Bütövlükdə hər il ali məktəblərə tələbə qəbulunda liseylərin məzunlarının mütləq əksəriyyəti nəinki “tələbə” adını qazanır, həm də ən nüfuzlu ixtisaslara yiyələnir. Başqa sözlə, istər türk liseyləri, istərsə də Təhsil Nazirliyinin tabeliyində olan liseylər ali məktəblərə qəbul kampaniyasında ən yüksək nəticələrlə respublikanın digər ümumtəhsil müəssisələrini geridə qoyur. Liseylərin adi məktəblərlə müqayisədə üstünlüyü imtahanda iştirak edən məzunların faiz nisbətində, onların imtahan fənləri üzrə orta bal göstəricilərində, topladıqları ballarda, daha nüfuzlu universitetlərə və ixtisaslara qəbulda özünü göstərir.
Liseylərin digər ümumtəhsil məktəbləri ilə müqayisədə daha bir üstünlüyü var: hər il respublika üzrə orta məktəb məzunlarının ən yaxşı halda 40 faizə qədəri ali məktəbə qəbul olduğu halda liseylərdə bu göstərici 95 faizdən yuxarı olur.
Bəs, görəsən, eyni təhsil proqramlarının tətbiq olunduğu bu müəssisələrinin məzunlarının nəticələri niyə hər il bir-birindən fərqlənir? Bu fərqlər özünü daha çox nədə göstərir və bunun sirri nədir?
Lent.az-ın əməkdaşı mövzunu araşdırarkən olduqca maraqlı, həm də ibrətamiz nəticələr ortaya çıxıb. Məlum olur ki, Təhsil Nazirliyinin tabeliyindəki liseylərdə təhsil göstəriciləri adi orta məktəblərdəkindən, türk liseylərinin nəticələri isə dövlət təhsil siyasətini həyata keçirən qurumun özünün liseylərindən xeyli dərəcədə yüksəkdir. Məsələn, 2010-cu ildə orta məktəbləri bitirmiş 60038 məzundan cəmi 5.0 faizi 500-dən yuxarı bal toplayıb. Həmin il Təhsil Nazirliyinin tabeliyindəki liseyləri bitirərək attestat almış 1257 məzundan 290-ı (məzunların 23.07 faizi) ali məktəblərə qəbul imtahanlarında 500 baldan, 88 məzun 600 baldan yuxarı nəticə göstərib. Türk liseylərinin 2010-cu ildəki məzunlarının göstəricisi həm adi məktəblərin, həm də Təhsil Nazirliyinin tabeliyindəki liseylərin məzunlarından daha yüksək olub. Belə ki, 2010-cu ildə türk liseylərinin 591 məzunundan 239-u və ya 49.58 faiz 500 baldan yuxarı nəticə göstərib.
Xatırladaq ki, təşkilati strukturundan və mülkiyyət formasından asılı olmayaraq, hazırda Azərbaycanda 49 lisey fəaliyyət göstərir. Bunlardan 32-si Təhsil Nazirliyinin, 17-si isə türk liseylərin payına düşür. Liseylərin böyük əksəriyyəti paytaxt Bakıda fəaliyyət göstərir. Bölgələrdə fəaliyyət göstərən bu tip təhsil müəssisələri əsasən, Bakı Özəl Türk Liseyinin regionlardakı filiallarıdır.
Ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, təhsilin keyfiyyət göstəricilərinə görə liseylər bir qayda olaraq, adi ümumtəhsil məktəblərindən yüksəkdə dayanır. Analoji hal ötən il də təkrarlanıb. Belə ki, 2011-ci ildə türk liseylərin bitirmiş 828 şagirddən 796-sı nəfəri attestat alıb. Attestat alanların 709 nəfəri (89,07 faizi) qəbul imtahanlarında iştirak edib və onlardan 529-u (imtahanda iştirak edənlərin 74,61 faizi) tələbə adını qazanıb. Türk liseylərinin ötənilki məzunlarının 325 nəfəri 500, 130 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Liseylərin abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 457.283 olub ki, bu da respublika üzrə orta göstəricidən 2.03 dəfə yuxarıdır.
Bütövlükdə 2011-ci ildə ali məktəblərə qəbul imtahanlarında 17 türk liseyinin 709 məzunu iştirak edib. Onlardan 10 nəfəri (məzunların 1,41 faizi) 0-100, 37 nəfəri (5,22 faizi) 100-200, 77 nəfəri (10,86 faiz) 200-300, 260 nəfəri (36,67 faiz) 300-500, 325 nəfəri (45,84 faiz) 500-dən yuxarı bal toplayıb. Bu isə o deməkdir ki, ötən il türk liseyləri abituriyentlərinin 82,51 faizi 300 baldan yuxarı nəticə göstərib. Liseylərin attestat qiymətləri “əla” olan abituriyentlərindən 200 baldan aşağı nəticə göstərən yoxdur. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlərin faiz nisbəti isə 87,16-dır.
Bu təhsil müəssisələri arasında məzunlarının orta bal göstəricisinə görə ilk beşliyə Bakı Türk liseyi, Naxçıvan Türk liseyi, Ə.Mahmudov adına Şərur Türk liseyi, Bakı Özəl Türk liseyi və Sumqayıt Özəl Türk liseyi daxil olub. Həmin 17 lisey arasında ən zəif nəticə göstərənlər “Qafqaz” Azərbaycan-Türkiyə Özəl gimnaziyası, Bakı Özəl Türk liseyinin Quba, “Dədə Qorqud”, Lənkəran və Şirvan filiallarıdır. Bununla belə, bu liseylərin məzunlarının imtahan nəticələri adi ümumtəhsil məktəblərinin orta bal göstəricilərindən xeyli yüksəkdir.
Təhsil Nazirliyinin tabeliyindəki liseylər üzrə həmin göstəricilər bir qədər fərqlidir. Belə ki, 2011-ci ildə bu liseylərin 1600 şagird bitirib və onların 1566 nəfəri attestat alıb. Attestat alanların 91.63 faizi (1435 nəfəri) qəbul imtahanlarında iştirak edib və onlardan 954 məzunu (imtahanda iştirak edənlərin 66.48 faizi) ali məktəblərə daxil olub. Ötən il Təhsil Nazirliyinin tabeliyindəki liseylərin məzunlarının 351 nəfəri 500-dən, o cümlədən 124 nəfəri 600-dən yuxarı bal toplayıb. Liseylərin abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 348.958 olub. Bu, respublika üzrə orta göstəricidən 51.1 faiz yuxarıdır.
Nazirliyin tabeliyində fəaliyyət göstərən 32 liseyin abituriyentlərinin bal intervalları üzrə göstəriciləri də maraqlıdır. Belə ki, ötən il həmin liseylərin məzunu olmuş 1435 nəfərdən 146-sı (10.17 faiz) 0-100, 211-i (14.70 faiz) 100-200, 229-u (15.96 faiz) 200-300, 498-i (34.70 faiz) 300-500 intervalında nəticə göstərib. 500-dən yuxarı nəticə göstərənlər isə 351 nəfər olub ki, bu da həmin liseylərin məzunlarının 24.46 faizini təşkil edir. Qəbul imtahanlarının nəticələrinə əsasən, ötən il Təhsil Nazirliyinin tabeliyindəki liseylərin məzunlarının 59.16 faizi 300 baldan yuxarı nəticə göstərib.
Bu liseylər arasında yaxşı göstəricilər üzrə ilk beşliyə BDU-nun nəzdində “Gənc istedadlar” liseyi, Z.Əliyeva adına tam orta məktəb, “Xəzər” Universitetinin nəzdində “Dünya” məktəbi, Müasir Təhsil Kompleksi, İ.Əfəndiyev adına “Elitar” gimnaziya daxildir. Ən zəif göstərici isə Beynəlxalq ümumtəhsil məktəbinin payına düşüb. Belə ki, ötən il həmin təhsil müəssisəsinin bir abituriyenti belə, ali məktəbə qəbul olmayıb. Təhsil Nazirliyinin tabeliyindəki liseylər arasında ən zəiflər sırasına Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, “Odlar Yurdu” Universitetinin nəzdindəki məktəb, Memarlıq və İnşaat Universitetinin fizika-riyaziyyat təmayüllü liseyi də var.
İndi isə adi ümumtəhsil məktəblərinin analoji göstəricilərinə diqqət edək: 2011-ci ildə respublikanın ümumtəhsil məktəblərini 95 min 473 şagird bitirib və onlardan 57 min 745-i (məzunların 60.48 faizi) ali məktəblərə qəbul imtahanlarında iştirak edib. Həmin abituriyentlərin 22 min 724-ü və ya 39.35 faizi ali məktəblərə daxil olub. Bütövlükdə ötən il abituriyentlərin 38,66 faizi 0-100, 23,78 faizi 100-200, 15,75 faizi 200-300, 16,53 faizi 300-500, 5,27 faizi isə 500-700 bal toplayıb.
Beləliklə, Təhsil Nazirliyinin tabeliyindəki liseylərin məzunları bir qayda olaraq, ali məktəblərə qəbulda türk liseylərini bitirənlərlə müqayisədə aşağı, adi ümumtəhsil məktəblərinin şagirdlərindən isə yüksək nəticə göstərir. Bu, dövlət sifarişli ixtisaslarda da özünü büruzə verir. Məsələn, türk liseylərinin ötənilki qəbul imtahanlarında iştirak edən hər 100 məzunundan 34-35-i (məzunların 34.13 faizi), Təhsil Nazirliyinin tabeliyindəki liseylərin isə hər 100 məzunundan 28-29-u (məzunların 28.22 faizi) dövlət sifarişli ixtisaslara daxil olub. Liseylərdən sonra bu göstərici üzrə ən yüksək nəticə Neftçala (məzunların 21.79 faizi), Qax (məzunların 20.96 faizi) və Şahbuz rayonlarındakı (məzunların 20.00 faizi) ümumtəhsil məktəblərinin məzunlarına məxsusdur.
Türk liseylərinin abituriyentlərinin son iki ildə əldə etdiyi göstəricilər:
№ | Liseylərin adı | Abituriyentlərin sayı | Qəbul olunub | Orta bal | 500 və daha çox bal topl. | |||||
2010 | 11 | 2010 | 11 | 2010 | 2011 | 2010 | 11 | |||
1. | Bakı Türk liseyi | 60 | 54 | 54 | 42 | 576.800 | 575.389 | 51 | 43 | |
2. | Bakı özəl türk liseyi | 42 | 46 | 30 | 34 | 516.976 | 475.152 | 29 | 22 | |
3. | "Qafqaz" Azərbaycan-Türkiyə özəl gimnaziyası | 47 | 33 | 28 | 20 | 367.681 | 384.697 | 16 | 10 | |
4. | Bakı Türk Anadolu liseyi | 26 | 26 | 14 | 17 | 409.231 | 467.692 | 10 | 14 | |
5. | Atatürk liseyi | 23 | 19 | 15 | 18 | 374.304 | 409.586 | 7 | 11 | |
6. | “Dədə Qorqud” özəl türk liseyi | 49 | 57 | 29 | 39 | 474.245 | 404.211 | 26 | 17 | |
7. | Naxçıvan türk liseyi | 54 | 59 | 50 | 56 | 541.481 | 554.305 | 39 | 45 | |
8. | Ordubad qız liseyi | 27 | 25 | 23 | 21 | 467.667 | 458.560 | 13 | 10 | |
9. | Şərur türk liseyi | 27 | 53 | 22 | 49 | 498.593 | 480.943 | 12 | 24 | |
10 | Gəncə Azərb-Türk. özəl lis. | 20 | 44 | 11 | 30 | 432.200 | 451.091 | 9 | 17 | |
11 | Sumqayıt özəl türk liseyi | 35 | 50 | 17 | 33 | 396.600 | 469.680 | 13 | 30 | |
12 | Mingəçevir özəl türk liseyi | 27 | 38 | 19 | 35 | 411.889 | 468.763 | 9 | 19 | |
13 | Şəki Azərb-Turk. özəl liseyi | 34 | 39 | 19 | 27 | 383.912 | 421.051 | 11 | 14 | |
14 | Ağdaş özəl türk liseyi | 29 | 34 | 14 | 25 | 378.586 | 439.029 | 9 | 15 | |
15 | Şirvan özəl türk liseyi | 30 | 41 | 19 | 27 | 421.600 | 409.000 | 15 | 12 | |
16 | Lənkəran özəl türk liseyi | 25 | 40 | 21 | 26 | 482.280 | 408.900 | 13 | 10 | |
17 | Quba özəl türk liseyi | 36 | 41 | 20 | 30 | 401.306 | 396.024 | 11 | 12 |
Təhsil Nazirliyinin tabeliyindəki liseylərinin abituriyentlərinin son iki ildə əldə etdiyi göstəriciləri:
№ | Liseylərin adı | Abituriyentlərin sayı | Qəbul olunub | Orta bal | 500 və daha çox bal topl. | ||||
2010 | 11 | 2010 | 11 | 2010 | 2011 | 2010 | 11 | ||
1. | Fizika, riyaziyyat və informatika təmay.lisey | 123 | 120 | 75 | 82 | 353.984 | 347.450 | 33 | 24 |
2. | İncəsənət gimnaziyası | 80 | 72 | 45 | 40 | 265.338 | 258.597 | 6 | 8 |
3. | Bakı Avropa liseyi | 42 | 41 | 32 | 36 | 476.262 | 448.610 | 17 | 14 |
4. | MİU-nun fizika- | 11 | 14 | 7 | 7 | 237.818 | 199.143 | 1 | 0 |
5. | "XXI əsr" MMC-nin | 6 | 8 | 5 | 6 | 488.667 | 417.750 | 3 | 1 |
6. | “Gənc istedadlar” liseyi (BDU) | 17 | 19 | 15 | 18 | 508.118 | 519.632 | 11 | 12 |
7. | “Dunya” məktəbi (“Xəzər”) | 7 | 13 | 6 | 12 | 453.143 | 480.923 | 3 | 6 |
8. | Z.Əliyeva adına məktəb | 44 | 156 | 34 | 141 | 461.909 | 509.115 | 18 | 87 |
9. | Beynəlxalq umumtəhsil məktəbi | 2 | 1 | 1 | 0 | 312.500 | 192.000 | 1 | 0 |
10 | "İntellekt" məktəb-liseyi | 44 | 54 | 36 | 47 | 431.386 | 413.611 | 15 | 16 |
11 | Orta İxtisas Musiqi Məktəbi | 65 | 71 | 38 | 44 | 196.246 | 171.563 | 1 | 0 |
12 | Qərb Universitetinin orta məktəbi | 5 | 1 | 3 | 1 | 271.000 | 539.000 | 0 | 1 |
13 | “Günar" MMC-nin orta məktəbi | 2 | 11 | 2 | 8 | 348.500 | 352.000 | 0 | 2 |
14 | Heydər Əliyev adına lisey | 138 | 126 | 99 | 87 | 411.246 | 375.349 | 51 | 38 |
15 | Humanitar fənlər təmayullu məktəb-lisey | 4 | 13 | 0 | 6 | 48.750 | 279.846 | 0 | 2 |
16 | Humanitar fənlər təm. | 22 | 18 | 8 | 10 | 262.864 | 265.389 | 3 | 1 |
17 | Xarici dillər təmay. orta internat tipli gimnaziya | 16 | 30 | 7 | 13 | 206.250 | 258.000 | 1 | 3 |
18 | Humanitar fənlər gimn. | 23 | 27 | 12 | 21 | 364.174 | 423.037 | 4 | 8 |
19 | “Tərəqqi” liseyi | 67 | 54 | 41 | 39 | 295.970 | 367.833 | 8 | 17 |
20 | “Ankara Məktəbi” | 39 | 59 | 25 | 47 | 347.103 | 382.678 | 7 | 16 |
21 | Dövlət Dəmir Yolu Lis. | 25 | 16 | 13 | 8 | 256.160 | 258.062 | 1 | 2 |
22 | Gözdən əlil uşaqlar üçün internat məktəbi | 24 | 19 | 9 | 6 | 186.083 | 220.474 | 0 | 0 |
23 | “Odlar Yurdu” Un-nin | 4 | 6 | 1 | 1 | 183.500 | 171.833 | 0 | 0 |
24 | Xarici dillər təm. gimn. | 67 | 58 | 42 | 42 | 342.448 | 340.000 | 13 | 10 |
25 | “Elitar” gimnaziya | 56 | 33 | 45 | 29 | 391.214 | 453.788 | 18 | 16 |
26 | BSU-nun Məktəb-Lisey Kompleksi | 53 | 85 | 34 | 42 | 358.509 | 278.024 | 13 | 6 |
27 | Müasir Təhsil Kompleksi | 19 | 18 | 12 | 14 | 316.684 | 463.722 | 4 | 9 |
28 | "Xabad Or Avner" kompleksinin məktəbi | 11 | 4 | 5 | 3 | 277.545 | 341.750 | 0 | 1 |
29 | “Zəngi” liseyi | 87 | 71 | 62 | 42 | 390.529 | 340.521 | 30 | 18 |
30 | Kimya-biologiya təmayüllü lisey | 154 | 148 | 61 | 59 | 308.870 | 278.520 | 28 | 23 |
31 | 132-134 saylı Təhsil Kompleksi | - | 27 | - | 15 | - | 288.667 | - | 4 |
32 | Beynəlxalq Təhsil Kompleksi | - | 42 | - | 28 | - | 318.071 | - | 6 |
Elxan SALAHOV