Bakı şəhərində və kəndlərində insanların itlərin hücumuna məruz qalması adi haldır. Bəs Bakı kəndlərinin ətrafında canavarların yaşaması, yırtıcıların kəndlərin içinə daxil olması hansı hallarda baş verir və normaldırmı?
Qeyd edək ki,mətbuatda gedən məlumata görə, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 54 yaşlı Cahangirov Camal canavarın hücumuna məruz qalıb. Yırtıcı ona xəsarət yetirib.
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşı, zooloq Elşad Əsgərov Lent.az-a açıqlamasında canavarların mobil heyvan olduğunu, bu səbəbdən onların çox uzaq məsafələr qət etdiklərini vurğulayıb: “Eyni canavar sürüsünü bir gündə 4-5 kəndin ətrafında görmək olar. Çox güman ki, kəndə gəlib hücum edən heyvanlar digər yerlərdə yaşayırlar, istədikləri zaman yaşayış məntəqələrinin yaxınlığına gəlirlər. Azərbaycanda canavarların təbii qidası az qalıb. Olan qida da ancaq bəzi təbii qoruqlardadır. Şirvan Milli Parkında ceyran var. Ordakı canavarlar ceyran ovlayır. Yırtıcıların təbii qidası olmayanda məcbur qalıb ev heyvanlarına hücum edir. Yaxud kəndlərin içinə girib zibilliklərdən yeməyə bir şey axtarırlar. Bu hallarda onların insana hücum etməsi də mümkündür”.
Mütəxəssis bildirib ki, qışda qida çatışmazlığı heyvanların aqressivləşməsinə səbəb olduğu kimi, ikinci səbəb kimi bu dövrdə onların cütləşməsi də ola bilir: “Heyvanlar aqressiv olanda insana da hücum edə bilərlər. İnsan heyvanları nəsə edib qıcıqlandırır və hücumə sövq edir. Bundan başqa, ev itləri ilə canavarların hibridləri olur. Təbiətdə canavarların sayı azalanda onlar ev itləri ilə cütləşirlər. Bu cütləşmədən əmələ gələn hibridlər canavarlardan daha ağıllı olurlar. Çünki itlər neçə min ildir ki, əhilləşdiklərindən intellektləri daha çox inkişaf edib. Onlar bəzən əcdadları canavarlardan da intellektual olurlar. Bu cür hibrid canavarlar insanlardan qorxmurlar və yaşayış məskənlərinə yaxın gəlirlər. Amma hibrid heyvanları digərlərindən seçmək çox çətinidr. Mütəxəssis olmayan adam bunu seçə bilmir. Bu cür itlərin bizim ərazilərdə olması da istisna deyil”.
E.Əsgərov onu da qeyd edib ki, Bakı ətrafında keçən il Abşeron Milli Parkında canavar müşahidə ediblər: “Abşeron Milli Parkı təbii ərazidir, canavarın olması normaldır. Bu parkın yanında çoxlu kəndlər var. Çobanlar heyvanları qışda qış otlaqlarına gətirdiyi üçün Qobustanda da canavar çox olur. Qobustandan Bakıya gəlmək o heyvanlar üçün çətin olmur. Ona görə də canavarların Bakı kəndləri ətarflnda görünməsi normaldır”.
E.Əsgərovun sözlərinə görə, zərərçəkən adamın doğrudan da canavarın hücuma məruz qalıb-qalmadığını yoxlamaq lazımdır. Ekspert hüçum edən heyvanın canavara bənzəyən it sortu ola biləcəyini deyir.
Zooloq onu da əlavə edib ki, heyvanları qıcıqlandırmamaq vacibdir: “Əgər heyvanı qıcıqlandırmasan çox zaman vəhşi heyvanlar insana hücum etmirlər. Hər bir heyvanın öz menyüsi var. İnsan olaraq biz heç bir heyvanın menyüsində yoxuq. Təsadüfi hallarda insan heyvanı qıcıqlandırır və hücuma məruz qalır. Yaxud heyvan yaralı olanda insana hücum edir. Mümkün qədər heyvanlarla məsafə saxlamaq lazımdır”.