TQDK rezidenturaya qəbul imtahanları ilə bağlı narahatlıqlara münasibət bildirib
21 sentyabr 2011 17:59 (UTC +04:00)

TQDK rezidenturaya qəbul imtahanları ilə bağlı narahatlıqlara münasibət bildirib

Son günlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rezidenturaya qəbul imtahanlarına hazırlaşan gənclərin çoxsaylı müraciətləri daxil olmaqdadır. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu müraciətlərdə hansısa “ekspert”lərin rezidenturaya qəbul imtahanında istifadə olunması nəzərdə tutulan suallardan guya əvvəlcədən xəbərdar olduqları və həmin sualları müəyyən ödənişlər müqabilində kimlərəsə satdıqları qeyd olunur.

Bununla əlaqədar olaraq TQDK ictimaiyyətin nəzərinə çatdırır ki, rezidenturaya qəbul imtahanı ilə bağlı böyük həcmli testlər bankı yaradılıb. Bu banka baza ali tibb təhsili səviyyəsinin hər bir istiqaməti üzrə ayrılıqda bir neçə min sual daxildir ki, həmin sualların formalaşdırılmasında onlarla yerli və xarici ekspert iştirak ediblər. Xarici ekspertlər əsasən Türkiyə Respublikasından, Rusiya Federasiyasından, eləcə də MDB-nin bir sıra respublikalarını təmsil edirlər. Hər bir sual test bankına təqdim olunduqda tamamilə fərqli ekspertlər tərəfindən yoxlamadan keçirilib və müəlliflərin özlərinin təqdim etdikləri hansı sualların banka daxil edildiyini bilməsi mümkünsüzdür. Ümumilikdə isə, qeyd olunan test bankında olan sualların həcminin çoxluğu, məxfiliyin xüsusi kompüter proqramları ilə qorunması həmin suallardan hər hansı şəxs və ya şəxslərin xəbərdar olması imkanlarını tamamilə aradan qaldırır.

TQDK tərəfindən rezidenturaya qəbul imtahanlarında test bankının təhlükəsizliyinin yüksək standartlarla təmin edildiyi sentyabrın 10-da və 11-də keçirilmiş sınaq imtahanlarında bir daha özünü göstərib. Halbuki bütün sınaq imtahanlarında olduğu kimi, bu sınaq imtahanında da imtahana sualların hazırlanması üçün qapalı bunker formalaşdırılmayıb. 2011/2012-ci tədris ili üçün rezidenturaya qəbul imtahanları sentyabrın 24-də və 25-də keçiriləcək. Bununla əlaqədar olaraq TQDK tərəfindən sentyabrın 19-dan etibarən qapalı bunker formalaşdırılıb. Həmin bunkerə cəlb olunmuş ekspertlər ətraf aləmdən tam təcrid olunmuş şəraitdə çalışırlar, bundan əlavə onların sualların seçilməsində heç bir rolları yoxdur. Ekspertlər təsadüfi seçim əsasında kompyuter proqramlarının təqdim etdiyi sual variantlarının son ekspertizasını aparır, həmin suallarda texniki səhvin olub-olmadığını yoxlayırlar. İmtahan başa çatanadək onlar qapalı rejimdə çalışacaqlar.

TQDK Rezidenturaya qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə çatdırır ki, əsassız fikirlərə, müxtəlif “işbazlar”ın yalan vədlərinə inanmasınlar. TQDK rezidenturaya qəbul imtahanını digər imtahanlarda olduğu kimi tam şəffaf və obyektiv şəraitdə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804

Oxşar yazılar