Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin apardığı elmi tədqiqat nüfuzlu elmi “Bone” jurnalında dərc olunmağa qəbul edilib.
Lent.az-ın məlumatına görə, N.Abdullayev ilk dəfə olaraq “Sümük sıxlığının və sümükdə olan mineral dəyişikliklərin COVID-19-un kliniki gedişatına təsiri” ilə bağlı elmi tədqiqat aparıb.
Müəllif tədqiqatda hələ 2017-ci ildə dünyada ilk dəfə tətbiq etdiyi üsuldan - kompütertomoqrafiya vasitəsilə xüsusi metodla sümük sıxlığının ölçülməsindən istifadə edib.
Elmi əsərdə sümük sıxlığı ilə yanaşı sümüyün müvafiq mineral dəyişiklikləri də ölçülüb. Tədqiqat nəticəsində bəlli olub ki, sümük sıxlığı aşağı olan insanlar COVID-19 virusuna yoluxarkən xəstəliyi ağır keçirirlər. Bu da o deməkdir ki, öncədən sümük sıxlığına bir başa təsir edən preparatlar qəbul edən insanlar və fizioloji olaraq müəyyən yaşdan sonra sümük sıxlığı aşağı düşən xanımlar müalicə almadıqları zaman xüsusi risk qruplarına daxil olurlar.
Tədqiqatda digər alimlər tərəfindən sümük sıxlığındakı dəyişikliklərin yaşla əlaqəli olması və insanlarda yaşlandıqca sümük sıxlığının azalması ilə bağlı irəli sürülən iddialara cavab verilib. Belə ki, yaş faktorunun tədqiqatın nəticəsini dəyişməyəcəyi sübut olunub. Bununla o qənaətə gəlinib ki, yaşından asılı olmayaraq sümük sıxlığı aşağı düşən və müvafiq mineral dəyişiklikləri olan insanlar virusa yoluxduqda xəstəliyi ağır şəkildə keçirirlər. Bu da müalicə həkiminə hansı xəstələrlə daha diqqətli olmaq xəbərini öncədən verir.