Böyük missiya – Hacı Şahin yazır
20 oktyabr 2020 17:39 (UTC +04:00)

Böyük missiya – Hacı Şahin yazır

İnsanlıq tarix boyu savaşıb deyə, təəssüf ki, dünya tarixi əsasən qılıncların kölgəsində yazılıb. Lakin bununla belə, "müharibə nədir?" sualına fəlsəfi yöndən tam dolğun və yekdil tərif verilməyib.

XIX əsrin sonlarında Odiss Baro qeyd edirdi ki, bəşər tarixinin sülhdə keçən hər bir ilinə 13 il müharibə düşür. Yəni, əslində sülh daha çox savaşlararası atəşkəsə bənzəyir. Bəlkə də bu səbəbdən, bir çox mütəfəkkirlər hərbi, tarixi prosesin ayrılmaz hissəsi kimi qəbul edib, bu müqəddəratla barışmağı təklif edirdilər. Digər filosofların isə alternativ tapmaq, savaşsız dünya qurmaq arzusu əsassız utopiya kimi görünürdü. Qədim Yunanıstanda hesab olunurdu ki, yunan şəhərləri arasında müharibə pis, yunanların barbarlarla savaşı isə yaxşıdır. Müasir dillə desək, yüksək mədəniyyətli xalqların bir-biri ilə zor dilində danışması təqdir olunmasa da, onların daha zəif tayfalara hücumu müsbət hal kimi dəyərləndirilirdi. Romalılara görə, müharibə - haqsızlığın qarşısını almaq və zalımları cəzalandırmaq vasitəsi idi. Təbii ki, haqqın meyarı Roma qanunları və həyat tərzi olduğu üçün, imperiyaya tabe olmaq istəməyən xalqlar zalım kimi təsnif olunurdu. Orta əsr xristian müəllifləri bu fikri davam etdirərək, ədalətli savaş nəzəriyyəsi irəli sürdülər. Belə ki, savaş hansısa xalqı və hökmdarı günaha görə cəzalandırmaq üçün olarsa, ədalətlidir. Ən böyük günah isə kilsəyə tabe olmamaq sayılırdı. Avropa məfkurəsinin sekulyarlaşmasından sonra Yeni dövr filosofları milli dövlət konsepsiyasından çıxış edərək, ədalətli müharibə kimi yalnız dövlətin müdafiəsini tanıyırdılar. XX əsrdən etibarən insan hüquqları ön plana keçir və ədalətli müharibə üçün yalnız bir səbəb elan olunur - dövlətin öz vətəndaşlarını qoruması. Beləliklə, Avropada müharibə hər necə dərk olunursa-olunsun, dəyişilməz bir postulat öz yerində qalırdı: mənim kimi olmayan - düşməndir.

XX əsrin görkəmli mütəfəkkirlərindən olan Yulius Evola yazırdı ki, müharibə sayəsində insan həyatın nisbiliyini, maddi həyatdan daha böyük həyatın varlığını dərk edir. Bu səbəbdən savaş həmişə mənəvi kateqoriya olub. Bu fikrin əsasında Avropa mədəniyyətinə xas dualizm durur. Qərb məfkurəsi hər zaman dünyanı ziddiyyətli oppozisiyalarda dərk edir, onlar arasında kompromis axtarmaq əvəzinə, insanı radikal seçim qarşısında qoyur. Belə ki, insanlar maddiyyat ya mənəviyyat, göy ya yer, qadın ya kişi, təbiilik ya sünilik kimi əks qütblər arasında seçim etməklə bir-biri ilə münaqişəyə girirlər. Ona görə də hərb elminin banilərindən sayılan Klauzevits bəyan edirdi ki, hərbin əsas məqsədi yalnız düşmənin tərki-silah edilməsi deyil, həm də onun tam məhvi və əsarətə alınmasıdır. Bu fəlsəfə üzərində iki dünya müharibəsi ilə yanaşı, XX əsrin ən amansız savaşları baş verdi.

Uzun illərdir ki, təkfirçilərin sayəsində İslam dininin cihad anlayışı da terror və təcavüzə bərabər tutulmağa başlayıb. Lakin təkfirçilərin savaş fəlsəfəsi İslam deyil, Qərb mədəniyyətinin məhsuludur. Burada özünü başqasından üstün bilmək, bununla da üstünlüyün hərbi yolla isbatlamaq cəhdi var. Yunan və romalıların barbarlarla, səlibçilərin müsəlmanlarla, konkistodorların hindularla, müstəmləkəçilərin aborigenlərə, faşistlərin qeyri-arilərlə və digər savaşlar mahiyyətcə təkfirçilərin savaşı ilə eynidir. Bu gün Ermənistan rəhbərliyi də belə təfəkkürə sahib olduğunu nümayiş etdirir: Qarabağ savaşına dini və ya etnik şovinizm rəngi verməyə çalışır (təbii ki, öz üstünlüyünü vurğulamaqla). Bununla da, Ermənistanın Qarabağ savaşına vermək istədiyi məna yuxarıda qeyd etdiyim fəlsəfədən qaynaqlanır və bəzi Qərb dövlətlərinə hakim olan məfkurə tərəfindən anlayışla qarşılanır. Hərçənd Qarabağ savaşı nə dini xarakter daşıyır, nə də etnik. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, düşmənin də dini və etnik mənsubiyyəti burada heç bir əhəmiyyət kəsb etmir.

Burada başqa, bir sual yaranır: müharibə nədir? Bəziləri hesab edir ki, hərb - silahların istifadəsi ilə müşayiət olunan qarşıdurmadır. Bu fikri əsasən liberal nəzəriyyəçilər inkişaf etdirir. Belə ki, əgər müharibə sırf silahlı qarşıdurmadırsa, o zaman silahlı qarşıdurmanın qarşısını almaq sülhün bərqərarı üçün kifayət edir. Beynəlxalq hüquq və təşkilatlar da bunun üçün çalışmalıdırlar. Lakin liberal paradiqma nə qədər "sülhsevər" görsənsə də, əslində savaşın metodunu dəyişməyi təklif edir. Nəticə etibarı ilə bu paradiqma, Klauzevitsin təyin etdiyi hədəfi güdür. Ənənəvi müharibə yolu ilə əldə olunan hədəflərə qeyri-hərbi yollarla da çatmaq olar. Ona görə də, diqqət metoda yox, hədəfə yönəlməlidir. Məsələn, mədəni istila, informasiya savaşı, yaxud psixoloji müharibə də hərbin verdiyi nəticəni verir - qarşı tərəfi öz iradənə tabe etdirir. İslam ikinci baxışı bölüşdüyü üçün "dində məcburiyyət yoxdur" tezisini irəli sürür. Burada məcburiyyət sırf hərbi deyil, həm mədəni və psixoloji müstəvidə də başa düşülməlidir. Ona görə də hərbi təhdidlə yanaşı, digər təhdidlərə də adekvat cavab verilməlidir.

Qurani-Kərim zorakılıq və təcavüzü pisləsə də, İslam tarixində də az savaş olmayıb. Burada mühüm məqam ondan ibarətdir ki, Quran iki halda savaşı məqbul sayır: hücumdan müdafiə və hücumu önləmə (preventiv müharibə). Bundan savayı heç bir savaşa bəraət qazandırmaq mümkün deyil. Habil və Qabil dastanını nəql edərkən Müqəddəs Kitab təcavüzün anatomiyasını açıqlayır: paxıllıq. Əlində olanı dəyərləndirməyib başqasının nemətinə göz dikdikdə, insan və ya cəmiyyət təcavüzkara çevrilir. Başqa sözlə desək, paxıllıq insan və ya cəmiyyətə hakim kəsilərsə, yaradıcılıq potensialı dağıdıcılığa yönələr. Bunun da qarşısı alınmalıdır. Çünki dağıdıcılıq olan yerdə insan şəxsiyyəti tənəzzül edir, insanlığın mənəvi sütunu sarsılır, bəşər yırtıcıya çevrilir. Hər bir təcavüz Allaha olan kinin insanlara yönəldilməsidir. Təcavüz həm də Allaha qarşı namərdlikdir – Onun sənə bəxş etdiyi azadlıqdan sui-istifadə etməkdir. Odur ki, təcavüzü dəf etmək sıradan bir mövzu deyil, ilahi missiyadır. Şəhid və qazilərin əzəməti, dəyəri həm də bununla əsaslandırılır: onlar dağıdıcılığın qarşısını almaq üçün canlarını təhlükəyə atırlar.

Ebola ilə bir məqamla razılaşmamaq olmur: müharibə mənəvi kateqoriyadır, onun qaynağı da maddi deyil, mənəvidir. Xəstə mənəviyyata yalnız sağlam mənəviyyat qalib gələ bilər. Bizim ərazi bütövlüyümüz bərpa olunmadıqca, "Böyük Ermənistan" xülyası ilə yaşayan düşmən danışıqlar masasından qaçır, yeni iddialar irəli sürür, yeni təhdidlər yaradırdı. Sırf maddi baxımdan bir ölkənin bu qədər ərazi iddiası irəli sürməsi, iqtisadi və sosial bataqlıqda yaşamaq bahasına işğala əl atması necə izah oluna bilər? Özü də arxalandığı böyük dövlətlər və xaricdəki lobbisi belə yararsız olduğu bir halda. Artıq "soyu kəsilən məzlum xalq" şüarları kimi, bu da kara gəlmir. Çünki Ermənistanın təcavüzünə "öz müqəddəratını təyin etmə" donu geyindirən, inkarçı ruhiyyəli qlobal düzən artıq çökməkdədir. Gəncənin raket atəşinə tutulmasına lazımi reaksiya verməyən dünya ictimaiyyəti, heç Ermənistana da dəstək vermək əzmində deyil.

Bu savaşda Azərbaycan xalqının ümidi xarici qüvvələrə yönəlməyib. Bu da bizim qələbəmizin zəmanətidir. Müharibənin müqəddəratını silah-sursat deyil, xalqın mənəvi yüksəkliyi, Ali Baş Komandanın qətiyyəti müəyyən edir. Azərbaycan xalqının ümidi heç bir dövlət və lobbi deyil, ilahi eşqlə yoğrulmuş mənəviyyatıdır. Əsrlərdir ki, xalqımızın dini düşüncəsində də haqsızlıqla barışmazlıq, zorakılığın inkarı dərin kök salıb. Bizim dinə və inanca münasibətimizi də milli kimliyimizdən qaynaqlanan xüsusiyyətlər formalaşdırıb. Hər il keçirdiyimiz dini ayinlər də xalqımızın zorakılıqla barışmazlığını nümayiş etdirir.  O səbəbdən, biz təcavüzlə barışmır, haqq uğrunda can verməkdən qorxmuruq. Unutmamalıyıq ki, Qarabağ da bizim üçün sırf coğrafi məfhum deyil. Bu, azərbaycanlını azərbaycanlı edən mənəvi kateqoriyadır həm də. Bu gün biz işğalda olan torpaqlar uğrunda savaşmaqla, yalnız didərgin düşmüş soydaşlarımıza evlərini qaytarmırıq, biz eyni zamanda tariximizə sədaqətimizi, gələcək nəsillərə sevgimizi, öz insaniyyətimizi nümayiş etdiririk. Eyni zamanda zorakılıq və təcavüz hər hansı bir təzahürü ilə mübarizə aparmaq, dünyanın hər yerində zorakılıq və təcavüzlə mübarizə anlamına gəlir. Ona görə də, Azərbaycan xalqı böyük bir missiya daşıdığının və gücünün buna tam yetdiyinin fərqində olmalıdır.

Haqq bizimlədir, Tanrı bizimlədir!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1816
avatar

Oxşar yazılar