16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.
Lent.az xəbər verir ki, bu barədə "Oxu.az"ın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu qərar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli qərarı ilə təsdiqlənmiş "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"nın 8.1.9-cu bəndinə əsasən verilib.
Həmin bəndə görə, din xadimi mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə və din xadiminin fəaliyyətinə zidd hərəkətlərə yol verdikdə, vəzifəsindən uzaqlaşdırıla bilər.
***
10:41
Xəbərə APA TV-nin videosu əlavə olunub
***
21 iyun, saat 16:55
Abşeronda axunda qoşulub qaçan qız yayılan xəbərlərə münasibət bildirib.
Lent.az xəbər verir ki, Quran dərsləri üçün yanına getdiyi axunda qoşulub qaçan 17 yaşlı N. Babayeva öz razılığı ilə bu addımı atdığını deyib. O, xoşbəxt olduğunu və "yaxşı ki belə etdiyini" qeyd edib.
Daha ətraflı videdonu izləyin:
***
10:50
Abşeronda 16 yaşlı qız yaşadığı Aşağı Güzdək qəsəbəsinin mollası tərəfindən evlənmək məqsədilə qaçırılıb.
Lent.az xəbər verir ki, qaçırılan qızın atası Emin Babayev Den.az-a açıqlamasında qəsəbə məscidinin imamı Turab Tahirovu illərdir tanıdığını deyib.
Qızının hazırda Göyçayın Qaraməryəm kəndində olduğunu deyən ata hadisənin iyunun 17-də baş verdiyini bildirib. O, qızının qaçırılmasının əvvəlcədən planlaşdırıldığını qeyd edib:
“Hadisədən əvvəl qızımın məktəbdə son zəng tədbiri olub, ondan bir sonra məscidə kitab vermək üçün gedib, həmin gün də Göyçaya qaçırılıb. Məsciddə dini dərslər alırdı və gələcəkdə dini təhsil almağı planlaşdırırdı. Qızımın 16 yaşı var, məscidin imamı onu toruna salıb. O, əvvəllər ailəli olub və boşanıb. O, mənim yaşımdadır, qızımdan yaşca çox böyükdür, istəyirəm övladım geri qaytarılsın”.
E.Babayevin sözlərinə görə, baş verən hadisədən sonra molla tutduğu vəzifəsindən də azad edilib. O əlavə edib ki, qızı Göyçaya qaçırıldıqdan sonra telefonla ailəsinə zəng edib və ona orada toy keçiriləcəyini, ailə quracağını deyib.
Qızın ailəsi dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.
***
20 iyun, saat: 22:53
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu qız qaçırıb.
Lent.az Musavat.com-a istinadən xəbər verir ki, axund Turab Əliqan oğlu Tahirov məscidə Quran dərsinə gələn 16 yaşlı qız uşağını qaçırıb.
Qızın ailəsi polisə məlumat verib. Hazırda polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparırlar.
Hadisə ilə bağlı başqa bir detal isə axundun məscidə yığılan pulları da ələ keçirməsidir. İddia olunur ki, axund məscidin 20 min manatını da ələ keçirib.