107 yaşlı Azərbaycan ORDUSU  – Qalib və MƏĞRUR 
25 iyun 2025 20:15 (UTC +04:00)

107 yaşlı Azərbaycan ORDUSU – Qalib və MƏĞRUR 

İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur. Bu tarix, sadəcə bir yubiley deyil – xalqın torpaqlarını qorumaq, öz suverenliyi uğrunda mübariz ruhunu ifadə edən bir simvoldur. Milli Ordumuzun tarix boyu qət etdiyi yolun zirvəsi, sözsüz ki, 2020-ci ilin Vətən müharibəsində qazandığı şanlı Qələbədir.

Lent.az-ın əməkdaşının bu mövzu ilə bağlı məqaləsini təqdim edirik: 

1918-ci il iyunun 26-da yaradılan əlahiddə Azərbaycan korpusu müasir ordumuzun ilk addımı oldu. O dövrdə 25 min nəfərlik ordu qurmaq məqsədi qoyulmuşdu. Nuru Paşa komandanlığı altında Bakının erməni-bolşevik birləşməsindən azad olunması, bu yeni qurumun ilk qürurverici nailiyyəti idi. Lakin Cümhuriyyətin ömrü uzun olmadı – 1920-ci ildə bolşevik işğalı ordunun ləğv olunmasına səbəb oldu, bir çox vətənpərvər zabitimiz repressiya qurbanına çevrildi.

Müasir Azərbaycan Ordusunun yenidən qurulması 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra başladı. Ancaq ilk illərdə siyasi qeyri-sabitlik, təcavüzkar qonşuluq siyasəti, nizami ordunun yoxluğu bizi çox ciddi sınaqlarla üz-üzə qoydu. Daxili ixtilaflar, koordinasiyasız hərbi dəstələr torpaq itkilərimizlə nəticələndi.

Heydər Əliyevin təşkilatçılıq qabiliyyəti sayəsində nizami ordu quruculuğuna ciddi əsaslar qoyuldu. Hələ sovet dövründə belə o, milli zabit kadrların yetişdirilməsinə çalışıb və bu istiqamətdə konkret addımlar atıb. Cəmşid Naxçıvanski liseyinin yaradılması bunun bariz nümunəsidir.

Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib.

Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi ilə bu siyasət keyfiyyətcə yeni bir mərhələyə daxil oldu. Ordunun modern silahlarla təchiz olunması, komanda bacarıqlarının artması, müasir taktiki yanaşmaların qəbul olunması ordumuzu regionun ən güclü ordularından birinə çevirdi.

Bu qüdrətin zirvəsini Vətən müharibəsi göstərdi. 44 günlük hərbi gedişat xalqın öz ordusuna inamını üzə çıxartdı. Qarabağın azad olunması, Şuşa döyüşü kimi tarixdə yer alan əməliyyatlar orduya müdafiə deyil, ümumxalq dayağı kimi baxıldığını göstərdi.

Bu Qələbə, sadəcə torpaq azadlığı deyildi. O, dövlətimizin siyasi iradəsinin, xalqın birliyinin, ordu quruculuğunun doğru istiqamətdə aparıldığının təsdiqi idi. Bu gün ordumuz, "Dəmir yumruq" rəmzi altında sərhədlərimizin mühafizəsində dayanır, yeni komando briqadaları, müasir təlim proqramları vasitəsilə daha da güclənərək işini davam etdirir.

Azərbaycan xalqı öz ordusuna inanır, çünki bu ordu təkcə döyüş qabiliyyəti ilə deyil, milli ruhu, dəyərlərə sadiqliyi ilə qələbə qazanmağı bacarıb. Bu gün, Silahlı Qüvvələr Gününü qeyd edərkən, biz sadəcə bir tarixi deyil, Azərbaycanın ərazi bütövlüyünü, müdafiəmizin, ordumuzun sarsılmazlığını qeyd edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar