Koronavirusdan rəhmətə gedən xəstələrin meyitxanaya gətirilməsi bizim avtomobillər tərəfindən həyata keçirilir.
Lent.az bildirir ki, bunu jurnalistlərə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru vəzifəsinə Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, bu zaman bütün ehtiyat tədbirləri görülür: “Respublikanın bütün şəhər və rayonlarında bizim meyitxanalarımız var, Bakı şəhərində isə Nəsimi rayon şöbəsinə gətirilir. Meyitlərin dəfn olunması üçün xüsusi qəbiristanlıq nəzərdə tutulmayıb. Meyit dezinfeksiya olunduqdan sonra heç bir təhlükəsi qalmır”.
Ədalət Həsənov deyib ki, Azərbaycanda dini adətlərə görə meyit tabuta qoyulmur, xarici ölkələrdən gələn meyitlər tabutda gətirilə bilər: “Rusiyadan və da digər ölkələrdən gələn tabutu açıb virusa yoxulma təhlükəsi yaratmağa ehtiyac yoxdur. Belə qərara gəlinib ki, xarici ölkələrdən gələnlər tabutla bir yerdə dəfn edilsin”.