Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev koronavirusun növbəti dalğasının yaranacağı təqdirdə Azərbaycanda həyata keçirilməsi zəruri olan halları açıqlayıb.
Bu barədə Lent.az-a danışan N.Abdullayev növbəti dalğa zamanı yeni strategiyanın həyata keçirilməsi və vəziyyətdən çıxış yolunun öyrənilməsi ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, yeni strategiyaya uyğun olaraq atıla biləcək ilk addımlardan biri kütləvi şəkildə seroloji müayinələrin tətbiqinə başlanılması ilə yanaşı, virusa yoluxanların müasir elmi əsaslarla izolyasiyaya və karantinə alınması tədbirlərindən ibarətdir:
"Ümumiyyətlə, seroloji müayinələrin aparılmasında əsas məqsəd əhalinin neçə faizinin immunitet qazandığını, özlərinin də xəbəri olmadan yoluxub sağalanların və virusu yüngül keçirənlərin sayının nə qədər olduğunu müəyyənləşdirməkdir. Artıq bu kimi tədqiqatlar dünyanın inkişaf etmiş bəzi ölkələrində aparılır. Azərbaycanda növbəti dalğa zamanı atılması zəruri olan addımlardan biri də ən yeni elmi tədqiqatlara əsaslanan izolyasiya və karantin tədbirlərini icra etməkdir. Burada da diqqət edilməli məqam virusa yoluxma halları zamanı tək-tək insanların izolyasiya olunması deyil, əksinə, virusa yoluxanların insanların çox olduğu yerdə iştirakını üzə çıxarmaq və həmin çoxluğu təşkil edən bütün insanları izolə edib, karantinə almaqdan ibarətdir. Bununla da virusun super yoluxduruculuq effektinin qarşısını almaq mümkün olar. Bu da növbəti dalğanın yaranmasının qarşısını ciddi şəkildə ala bilər. Məsələn, son günlərdə insanların çox olduğu hər hansı bir tədbirdə iştirak edən şəxsin sonradan virusa tutulması aşkarlanarsa, təkcə o insan izolə olunmalı deyil, həm də tədbirdə iştirak edən bütün insanlar müəyyən protokollara əsasən karantinə alınmalıdırlar".
Azərbaycanlı alim hesab edir ki, öncəki yoluxma vaxtlarından fərqli olaraq, növbəti dalğanın qarşısını almaq üçün vətəndaşlar ciddi şəkildə məsuliyyət nümayiş etdirməlidirlər: "Ən nümunəvi hal o olardı ki, onlar kontaktda olduğu şəxsləri mütləq yazılı şəkildə özlərində qeyd etsinlər. Belə olduğu təqdirdə, virusa yoluxmuş şəxsin kontaktda olduğu şəxsləri tez bir zamanda karantinə almaq və virusun yayılmasının qarşısını almaq mümkün olacaq. Hesab edirəm ki, bu qaydalar tətbiq edilərsə, növbəti dalğada vəziyyətdən az itki ilə və ya itkisiz çıxış mümkün ola bilər. Bununla yanaşı, hər kəs bilməlidir ki, bu günə qədər koronavirusla mübarizədə nümunəvi strategiya tətbiq edən ölkələrdən biri olan Almaniyanın uğurunun səbəbi zamanında çoxlu test aparılmasına başlaması və ən əsası da qarşılıqlı inam çərçivəsində dövlətlə birlikdə elm adamlarının və cəmiyyətin virusla birgə mübarizə aparmasıdır. Bu mühiti Azərbaycanda da yaratmaq vacibdir".