Dünən Ermənistan kütləvi informasiya vasitələrində Ermənistanın Müdafiə Nazirliyinə istinad edilməklə yayılan məlumatda guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozaraq Ermənistanın Noyemberyan rayonunun Koti və Voskevan kəndlərini atəşə tutması nəticəsində 14 yaşlı mülki şəxsin yaralanması, eyni zamanda guya Ermənistanın döyüş mövqelərinə qarşı diversiyanın keçirilməsi nəticəsində bir neçə hərbi qulluqçunun yaralanması qeyd olunub.
Lent.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi bununla əlaqədar məlumat yayıb. Məlumatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələrindən fərqli olaraq sərhəd döyüş məntəqələrimiz tərəfindən müqabil ərazidə yerləşən yaşayış məntəqələri istiqamətində atəş açılmır, düşmənin atəşkəs rejiminin pozulduğu döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulur. Həmçinin düşmən döyüş mövqelərinə qarşı sərhəd-döyüş məntəqələrimiz tərəfindən diversiyanın keçirilməsi barədə məlumat da həqiqətə uyğun deyildir. Ermənistan tərəfinin atəşkəs rejimini pozmaqla törətdiyi təxribatının nəticəsi olaraq qarşılaşdığı döyüş itkilərini bu cür ictimailəşdirməsini Ermənistan cəmiyyətində özünə haqq qazandırmağa yönəlmiş uğursuz cəhd kimi dəyərləndiririk.