Bu il yanvarın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 270,6 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,8%-ni təşkil edib.
Lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onların 58,4 faizi yaşa, 30,2 faizi əlilliyə, 11,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,1 faiz artaraq 263,6 manat təşkil edib və orta aylıq əmək haqqının 41,5 faizinə bərabər olub.
“Əmək pensiyaları haqqında” qanunda edilən müvafiq dəyişikliklərə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il martın 1-dən 160 manat, 2019-cu il oktyabrın 1-dən isə 200 manat müəyyən olunub ki, bu da müəyyən edilmiş minimum aylıq əməkhaqqının 80 faizini təşkil edir.
Cari ilin yanvarın 1-i vəziyyətinə 401,2 min nəfərə aylıq sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 82,4 min nəfər, əlilliyə görə – 180,5 min nəfər, ailə başçısını itirməyə görə – 47 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 63 min nəfər, digər müavinətləri alanların sayı isə 28,3 min nəfər olub.
Əmək pensiyası almaq hüququ olmayan 1,5 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 266 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 8,6 min ailəsinə 14,6 min uşaq üçün aylıq müavinət verilmişdir. Bundan əlavə, 1 655 nəfər bir yaşınadək uşağı olan 1 654 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 9,1 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 392 şəxsə isə kompensasiya verilib.
2019-cu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 72 647 ailəyə 76 204 uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 4 273 şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6 387 nəfərə birdəfəlik müavinətlər verilib.
2020-ci il yanvarın 1-i vəziyyətinə 72,2 min aztəminatlı ailənin 298,9 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 50,03 manat təşkil edib.
Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 293,8 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.