Oqtay Şirəliyev Faruk Çəlikin təklifini bəyəndi
13 iyul 2012 17:39 (UTC +04:00)

Oqtay Şirəliyev Faruk Çəlikin təklifini bəyəndi

Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çəlikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Oqtay Şirəliyev əhalinin sosial müdafiəsi baxımından Türkiyə kimi inkişaf etmiş ölkənin nümayəndələri ilə təcrübə mübadiləsinin vacib olduğunu söyləyib.

Oqtay Şirəliyev iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində görülmüş işlərdən, o cümlədən yerli müdavimlərin Türkiyənin qabaqcıl ali təhsil ocaqlarında təhsil almasını, zəngin təcrübə keçməsini və təkmilləşərək ölkəyə tam hazır kadr kimi qayıtmasını əhəmiyyətli amil kimi dəyərləndirib. O, türkiyəli qonaqlara ölkəmizdə tibb və sosial müdafiə sahəsində görülən işlərdən və əldə olunmuş nailiyyətlərdən danışıb. Səhiyyə naziri bir necə il öncə ölkələrimiz arasında səhiyyə sahəsində imzalanmış protokolların daha da genişləndirilməsinin tərəfdarı olduğunu bildirib.

Faruk Çəlik də ikinci vətən saydıqları Azərbaycanla qurulmuş əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün hər bir şəraitin olduğunu dilə gətirib. O qeyd edib ki, onların hesablamalarına görə hazırda Türkiyədə 17 min azərbaycanlı, Azərbaycanda isə 43 min türk vətəndaşı yaşayır. Türkiyəli nazirin fikrincə, bu amil ölkələrimiz arasında olan əlaqələrin daha da genişlənməsinə və təkmilləşməsinə səbəb olmalıdır. O, hər iki ölkədə yaşayan vətəndaşlarımızın yüksək səviyyədə tibbi yardım alması üçün yeni xüsusi protokolların hazırlanması təklif edib. Faruk Çəlik nəzərə çatdırıb ki, Türkiyədə iki əsas səhiyyə qurumu fəaliyyət göstərir. Onlardan biri Türkiyənin Sağlıq Nazirliyi, digəri isə Əmək və Sosial Müdafiə Nazirliyidir: “Azərbaycanda dövlət tibbi xidməti ödənişsiz, Türkiyədə isə sığorta sistemi üzrə fəaliyyət göstərdiyi üçün hər iki ölkədə yaşayan vətəndaşlarımızın lazımi tibbi yardım alması üçün xüsusi imtiyazlı layihələrin işlənib hazırlanması və tez bir zamanda tətbiqi məqsədəuyğun olardı”.

Oqtay Şirəliyev belə bir layihənin hazırlanmasını və tətbiqini dəstəklədiyini və bunun çox vacib məsələlərdən biri olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1071

Oxşar yazılar