Prezident İlham Əliyev Mərdəkandakı iki orta məktəbdə yenidənqurma işləri ilə tanış olub
09 sentyabr 2011 19:57 (UTC +04:00)

Prezident İlham Əliyev Mərdəkandakı iki orta məktəbdə yenidənqurma işləri ilə tanış olub

Lent.az Azərtac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli orta məktəbin yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub, qəsəbədəki 181 nömrəli orta məktəbdə aparılan əsaslı təmir işlərinin gedişi ilə maraqlanıb. 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmir və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.


Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli orta məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış olmaq üçün bu təhsil ocağına gəlib. Görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib.


Qeyd edək ki, Prezident İlham Əliyev mayın 12-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində görülən işlərlə yaxından tanış olarkən sakinlər 123 nömrəli orta məktəbin binasının əsaslı təmir olunmasını dövlət başçısından xahiş etmişdilər. Prezident İlham Əliyev məktəbin binasının əsaslı şəkildə təmir və bərpa olunması ilə bağlı yerindəcə tapşırıqlar vermişdi. Dövlət başçısının tapşırıqlarına əsasən, 123 nömrəli orta məktəbin binası qısa vaxt ərzində ən müasir standartlara uyğun olaraq əsaslı şəkildə təmir edilib.

Məktəbin ayrı-ayrı sinif otaqları, fənn kabinetləri və laboratoriyalar tamamilə yenidən qurulub, döşəmə və tavan dəyişdirilib, fasadı bərpa edilib. Məktəb ən müasir kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin idman meydançası da əsaslı şəkildə yenidən qurulub. Burada idman dərslərinin keçirilməsi üçün hər cür şərait yaradılıb.


Sonra Prezident İlham Əliyev Mərdəkan qəsəbəsində 181 nömrəli orta ümumtəhsil məktəbinin binasında əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub. Görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, məktəbin binası 1965-ci ildə inşa edilib, 4 hektar ərazisi var. 964 şagird yerlik 181 nömrəli məktəbdə 1514 şagirdin təhsil aldığı, dərslərin iki növbə üzrə tədris olunduğu qeyd edilib. Həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1361

Oxşar yazılar