Dünyada bu gün - VİDEO
09 oktyabr 2020 09:04 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

ÜMUMDÜNYA POÇT GÜNÜ

(1969)

 

Oktyabr ayının 9-u bütün dünyada poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya Poçt Günüdür. Bu gün Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranma tarixi ilə bağlıdır. Ümumdünya Poçt İttifaqı poçt əlaqələrini təmin etmək və təkmilləşdirmək məqsədilə 1874-cü il oktyabrın 9-da İsveçrənin paytaxtında 22 ölkənin nümayəndələrinin imzaladığı Bern müqaviləsi ilə beynəlxalq təşkilat kimi təsis olunub. 9 oktyabrın Ümumdünya Poçt Günü kimi qeyd olunması ilə bağlı qərar isə 1969-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının konqresində qəbul olunub. 192 ölkəni özündə birləşdirən Ümumdünya Poçt İttifaqının baş qərargahı Berndə yerləşir. 1918-ci il oktyabrın 6-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tərkibində Poçt və Teleqraf Nazirliyi yaradılıb.

 

 

ABBAS AĞA NAZİR

(1949-1919)

 

Şair, tərcüməçi və maarif xadimi Abbas ağa Mirzə Nəbi Əfəndi oğlu Qayıbzadə (Abbas ağa Nazir) 1849-cu il oktyabrın 9-da Qazax qəzasının Salahlı kəndində doğulub. 14 yaşına kimi kənd məktəbində, daha sonra Tiflisdəki Qafqaz Ruhani İdarəsinin nəzdində açılmış üç illik məktəbdə təhsil alıb. Salahlı kəndində müəllimlik edib, Tiflisdə Zaqafqaziya Ruhani İdarəsində baş katib köməkçisi və baş katib vəzifələrində çalışıb. Bir çox əsərləri tərcümə edib. "Vətən", "Qarayazı meşəsinin vəsfi və ovçuların zülmü", "Nəsihət", "Məktəb", "Könül, aldanma çərxə, bivəfadır", "Bax" və başqa yüzlərlə lirik, satirik şeirlərin, mənzumə, qəzəl və rübailərin müəllifidir. Abbas ağa Nazir 1919-cu il dekabrın 30-da Qazaxda vəfat edib və doğma kəndi Salahlıdakı Sudağılan qəbiristanlığında dəfn olunub.

 

 

HƏBİBULLA HÜSEYNOV

(1910-1945)

 

Sovet İttifaqı Qəhrəmanı, qvardiya polkovnik Həbibulla Eynulla oğlu Hüseynov 9 oktyabr 1910-cu ildə Ərdəbildə anadan olub. Orta təhsilini başa vurduqdan sonra Tiflis hərbi məktəbində oxuyub. Məşhur Azərbaycan sərkərdəsi Əlağa Şıxlinskinin yetirməsi olub. İkinci Dünya müharibəsinin ilk günlərindən qərb cəbhəsində döyüşüb. Kuban və Ukraynanın, Polşa, Çexoslovakiya, Macarıstan və Rumıniyanın faşistlərdən azad edilməsində xüsusi rəşadət göstərib. Topçu diviziyasının komandiri Həbibulla Hüseynov müharibənin qurtarmasına 33 gün qalmış – 1945-ci il aprelin 16-da qəhrəmancasına həlak olub. Onun cənazəsi Keniqsberqdən Litvaya gətirilərək, Kapsukas şəhərindəki hərbi qəbiristanlıqda dəfn edilib. Bakının 8-ci mikrorayonunda Həbibulla Hüseynovun barelyefi vurulub. Baltik dənizində üzən gəmilərdən biri onun adını daşıyır.

 

 

MƏMMƏD MƏHƏRRƏMOV

(1919-1977)

 

Sovet İttifaqı Qəhrəmanı Məmməd Əli oğlu Məhərrəmov 1919-cu ilin bu günü Goranboy rayonunun Qarasuçu kəndində “Dəli Alı” kimi tanınan xalq qəhrəmanının ailəsində doğulub. 1939-cu ildə hərbi xidmətə çağırılıb. Cəbhədə döyüşlərə 1941-ci ildə 52-ci ordunun 254-cü atıcı diviziyasında bölmə komandiri vəzifəsində başlayıb. Onun dəstəsi 1943-cü ilin 2 oktyabr gecəsi Kreşşatnik adlı yerdə Dnepr çayını keçərək 15 gün müddətində düşmənin arxasında silah anbarını partladıb, zəbt etdiyi kənddə faşistlərin bir tankını və onlarla əsgərini məhv edərək, arxadan gələn hərbi hissələrin hücumunun genişlənməsini təmin edib. 1944-cü il fevralın 22-də Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. 1945-ci ildə hərbi xidmətdən tərxis edilən leytenant Məmməd Məhərrəmov 1977-ci il mayın 5-də vəfat edib.

 

 

KƏNAN MƏMMƏDOV

(1946)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, kinooperator Kənan Əzizağa oğlu Məmmədov 1946-cı il oktyabrın 9-da Bakıda doğulub. Azərbaycan Politexnik İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator, ANS TV-də baş operator işləyib. 1996-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilib. Kənan Məmmədov Azərbaycanın Dövlət Mükafatı laureatıdır.

 

 

YUNİS ƏLİYEV

(1958-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Yunis Əsgər oğlu Əliyev 9 oktyabr 1958-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub. Dəliməmmədli şəhərindəki 102 nömrəli texniki-peşə məktəbində təhsil alıb. 1976-cı ildə sovet ordusunda hərbi xidmətə çağırılıb. 1992-ci ildə könüllü olaraq Vətənin müdafiəsinə qoşulub və Goranboy rayonunda yaradılmış ikinci batalyonun tərkibinə yazılıb. 4 may 1992-ci ildə Tap Qaraqoyunlu kəndini mühafizə edən bölük Talış kəndində yerləşən ermənilərin mövqelərini susdurmaq üçün “Yaltaxıl” adlı əməliyyat planı hazırlayıb. Əməliyyat uğurla başa çatdırılıb. Ertəsi gün mayın 5-də ermənilərin qəfil hücumu nəticəsində döyüşçülərimiz əvvəlki mövqelərinə çəkilməli olub. Həmin döyüşdə Yunis Əliyev erməni gülləsinə tuş gələrək həlak olub. Onun və bir neçə döyüşçü dostunun cəsədi 43 gündən sonra Talış kəndi azad edildiyi zaman tapılıb. Qızılhacılı kəndində dəfn olunub. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Qızılhacılı kənd 3 nömrəli uşaq bağçası onun adını daşıyır, Goranboy rayonunda büstü qoyulub.

 

 

MƏZAHİR İSMAYILOV

(1961-1994)

 

Şəhid Məzahir Sədi oğlu İsmayılov 1961-ci ilin bu günü Laçın rayonunun Yuxarı Cicimli kəndində doğulub. Cicimli kənd orta məktəbində, Sumqayıt şəhərində Texniki Peşə Məktəbində təhsil alıb. 1980-1982-ci illərdə SSRİ Daxili Qoşunlarında xidmət edib. 1990-cı ildə Laçın rayon Daxili İşlər Şöbəsinin nəzdində yaradılan könüllü bölükdə polis serjantı kimi xidmətə başlayıb. Kəlbəcər, Qubadlı, Cəbrayıl, Füzuli və Laçın rayonları uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Məzahir İsmayılov 1994-cü il aprelin 21-də Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə həlak olub və Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

 

 

SADIQ BƏY AĞABƏYZADƏ

(1865-1944)

 

General-mayor, şərqşünas alim Sadıq bəy Ağabəyzadənin anım günüdür. O, 1865-ci il martın 15-də Göyçay şəhərində dünyaya göz açıb. Bakı realnı məktəbində və Sankt-Peterburqdakı Şərq Dilləri İnstitutunda təhsil alıb. 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilib. Birinci Dünya müharibəsinin Qafqaz və Ukrayna cəbhələrindəki döyüşlərdə könüllü olaraq iştirak edib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində Daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilib. Cümhuriyyət süquta uğradıqdan sonra ailəsi ilə birlikdə Türkiyəyə mühacirət edib, daha sonra Parisə köçüb və Sarbonna şəhərində, Lvov Universitetinin fəlsəfə fakültəsində, Lvov Ali Ticarət Məktəbində türk, fars və ərəb dillərini tədris edib. Sadıq bəy Ağabəyzadə 9 oktyabr 1944-cü ildə Lvovda vəfat edib və Liçakovski qəbiristanlığında dəfn edilib.

 

 

ERNESTO ÇE GEVARA

(1928-1967)

 

Argentinalı marksist-inqilabçı və siyasətçi, Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən olmuş Ernesto Çe Gevara da bu gün xatırlanır. O, 14 iyun 1928-ci ildə Argentinanın Rosario şəhərində anadan olub. Buenos-Ayres Universitetində təhsil alıb. Kuba diktatoru Fulxensio Batistaya qarşı silahlı mübarizə aparan inqilabçıların komandirlərindən biri olub. 1959-cu ildə inqilabçıların qələbəsindən sonra Kuba hökumətində bir sıra postlar tutub. 1959-1961-ci illərdə Kuba Milli Bankının prezidenti, sonra isə sənaye naziri olub. Daha sonra əvvəlcə Afrikada, sonra isə Latın Amerikasında partizan hərəkatı təşkil etmək məqsədilə ölkəni tərk edib. Ernesto Çe Gevara 1967-ci il oktyabrın 8-də Boliviyada hökumət qüvvələri ilə döyüşdə yaralanaraq əsir götürülüb, oktyabrın 9-da isə güllələnib. Onun dəfn olunduğu yer uzun müddət gizli qalıb, 1997-ci ildə isə nəşinin qalıqları Kubanın Santa-Klara şəhərinə aparılıb. Burada xüsusi mavzoley tikilib və Çe Gevaraya hündürlüyü 6 metr olan abidə qoyulub. Adı tarixdə “100 ən çox öyrənilmiş şəxsiyyət” siyahısına daxil edilib.

 

 

İSMAYIL QARAYEV

(1927-1989)

 

Azərbaycan yazıçısı, şair və publisist İsmayıl Abuzər oğlu Qarayevin xatirə günüdür. O, 1927-ci il dekabrın 5-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. Gəncə Tibb Texnikumunda və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Müxtəlif illərdə feldşer, müdir, epidemioloq köməkçisi, müəllim, "Azərbaycan gəncləri" qəzetində ədəbi işçi, "Gənclik" nəşriyyatında redaktor, böyük redaktor və baş redaktor vəzifələrində işləyib. Uzun müddət Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ssenari müəllifi və aparıcı olub. Yazıçının arxivində 15-ə qədər roman, 40-a qədər povest, 150-yə qədər hekayə, mənzum dastan, əfsanə, rəvayət, oçerk saxlanılır. Bir çox əsərləri tərcümə edib. İsmayıl Qarayev 1989-cu il oktyabrın 9-da vəfat edib. O, şairə-bəstəkar Xanım İsmayılqızının, yazıçı-publisist Vəsimə İsmayılqızının və naşir Qoşqar İsmayıloğlunun atasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523
avatar

Oxşar yazılar