Birinci Qarabağ müharibəsində 71 uşaq itkin düşüb - 29 UŞAQ HƏLƏ DƏ...
21 oktyabr 2020 15:28 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində 71 uşaq itkin düşüb - 29 UŞAQ HƏLƏ DƏ...

                                                                    

“İşğalçı və separatçı Ermənistan 30 ildir ki, beynəlxalq hüquq normalarını pozur.

Dünyaya özünü soyqırıma məruz qalmış “əzabkeş və zavallı” xalq kimi tanıdan erməni quldurları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə başladıqları gündən qadın və uşaqları fiziki, mənəvi, psixoloji işgəncələrə, qeyri-insani rəftara, sülh və insanlıq əleyhinə cinayətlərə məruz qoyublar. Qaradağlı və Xocalı faciələri, Ağdaban və Ballıqaya qətliamları zamanı mülki əhaliyə, o cümlədən qadın və uşaqlara qarşı amansızlıq və görülməmiş vəhşiliklər nümayiş etdiriblər”.

Bu barədə Lent.az-a AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçisi Esmira Orucova məlumat verib.

Xatırladıb ki, terror və soyqırımı siyasətini dövlət siyasətinə çevirən işğalçı Ermənistanın Azərbaycana qarşı qeyri-hüquqi ərazi iddiası artıq 30 ildir davam edir: “1993-cü ildən Ermənistanın dövlət səviyyəsində Cenevrə Konvensiyalarına qoşulmasına baxmayaraq, hərbi əməliyyatlar nəticəsində yaranmış fəlakətləri yüngülləşdirmək məqsədi ilə tənzimləyən, silahlı münaqişələr dövründə tətbiq edilən yeganə qaydalar məcəlləsi olan və “müharibə hüququ” adlanan humanitar hüquq erməni hərbçiləri tərəfindən bu günə kimi kobudcasına pozulur. 

Erməni işğalçıları tərəfindən 1948-ci il 10 dekabr tarixli Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”nin 2, 3, 5, 9 və 17-ci maddələri, 1974-cü il 14 dekabr tarixli “Hərbi Münaqişələr və Fövqəladə Hallar Zamanı Qadın və Uşaqların Müdafiəsi Haqqında Bəyannamə”, 1948-ci il 9 dekabr tarixli “Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya”nın tələbləri, 1949-cu il 12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” və “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə Konvensiyaları, 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına əlavə olunan və Beynəlxalq silahlı münaqişə qurbanlarının himayəsinə həsr edilən 8 iyun 1977-ci il tarixli I Protokolun III  hissəsi və 1989-cu il 20 noyabr tarixli “Uşaq Hüquqları haqqında Konvensiya”nın müddəaları  məqsədyönlü şəkildə pozulur”.

E.Orucova bildirib ki, 1994-cü il mayın 12-də atəşkəs elan olunandan 2020-ci il sentyabr ayının 27-ə kimi 32 nəfər azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub: “Onlardan 13 nəfəri həlak olub, 19 nəfəri isə ağır yaralanıb. 2017-ci il iyul ayının 4-də Füzuli rayonunun Alxanlı qəsəbəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən təxribat nəticəsində minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində 14 aylıq körpə Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirilib.

1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına əlavə olunan və Beynəlxalq silahlı münaqişə qurbanlarının himayəsinə həsr edilən 8 iyun 1977-ci il tarixli I Protokolun 37-ci maddəsində bəyan edilən əsas prinsiplərdən birində qeyd edilir ki, münaqişədə iştirak edən Tərəflər mülki əhaliyə və mülki obyektlərə hörmət və himayəni təmin etmək üçün hər zaman mülki əhali ilə döyüşçülər arasında, eləcə də mülki obyektlər və hərbi obyektlər arasında fərq qoymalı və buna uyğun olaraq, öz əməliyyatlarını yalnız hərbi obyektlərə qarşı yönəltməlidirlər. İllərdən bəri törətdikləri cinayətlər cəzasız qaldığı səbəbindəndir ki, bu il oktyabrın 11-də və 17-də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhərinə, mülki əhalinin sıx məskunlaşdığı əraziyə raket hücumu təşkil etməklə xeyli sayda dinc sakinin, eləcə də uşaqların da həlak olmasına səbəb oldu.

BMT-nin 2019-cu il 2 avqust tarixli silahlı münaqişələr zamanı uşaqların vəziyyətinə həsr edilmiş 8591 saylı iclasında BMT baş katibi Antoniu Quterreşin “Uşaqlar silahlı münaqişlərdə”  mövzusunda rəsmi məruzəsində (S/2019/509) son illərdə dünyanı bürüyən silahlı münaqişələr zamanı uşaq hüquqlarının qorunması ilə bağlı qəbul olunmuş qətnamələrə əməl olunmadığını, uşaq hüquqları ilə bağlı qəbul olunmuş öhdəliklərin kobud şəkildə pozulduğunu vurğulayıb. Baş katib qeyd edib ki, silahlı münaqişələrin ilkin zorakılıq qurbanları uşaqlardır. Aldıqları xəsarətlər onları uşaqlıqlarından və yetkin həyatlarından məhrum edir, ağır, mənəvi iztirabları daima onların ruhunda silinməz izlər buraxaraq, ömrü boyu onları narahat edir.

Onun sözlərinə görə, silahlı münaqişələr zamanı mülki əhalinin, o cümlədən uşaqların hüquqi  vəziyyəti 1907-ci il tarixli Quru müharibələrinin adət və qanunları haqqında Haaqa Konvensiyası, 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və  1977-ci il 8 iyun tarixli Cenevrə Konvensiyalarına I və II Əlavə Protokollarda müəyyən edilir: “1992-1993-cü illərdə ərazilərimiz işğal olunan zaman 71 nəfər uşaq itkin düşüb, şahid ifadələrinə əsasən 29 uşaq hələ də girovluqdadır, ermənilər tərəfindən işgəncələrə məruz qaldıqdan sonra 229 nəfər uşaq azad edilib.

Bu il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə və müharibə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə ağır artilleriya və raket zərbələri nəticəsində bu günə kimi 63 mülki şəxs həlak olmuş, 292 nəfər yaralanıb. Ağdam və Füzuli rayonlarının işğal altında olmayan kənd və qəsəbələri, Tərtər, Ağcabədi və Bərdə rayonlarının əraziləri erməni ordusu tərəfindən durmadan ağır artilleriya hücumlarına məruz qalır. Nəticədə həmin ərazilərdə yaşayan və 27-28 ildən bəri məskunlaşmış günahsız müharibə qurbanları olan, yurd həsrəti ilə yaşayan  məcburi köçkünlər illər keçəndən sonra ikinçi dəfə psixoloji gərginliyə məruz qalıblar.

Nədənsə, demokratik dəyərlərə malik olan dünya ictimaiyyəti və sülhün, insan hüquqlarının keşiyində duran nüfuzlu beynəlxalq təşkilatlar ermənilərin insanlığa sığmayan hərəkətlərinə qarşı heç bir bir reaksiya vermir, öz hərəkətləri ilə bütün regionun sabitliyini təhlükə altına qoya biləcək təcavüzkar ölkə olan Ermənistana lazımi təzyiq göstərməyə çağırmaq əvəzinə, susqunluq və hər zaman olduğu kimi ikili standartlardan mövqe nümayiş etdirirlər. 

Fransız filosofu Prudon müharibə haqqında belə deyirdi “güc kimin tərəfindədirsə, həqiqət də oradadır”. Bu gün güc və həqiqət Azərbaycan xalqının tərəfindədir”,-deyən E.Orucova vurğulayıb ki, günahsız uşaqları hədəfə alan, evlərini yerlə yeksan edən, dinc əhalini qətlə yetirən işğalçı Ermənistan layiq olduğu cavabı alacaq: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən tapdağı altında qalan torpaqlarımızı azad edəcək, erməni təcavüzünə, amansızlığına son qoyacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1219
avatar

Aygün İbrahimli

Oxşar yazılar