Səbinə ƏVƏZQIZI
02 iyul 2026 14:57 (UTC +04:00)

Səbinə ƏVƏZQIZI

35 min manatlıq həkim, yalnız morqda işləyə bilər – REPLİKA

1

Bəyaq məhkəmə müxbirimizin yazısını redaktə edirəm, demək olar ki, hər sözünə əsəb keçirirəm. Əslində məni qıcıqlandıran pul alıb, aradan çıxan dələduz ekspert deyil, ona küllü miqdarda pul verən, sanki, aldanmaq üçün doğulmuşlardı.

Demək, bir valideyn övladını qeyri-qanuni yolla Tibb Universitetinə qəbul etdirmək üçün 35 min manat rüşvət verib. Az pul deyil. 35 min manat elə bir məbləğdir ki, onunla Avropanın bir çox ölkəsində ürəyin istəyən universitetdə təhsil ala bilərsən. Elə universitet seçmək olar ki, təkcə təhsil yox, hətta yaşamaq üçün də pulun qalar. Bəzi Avropa universitetlərində illik təhsil haqqı 5 min avrodur. Bundan aşağıları da var. Hətta elə ölkələr var ki, dövlət universitetlərində təhsil haqqı ya çox aşağıdır, ya da ümumiyyətlə yoxdur. Belə olan halda insan pulunu niyə çölə tökür? DİM-i, özü də Məleykə Abbaszadəni aldatmaq olur? Söhbət Tibb Universitetindən gedir ey, adamın basıb gözünü çıxardarlar.

O pulla müəllim tut, uşağın öyrənsin. Yox, uşağın başı boşdursa, onu necə həkim edəcəksən? Əzraillə ortaq işləyəcəklər? O balanı göndər başı çatdığı yerə, uşaq həm təhsil alsın, həm dünyagörüşü qazansın, həm də müstəqil yaşamağı öyrənsin. Rüşvəti də onun yaddaşında həyatın qaydası kimi qalmasın.

Onsuz da valideynlər övladları üçün hər cür fədakarlıq etməyə hazırdırlar. Ev satırlar, kredit götürürlər, borca düşürlər. Amma bəzən ən vacib sualı vermirlər ki, mən uşağıma yaxşı gələcək qururam, yoxsa onun gələn günlərini elə indidən baltalayıram? Rüşvətlə başlayan yolun sonu haradasa ilişəcək.

Mənim 35 min manatım olsaydı, uşağa verib deyərdim ki, balaca bir iş qur özünə, heç başını xarab etmə, gözlərin kor olmasın, sonra da gecə-gündüz çalış, pul qazan. Bu daha böyük yaxşılıq olardı. Yenə gəlirik o məsələyə ki, valideynlərin əksəriyyəti uşaqlarının ali təhsil diplomu olmasını hər şeydən çox istəyir.  

Bank adama 1000 manat verəndə 50 yerə imza atdırır. Bunlar 35 min manatı elə-belə verirlər, gedir. Pul “batanda” da məhkəmədən haqqını tələb etməklə deyil. Hakim çıxarıb sənə pul verəcək? Adam o pulu yeyib üstündən də enerji içkisi içib. Ən pis vəziyyətdə deyəcək, heç nəyim yoxdur, oturacaq həbsxanada. Olan yenə dövlətə olur. Buna yataq ver, yemək ver, hamam təşkil et, asudə vaxtını yaxşı keçirsin və sairə... Dövlətin büdcəsinə yığılan pullar da bizim gündə işlədiyimizə görə, aldığımız maaşlardan toplanan vergilərdir. Yəni, həmin 35 mini aramızda bölüşdürürük, ta nə edək?

Əziz uşaqlar, hesab edirəm ki, bu çağda siz valideynlərinizdən daha ağıllısınız. Pulla diplom qazanacaqsınıız, amma bu bir işə yaramayacaq. Əlində bir xəstə öləcək, tutub salacaqlar səni o rüşvət alanların yanına. Ya da morqda həkim olmaqdan başqa çarən yoxdur, oradakılara onsuz da olan olub.

Deməli belə, kriminal müxbirimizin əksər yazısı məni “dindən-dondan” çıxardır. Bu da işimizin bir cilvəsi. Elə bilirsiniz, kef edirik?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1598

Oxşar yazılar