Vaqif Əliyev çap-poliqrafiya müəssisələrinin nümayəndələri ilə görüşüb
Lent.az-ın məlumatına görə, görüşdə sentyabrın 28-dən 30-a qədər keçiriləcək II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq işləri ilə yanaşı, nəşriyyat işinin digər aktual məsələləri də müzakirə mövzusu olub. Vaqif Əliyev bildirib ki, iki ildən bir Bakıda təşkil edilən beynəlxalq kitab sərgi-yarmarkaları kitab evləri, yayımları, nəşriyyatı, poliqrafiya müəssisələri ilə bağlı bir çox məsələləri inkişaf etdirmək üçün böyük əhəmiyyət daşıyır. Nazir müavini II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunduğunu qeyd edib. Yarmarkaya hazırlıq işlərindən danışan V. Əliyevin sözlərinə görə, builki yarmarka keyfiyyət və məzmun baxımından birincidən fərqlənəcək. Yarmarka çərçivəsində müxtəlif konfranslar, simpoziumlar, təqdimat mərasimləri, müəlliflərlə görüşlər təşkil olunacaq: “Yarmarkada bir çox ölkələrdən təmsilçilərin iştirakı gözlənilir. Azərbaycanda 110-dan çox nəşriyyat, poliqrafiya müəssisəsi fəaliyyət göstərir. Onlardan 80-i tədbirdə iştirak etmək üçün nazirliyə müraciət edib. Yarmarkada Qarabağla bağlı kitablar da sərgilənəcək. Turizmlə bağlı xüsusi ekspozisiya açılacaq. Heydər Əliyev Fondunun stendi olacaq. Yəqin xarici ölkələrin səfirlikləri də iştirak edəcək”.
Nəşriyyat və çap-poliqrafiyaların ƏDV ödəməsi ilə bağlı çətinliklərinə gəlincə, V. Əliyev deyib ki, bu müəssisələrin işinin daha da yaxşılaşdırılması üçün gələcəkdə müvafiq problemə baxıla bilər: “Onların çətinliklərindən xəbərimiz var. Amma qanun qanundur. Nəşriyyat və poliqrafiyalar da həmin qanunlarla işləyirlər. Amma gələcəkdə bu məsələyə baxıla bilər”.
Xəyalə Muradlı

1146