Dünyada bu gün
23 iyul 2020 09:03 (UTC +04:00)

Dünyada bu gün

AĞDAMIN İŞĞALI

(1993)

 

1. 1993-cü il iyulun 23-də Azərbaycanın Ağdam rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyəti ölkənin müxtəlif bölgələrinə səpələniblər. Hazırda Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir. İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub. Təxmini rəqəmlərə görə, Ağdam rayonunun işğalı nəticəsində ölkəmizə 252 milyon ABŞ dolları dəyərində maddi ziyan dəyib.

 

ABDULLA SUR

(1883-1912)

 

2. Ədəbiyyatşünas, publisist, tənqidçi, pedaqoq Abdulla Surun doğum günüdür. Abdulla Ağa Məhəmməd oğlu Məhəmmədzadə 1883-cü il iyulun 23-də Gəncədə doğulub. Xeyriyyə Mədrəsəsində və İstanbul Universitetinin ədəbiyyat-tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1898-ci ildə oxuduğu məktəbə müəllim kimi başlayıb, daha sonra “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Füyuzat”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb” və başqa qəzet və jurnallara Abdulla Sur, Abdulla Tofiq, Məhəmmədzadə, Qafqasiyalı, Abdulla Məhəmmədzadə, Bir Adam imzaları ilə məqalələr yazıb. İbrahim Şinasinin "Şairin evlənməsi" əsərini Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirib, “Türk ədəbiyyatına bir baxış” kitabını yazıb. Abdulla Məhəmmədzadə 1912-ci il mayın 16-da Gəncədə vəfat edib.

 

 

MARAL RƏHMANZADƏ

(1916-2008)

 

3. Professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəssam, Dövlət Mükafatı laureatı Maral Yusif qızı Rəhmanzadə 23 iyul 1916-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra 1934-1940-cı illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirib. Kitab qrafikası sahəsində də fəaliyyət göstərən rəssamın Nizami Gəncəvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzulinin kitablarına verdiyi bədii tərtibatlar və çəkdiyi çoxsaylı illüstrasiyalar, həmçinin portretlər yüksək sənətkarlıq nümunəsi sayılır. Milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox mükafatlara, o cümlədən “Şöhrət” ordeninə layiq görülən Maral Rəhmanzadə 16 mart 2008-ci ildə vəfat edib.

 

 

FLORA KƏRİMOVA

(1941)

 

4. Azərbaycanın xalq artisti, estrada, muğam və opera müğənnisi, aktrisa, ictimai xadim Flora Ələkbər qızı Kərimova 1941-ci il iyulun bu günü Bakıda anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda, Azərbaycan Dövlət Tibb İnstitutunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun “Çinar” ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. O, klassik Avropa operası, milli opera janrı, xalq mahnıları, bəstəkar mahnılarının klassik art-estrada janrlarının mahir ifaçısıdır. Bəstəkar Elza İbrahimova xüsusi olaraq onun səsi üçün "Afət" operasını bəstələyib. Aktrisa kimi də özünü sınayan müğənni “Qanun naminə”, “Qayınana”, “Toyda görüş”, “Payız konserti” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. Flora Kərimova Azərbaycan milli azadlıq hərəkatının fəallarından olan bir çox mükafatlara və fəxri adlara layiq görülüb.

 

 

XUDADAT BƏY MƏLİK-ASLANOV

(1879-1959)

 

5. Azərbaycanın görkəmli dövlət və ictimai xadimi Xudadat bəy Ağa bəy oğlu Məlikaslanovun anım günüdür. O, 1879-cu ildə Şuşa qəzasında dünyaya gəlib. Şuşa realnı məktəbində və Peterburq Yol Mühəndisliyi İnstitutunda təhsil alıb. Zaqafqaziya Dəmiryolu İdarəsinin işçisi kimi mühəndis, stansiya rəisinin köməkçisi, yol xidməti rəisinin köməkçisi və rəisi, Tiflisdə Xüsusi Zaqafqaziya Komitəsinin Zaqafqaziya Dəmir Yolu üzrə müvəkkili işləyib. 1918-ci il aprelin 26-da yaranmış Zaqafqaziya Federativ Respublikasında dəmir yol nəqliyyatı komissarı və naziri təyin edilib. Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci və 2-ci hökumət kabinetlərində yollar, poçt və teleqraf naziri, 3-cü və 4-cü və 5-ci kabinələrdə ancaq yollar naziri vəzifələrində çalışıb, 1919-cu il fevralın 18-dək həm də müvəqqəti olaraq ticarət, sənaye və ərzaq nazirinin səlahiyyətlərini də yerinə yetirib. Onun rəhbərliyi altında 1919-cu ildə Bakıda dərslərin ana dilində keçirildiyi ilk dəmiryolu nəqliyyatı məktəbi açılıb. Bolşevik işğalından sonra Azərbaycan SSR-də öz ixtisası üzrə rəhbər vəzifələrində işləyib. Dəfələrlə həbs olunan Xudadat bəy Məlik-Aslanov 1935-ci ilin iyulunda Sibirdə həbs düşərgələrinin birində vəfat edib. Ona yalnız 1959-cu ildə bəraət verilib.

 

 

İSMAYIL TALIBLI

(1898-1967)

 

6. Azərbaycanın xalq artisti, aktyor İsmayıl Məmmədəli oğlu Talıblının xatirə günüdür. O, 21 mart 1898-ci ildə Bakıda doğulub. 1918-ci ildən səhnə fəaliyyətinə başlayıb. 1919-cu ildə yenicə yaranmış Hökumət Teatrosuna (hazırkı Akademik Milli Dram Teatrı) qəbul edilib. Milli Dram Teatrında və Azad Tənqid Təbliğ Teatrında çalışdıqdan sonra ömrünün sonuna qədər Gəncə Dram Teatrında çalışıb, bir müddət bu teatrın direktoru olub. Bir sıra tamaşalarda yaddaqalan obrazlar yaradan aktyorun kinoda ən mükəmməl işi "Onu bağışlamaq olarmı?" filmindəki Mirzə Veysəl roludur. İsmayıl Talıblı 1967-ci ilin iyulunda Gəncədə vəfat edib və orada torpağa tapşırılıb.

 

 

SABİR MİRZƏYEV

(1943-2011)

 

7. Azərbaycanın əməkdar artist, xanəndə Sabir Nüsrət oğlu Mirzəyev də bu gün xatırlanır. O, 1943-cü ildə Cəlilabad rayonunda anadan olub. Əmək fəaliyyətinə 1960-cı ildə başlayıb və 40 il ərzində Dövlət Filarmoniyasında, "Azərkonsert" Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində öz sənəti ilə xalqa xidmət edib. Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşiqəm" xalq mahnıları, "Çahargah" və "Rast" muğamları qızıl fondunda saxlanılır. Sabir Mirzəyev 2011-ci ilin iyulunda Təbrizdə müalicə olunduğu xəstəxanada vəfat edib və Bakıda dəfn olunub.

 

 

YETİM EYVAZ

(1952-2017)

 

8. Yetim Eyvaz adı ilə tanınan el şairi Eyvaz Qurbanovun anım günüdür. O, 26 fevral 1952-ci ildə Siyəzən rayonunda dünyaya gəlib. Burada Cəfər Cabbarlı adına 1 nömrəli şəhər məktəbində oxuyub. Deyilənə görə, 1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996-2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb - odun doğrayıb satıb, sürücülük edib. Şeir yazmağa 15 yaşında başlayıb, 2006-cı ildə isə “Youtube”da “Yaz yağışı” şeiri ilə populyarlıq qazanıb. Onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanıb. Yetim Eyvaz 2017-ci ilin iyulunda vəfat edib.

 

 

RÖVŞƏN AĞAMALIYEV

(1975-1993)

 

9. Şəhid Rövşən Baloğlan oğlu Ağamalıyevin xatirə günüdür. O, 1975-ci il sentyabrın 7-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. Burada 1 nömrəli qəsəbə orta məktəbində və Neftçala texniki-peşə məktəbində təhsil alıb. 17 yaşında könüllü olaraq ordu sıralarına qoşulub və Ağdamın Mərzili , İsmayılbəyli, Bağmanlar kəndləri uğrunda gedən döyüşlərdə xüsusi igidliklər göstərib. Rövşən Ağamalıyev 1993-cü il 23 iyulda Ağdam rayonundakı Atçılıq sovxozunun azad olunması uğrunda gedən döyüşlərdə düşmən texnikasının irəliləməsinə imkan verməyib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1729
avatar

Oxşar yazılar