Yeni dərs ilində yeni məktəb –
15 sentyabr 2011 15:23 (UTC +04:00)

Yeni dərs ilində yeni məktəb –

Yeni dərs ilinin başlanması ilə əlaqədar bu gün Bakının Nəsimi rayonundakı 35 saylı orta məktəbin yeni tədris korpusunun açılış mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, mərasimdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı valideynlər, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər. Məktəbin direktoru Rəna Naibova mərasimdəki çıxışında son illər bu təhsil müəssisəsinə şagird axınının çoxaldığını, bu səbəbdən də əlavə korpusun tikilməsinə ehtiyac yarandığını söyləyib. Yeni tədris korpusunun prezident İlham Əliyevin sərəncamə əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən inşa edildiyini deyən Rəna Naibova təhsilə göstərdiyi xüsusi diqqətə görə ölkə başçısına minnətdarlığını bildirib.

Direktor onu da qeyd edib ki, 4 mərtəbəli yeni tədris korpusunda yalnız ibtidai sinif şagirdləri təhsil alacaq. Onun sözlərinə görə, yeni binada dərs ilinə tam hazır vəziyyətdədir və şagirdlər burada rahat şəkildə təhsil ala biləcəklər: “Yeni korpusumuz bütün texniki avadanlıqlarla, ləvazimatlarla təmin olunub. Həmçinin qış aylarında bu binada istilik sistemləri də fasiləsiz işləyəcək”.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini müavini Ağəli Əhmədov isə 35 saylı məktəbin uğurlarından danışıb. O qeyd edib ki, hazırda 700-dən çox şagirdin təhsil aldığı 35 saylı orta məktəb Nəsimi rayonundakı ən yaxşı ümumtəhsil müəssisələri arasında seçilir. Belə ki, bu məktəb hər il ali təhsil müəssisələrinə daxil olan məzunlarının sayına görə öncül yerləri tutur: “Bu məktəbdə Prezident Təqaüdü alan məzunlar, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi seçilmiş müəllimlər var. Bu il həmin göstəricilərə 35 saylı məktəb rayonumuzun məktəbləri arasında xüsusilə fərqlənir”.

Mərasimdə ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Onlar “Bilik günü”nə həsr olunmuş şeirlər soyləyib, mahını oxuyublar.

Xatırladaq ki, bu gün Azərbaycanda yeni – 2011-2012-ci tədris ili başlayıb. Təhsil Nazirliyinin yaydığı məlumata görə, bu il ölkədəki 4500-dən çox ümumtəhsil məktəbində 1 milyon 500 minə yaxın şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 170 minə yaxın müəllim məşğul olacaq. Yeni dərs ilində I sinif şagirdlərinin sayının 124 min 274 olacağı proqnozlaşdırılır.

E.İsazadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2826

Oxşar yazılar