televiziyasında yayımlanan “Elm və həyat” verilişinin aparıcısı olub. Azərbaycanda kristalloqrafiya və kristallokimya məktəbinin yaradıcısıdır. 340-dan artıq elmi əsərin, 3 monoqrafiyanın müəllifidir. "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı" ordenləri, Azərbaycan SSR Ali Sovetinin "Fəxri Fərmanı" və bir sıra medallarla təltif olunan Xudu Məmmədov 1988-ci il oktyabrın 15-də Bakıda vəfat edib.
GÜLTƏKİN CABBARLI
(1929-1996)
Məşhur diktor, Azərbaycanın xalq artisti Gültəkin Əjdər qızı Cabbarlının xatirə günüdür. O, 1929-cu il martın 9-da Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1950-ci il fevralın 6-da Azərbaycan Dövlət Radiosunda diktor vəzifəsində işə qəbul olunub və ömrünün sonuna qədər bu vəzifədə çalışıb. Azərbaycan radiosunun "Qızıl fond"unda səs yazıları qorunub saxlanılır. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı Aydın Qaradağlı ilə evli olan Gültəkin Cabbarlı 1996-cı il oktyabrın 15-də dünyasını dəyişib. O, yazıçı-dramaturq Cəfər Cabbarlının qardaşı qızı, əməkdar mədəniyyət işçisi Aygül Qaradağlı və əməkdar jurnalist Vüqar Qaradağlının anasıdır.
NÜSRƏT KƏSƏMƏNLİ
(1946-2003)
Şair-publisist Nüsrət Yusif oğlu Kəsəmənli də bu gün xatırlanır. O, 1946-cı il dekabrın 29-da Qazax rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Müxtəlif illərdə müxbir, Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi, “Azərbaycanfilm” kinostudiyasında baş redaktor vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri, poeziya şurasının rəhbəri, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü olub. 1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlayıb. 150-dək şeirinə musiqi bəstələnib. “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizasiya”, “Ənbizlərin keşiyində”, “Sovet Azərbaycanına səyahət” və başqa sənədli filmlərin, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmlərin ssenari müəllifi olub. Azərbaycan Televiziyasında “Dünyaya pəncərə” sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub. Nüsrət Kəsəmənli 17 oktyabr 2003-cü ildə Təbrizdə vəfat edib və Bakıda dəfn olunub.