"4 istiqamət üzrə insanlara sosial dəstək veriləcək. Həyati vacib obyektlərin işini davam etdirməkdə olan iş yerləri üçün işçi təminatı təmin edilib. Bu gün dövlət sektorunda 910 min nəfər əmək müqaviləsi ilə işləyir".
APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, dövlət sektorunda muzdlu işçilərin sayı 910 min nəfərdir: " Qeyri-dövlət sektorunda əmək müqaviləsi ilə işləyənlər 660 min nəfər təşkil edir. Sevindirici haldır ki, son 10 gündə əmək müqavilələrinin sayında ciddi artımlar var. Əmək müqaviləsi sistemi üzərindən ləğv edilən hər əmək müqaviləsinə görə şirkətlə, sahibkarla müzakirələr aparılır".
S. Babayev qeyd edib ki, 3-cü istiqamət işsizlər və əmək müqaviləsi olmayan, iş yerlərini itirmiş şəxslərdir: "Ötən il yaradılan məşğulluq xidməti vasitəsilə 100 mindən artıq işsiz şəxsin uçotu təmin edilmişdi. Yerdə qalanların isə uçotu yoxdur. Onlar da sosial cəhətdən ən çox zərbə alanlardır. Bu gün onların sosial təminatı yoxdur. Bu şəxslərin sosial tədbirlərlə əhatə edilməsi tapşırılıb".