27 iyul 2021 11:42 (UTC +04:00)

15 yaşlı qızın ərə verilməsinin qarşısı alındı - RƏSMİ

“15 yaşlı qız ərə verilməyib, sadəcə nişan mərasimi baş tutub”.

Bu sözləri Lent.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

O bildirib ki, Xaçmazın Qımılqışlaq kəndində qız toyunun keçirilməsi barədə sosial şəbəkədə məlumat yayıldıqdan sonra qurumun tapşırığı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri ailə ilə görüşüblər: “Ailə üzvləri bildiriblər ki, 15 yaşlı qız ərə verilməyib, sadəcə nişan edilib. Nişan etmələrinə səbəb isə pandemiyaya görə olub. Onlar yenidən sərt karantin rejiminin olmasından qorxduqları üçün nişan ediblər”.

T.Mərdanoğlu əlavə edib ki, sözügedən ailə daima nəzarətdə olacaq:

“Qızın toyu təhsilini bitirdikdən sonra, 18 yaşı tamam olan zaman baş tutacaq”.

Xatırladaq ki, hadisə barədə məlumat yayan “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə bildirmişdi ki, Xaçmazın şadlıq evlərindən birində qız toyu baş tutan qızın 16 yaşı hələ noyabrda olacaq. Onun evlənəcəyi şəxs isə 29 yaşında Ayaz adlı oğlandır”.

# 2850
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar