2,5 milyon insan FHN-ə niyə zəng edib? - VİDEO
17 dekabr 2022 01:36 (UTC +04:00)

2,5 milyon insan FHN-ə niyə zəng edib? - VİDEO

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 17-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazirliyin inzibati binasında təntənəli iclas keçirilib.

APA xəbər verir ki, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin kollektivi Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanı ziyarət edilib,

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub. İclasda çıxış edən nazir Kəmaləddin Heydərov 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm tarixi Zəfərin ikinci ildönümü, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 17-ci ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edərək uğurlar arzulayıb.

Nazir bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəfffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin qazandığı misilsiz nailiyyətlər ulu öndər Heydər Əliyevin onilliklər ərzində gələcək inkişaf üçün formalaşdırdığı möhkəm təməllərdən güc alır. 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmiz isə bunu bir daha təsdiqləyib.

Nazir bildirib ki, FHN tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri fasiləsiz olaraq davam etdirilib, baş verən yanğınların operativ müdaxilə sayəsində söndürülməsi təmin olunub. Nazir vurğulayıb ki, cari ildə respublikada 15810, o cümlədən Bakı şəhərində 4118, işğaldan azad olunmuş ərazilərdə isə 308 yanğın hadisəsinə çıxış qeydə alınıb.

Ümumilikdə, yanğınların söndürülməsi zamanı 75 dövlət obyekti, 390 özəl obyekt, 305 çoxmənzilli bina, 536 fərdi ev, 458 yardımçı tikili, 288 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 90 nəfərin həyatı real təhlükədən xilas edilib.

Qeyd olunub ki, müxtəlif mövzularla, o cümlədən yanğın, partlayış, avtoqəza və digər məsələlərlə bağlı Nazirliyin “112” qaynar telefon xəttinə ümumilikdə 2,5 milyona və ya günə 7000-ə yaxın zəng daxil olub. Nazir qeyd edib ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq gələn il Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçiriləcək. Nazir əldə olunan bütün nailiyyətlərin müasir Azərbaycan dövlətinin banisi, bütün dövrlərin ən böyük azərbaycanlısı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi mütərəqqi siyasi xətti uğurla davam və inkişaf etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsi olduğunu xatırladaraq, Fövqəladə Hallar Nazirliyinə göstərdiyi bu münasibətə görə Nazirliyin şəxsi heyəti adından dövlətimizin başçısına dərin təşəkkürünü bildirib.

Sonra Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən hazırlanmış və Nazirliyin fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub. Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla Nazirliyin bir qrup əməkdaşına təltiflər təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2205
avatar

Oxşar yazılar