Dünyada bu gün - VİDEO
21 iyul 2020 09:01 (UTC +04:00)

Dünyada bu gün - VİDEO


ERNEST HEMİNQUEY

(1899-1960)


1. Amerikalı yazıçı və jurnalist Ernest Miller Heminquey 1899-cu il iyulun 21-də Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində həkim ailəsində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra "Star" qəzetində çalışıb. Könüllü dəstənin tərkibində Birinci Dünya müharibəsi cəbhələrinə gedib, İtaliyanın iki hərbi medalı ilə təltif olunub. Hərbi jurnalist kimi cəbhənin ən qaynar nöqtələrində olub. 1952-ci ildə nəşr olunan “Qoca və dəniz” povestinə görə ədəbiyyat üzrə Nobel mükafatı alıb. Ernest Heminquey 1960-cı il iyulun 2-də depressiya və ciddi əqli pozuntu diaqnozu ilə klinikaya yerləşdirilib və ov tüfəngindən atəş açaraq intihar edib.

ELXAN ŞIXƏLİYEV

(1951)

2. Azərbaycanın əməkdar artisti, musiqiçi Elxan İsmayıl oğlu Şıxəliyev 21 iyul 1951-ci ildə Bakıda anadan olub. Asəf Zeynallı adına musiqi kollecində və Azərbaycan Milli Konservatoriyasında təhsil alıb. 1973-cü ildə 10 nəfərdən ibarət "Aşıqlar qrupu" dövlət vokal instrumental ansamblını yaradıb. Qrup elə həmin il Bakıda keçirilən festivalda respublikadan 100-ə yaxın qrup arasında birinci yerə layiq görülüb. 1979-1980-ci illərdə SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərliyi altında Mahnı Teatrında çalışıb. "Aşıqlar" qrupu 1989-cu ildə dağılıb, 1997-ci ildə isə yenidən bərpa olunub.

ASLAN BƏY QARDAŞOV

(1866-?)

3. Görkəmli ictimai-siyasi və dövlət xadimi Aslan bəy Əliağa oğlu Qardaşovun anım günüdür. O, 1866-cı ildə Zaqatala dairəsinin Çökək kəndində anadan olub. Zaqatala qəza məktəbində, Qori Müəllimlər Seminariyasında və İstanbul Universitetində təhsil alıb. Hüquq və maarif sahəsində çalışıb. Dağıstandan II Dumaya üzv seçilib, 1917-ci ildən Müsavat partiyasının üzvü olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament üzvü olub, Nəsib bəy Yusifbəylinin 1919-cu ilin martın 14-də təşkil etdiyi 4-cü hökumət kabinetində Əkinçilik və Dövlət Əmlakı naziri vəzifəsini icra edib. Aprel işğalından sonra Zaqatalada bolşeviklərə qarşı üsyana rəhbərlik edib. Aslan bəyin 21 iyul 1920-ci ildə güllələndiyi söylənilsə də, Məhəmməd Əmin Rəsulzadənin 1937-ci il iyulun 22-də Varşavada Polşa Məxfi İdarəsi üçün hazırladığı Azərbaycanın mühacirətdəki tanınmış xadimləri siyahısında onun adı 14-cü sırada yazılıb. Zaqatalada yaşayan qohumlarının məlumatına görə, Aslan bəy Qardaşov üsyan yatırıldıqdan sonra Gürcüstana, oradan da Türkiyəyə mühacirətə gedib. Sonrakı taleyi barədə dəqiq məlumat yoxdur.

İSMAYIL ELOĞLU

(1912-1957)

4. Müğənni İsmayıl Məşədi Bəşir oğlu Hüseynovun xatirə günüdür. O, 27 sentyabr 1912-ci ildə Şuşa şəhərində anadan olub. Birinci dərəcəli Şuşa məktəbini bitirib. Bülbül onun səsini dinlədikdən sonra Bakıya aparıb. Orada Bülbülün təklifi ilə Eloğlu təxəllüsünü qəbul edərək, ifaçılığa başlayıb və bir çox ölkələrə qastrol səfərlərinə çıxıb. 1926-cı ildən Opera və Balet Teatrında çalışıb, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu" tamaşalarında yaddaqalan obrazlar yaradıb. İsmayıl Eloğlu 1957-ci ilin iyulunda Bakı şəhərində vəfat edib.

AQŞİN VƏLİXANOV

(1936-1998)

5. Azərbaycanın əməkdar artisti, aktyor Aqşin Məmmədəli oğlu Vəlixanov da bu gün xatırlanır. O, 1936-cı il mayın 28-də Bakı şəhərində doğulub. 1956-1960-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində oxuyub. 1957-1958-ci illərdə Azərbaycan Dövlət Radiosunda, 1960-1998-ci illərdə isə Akademik Milli Dram Teatrında işləyib. “Göz həkimi”, “Sarıköynəklə Valehin nağılı” və başqa film, tamaşalarda yaddaqalan obrazlar yaradıb. Aqşin Vəlixanov 1998-ci ilin iyulunda Bakıda vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2932
avatar

Oxşar yazılar