Fevralın 7-də Azərbaycan Nefroloqlar Cəmiyyətinin II Milli Nefroloji Dializ və Transplantoloji beynəlxalq konqresi keçirilib.
APA xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri Barat Yusubov son dövrlər Azərbaycanda digər sahələrdə olduğu kimi nefrologiya sahəsində də irəliləyişlər olduğunu bildirib.
Sonra çıxış edən Nefroloqlar Cəmiyyətinin Fəxri prezidenti Mehman Ağayev qeyd edib ki, 30-40 il əvvəl nefrologiya həm Azərbaycanda, həm də digər ölkələrdə yox kimi idi, indi isə bu sahə ən inkişaf etmiş elmlər sırasına daxil olub: "Bu illər ərzində mütəxəssislər hazırlanıb. Azərbaycanda ilk dəfə 1970-ci ildə hemodializ, 1971-ci ildə isə böyrək transplantasiyası həyata keçirilib".
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Anar İsrafilov bildirib ki, 2006-cı ildən bəri xroniki böyrək çatışmazlığına dair 3 Dövlət Proqramı həyata keçirilib: "Proqram nəticəsində ölkədə 44 hemodializ mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə 600-dən çox süni böyrək aparatı var. Burada 4000 minə yaxın insan hemodaliz seansları və müvafiq dərman preparatları ilə təmin olunub. Proqrama əsasən, dövlət hesabına böyrək köçürmə əməliyyatı həyata keçirilir. Bu günə qədər 400-dən artıq belə əməliyyat olub. Böyrək köçürülən 1000-ə yaxın xəstəyə ümumi supressiv dərman preparatları dövlət hesabınadır".
Milli Onkologiya Mərkəzinin Baş həkimi Azad Kərimli də qeyd edib ki, Azərbaycanda dializin əsası, orqan köçürülməsi keçən əsrə təsadüf edir: "Sadəcə bu illərdə lazımi şəraitin, tibbi avadanlığın olmaması səbəbindən bu sahələrin inkişafının qarşısı alınıb. İndi səhiyyədə gedən inkişafla əvvəlki dövr arasında yerlə göy qədər fərq var. Hazırda Azərbaycanda aparılan cərrahi əməliyyatlar dünyanın aparıcı tibb müəssisələrində keçirilən əməliyyatlara bərabər tutulur".
Tədbir panel müzakirələri ilə davam etdirilib.