Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı və Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Azərbaycan Televiziyasının (AzTV) "Xəbərlər" proqramına birbaşa bağlantıda Çində və Avropa ölkələrində koronavirus pandemiyası, karantin rejimi və onun yumşaldılması ilə bağlı son vəziyyəti şərh ediblər.
Lent.az xəbər verir ki, Ə.Zeynallı Çindəki son vəziyyət barədə məlumat verərək bildirib ki, Çində hazırda müsbət dinamika müşahidə olunur: "Son həftə ərzində ölüm faktı qeydə alınmayıb. Dünən gün ərzində cəmi 6 yeni yoluxma faktı qeydə alınmışdı. Hökumət xəstəliyi nəzarət altına ala bilib və Çin tədricən epidemiyadan əvvəlki həyatına qayıdır".
Səfir Çində ikinci dalğanın yayılması ilə bağlı mətbuatda gedən məlumatlara da münasibət bildirib. Ə.Zeynallı qeyd edib ki, belə bir risk müşahidə olunmur: "Çünki karantin rejimi davam edir. Pandemiyanın ikinci dalğasının əlamətləri yoxdur".
Səfir bildirib ki, Çində yaşayan azərbaycanlılarla gündəlik əsasda əlaqə yaradılıb və bu ölkədə yaşayan soydaşlarımız arasında infeksiyaya yoluxan olmayıb.
Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov isə bildirib ki, Çindən fərqli olaraq, təəssüflər ki, Belçikada vəziyyət gərgin olaraq qalır: "Əhalinin say nisbətinə görə, ölənlərin sayında Belçika dünyada birinci yerdədir. Ölüm hallarının 46 faizi xəstəxanalarda, 53 faizi isə qocalar evində baş verib".
F.İsgəndərov bildirib ki, Belçikada karantindən 3 mərhələli çıxış planı üzərində iş aparılır: "Birinci mərhələ 4 maydan başlayaraq ola bilər. İkinci mərhələ 18 may, üçüncü mərhələ isə 8 iyun tarixdən başlayaraq. Hər bir halda, hər gün 25 min testin keçirilməsi nəzərdə tutulur".