“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC həmişə olduğu kimi, koronavurisla mübarizədə də dövlətimizin və xalqımızın yanındadır.
Qurumdan Lent.az-a verilən məlumata görə, bu həftədən televiziya gücləndirilmiş iş rejiminə keçib:
“Məqsəd vətəndaşların evdə darıxmamasına nail olmaq və tamaşaçılara xoş istirahətlər bəxş etməkdir. Odur ki, televiziyanın proqram siyasətində ciddi dəyişiklikər edilib və yeni layihələr hazırlanır, verilişlərin formatı günün tələblərinə uyğunlaşdırılır. Onlardan biri də bu gündən etibarən həftə içi 6 gün, saat 17.00-dan 19.00-a qədər efirə çıxacaq #Evdəqal layihəsidir.
Verilişdə koronavirusun dünyada və Azərbaycanda yayılmasını əks etdirən ən son statistika, real vəziyyət müzakirə olunacaq, həkim məsləhətləri yer alacaq, eləcə də “Evdə vaxtı necə səmərəli keçirmək olar?” sualına praktik nümunələrlə cavab veriləcək. Ən əsası isə bütün bunlar interaktiv şəkildə təqdim olunacaq.
Tamaşaçılar +99412 4921683 nömrəli telefona zəng edərək canlı yayımda suallarını ünvanlaya və səmərəli məsləhətlər ala bilərlər.
Əlavə edək ki, gün ərzində AzTV-də yayımlanacaq əksər verilişlər canlı yayımda təqdim olunacaq və həmin verilişlərdə ölkənin tanınmış ictimai, siyasi, idman və mədəniyyət xadimlərinin evlərindən canlı bağlantılar olacaq.
Hər halda tanınmış şəxslərin evdə nə işlə məşğul olduğunu görmək hər kəsə maraqlı olar. Yeri gəlmişkən, tanınmışlar özləri də bu məsələdə bizə müraciət edə və verilişlərimizə “Skype” vasitəsilə canlı qoşula bilərlər.
Bir sözlə, biz gərgin işləyirik ki, siz evdə qalasınız, əziz vətəndaşlarımız.
Hər birinizə möhkəm can sağlığı, xoş istirahətlər arzu edirik. Unutmayın, sağlamlığımız öz əlimizdədir”.