Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Bakı Dövlət Universitetinin fəxri professoru, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov 2020-ci il aprelin 27-də 89 yaşında vəfat edib.
APA xəbər verir ki, Abuzər Alı oğlu Xələfov 25 dekabr 1931-ci ildə Qərbi Azərbaycanda - Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan olub. O, natamam orta təhsilini burada almış, İkinci Dünya müharibəsi illərində kənddəki kolxozda işləyə-işləyə təhsilini davam etdirib.
1950-ci ildə Abuzər Xələfov Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olub, ali təhsilini başa çatdıran kimi Bakı Dövlət Universitetində müəllim vəzifəsində saxlanılıb. 1955-1978-ci illərdə müəllim, baş müəllim, dosent vəzifələrində çalışır.
Abuzər Xələfov 1961-ci ildə Azərbaycanda kitabxana işi üzrə ilk namizədlik, 1975-ci ildə isə ilk doktorluq dissertasiyaları müdafiə edir, professor elmi adı alıb. O, Sovetlər Birliyində kitabxana işi üzrə doktorluq dissertasiyası müdafiə etmiş və tarix elmləri doktoru elmi dərəcəsi almış ilk alimdir.
Prezident təqaüdçüsü olan görkəmli alim Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, "Şərəf" və "Şöhrət" ordenləri ilə təltif edilib.