Sabah TQDK rezidenturaya qəbul imtahanları keçiriləcək
23 sentyabr 2011 18:35 (UTC +04:00)

Sabah TQDK rezidenturaya qəbul imtahanları keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanı keçirir.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə 2011-ci il sentyabrın 12-dən 20-dək (saat 10:00-dək) aparılıb və 1063 nəfər ərizə təqdim edib.
Onlardan 763 nəfəri qız, 300 nəfəri isə oğlanlardır. İmtahan yalnız Bakı şəhərində 2 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında saat 11:00-da başlanacaq. Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.
Birinci mərhələnin imtahanı sentyabrın 24-də, ikinci mərhələnin imtahanı sentyabrın 25-də keçiriləcək. Namizədlər öz elektron ərizələrinə daxil olaraq, hər bir imtahan üçün ayrılıqda “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. İmtahanda iştirak etmək üçün namizədlər ”Namizədin imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyəti təsdiq edən sənədin əslini mütləq özləri ilə gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır. Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 40-dan az olmamalıdır.
Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisas seçimini təsdiq etməlidirlər.

Qeyd edək ki, rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı 300-dür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar