Vəzifəli şəxslərin hesabatlılığı ilə bağlı  maarifçilik işi aparılacaq
05 sentyabr 2011 16:11 (UTC +04:00)

Vəzifəli şəxslərin hesabatlılığı ilə bağlı maarifçilik işi aparılacaq

“Konstitusiya” Araşdırmalar Fondu Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılması və onun ictimai vəkillik kampaniyasının aparılması” layihəsinin icrasına başlayıb.

“Konstitusiya” Araşdırmalar Fondundan Lent.az-a verilən məlumata görə, layihənin əsas məqsədi cəmiyyətdə korrupsiyanın təzahür formaları və onlara qarşı mübarizə metodları haqqında ictimaiyyətin məlumatlandırılması, şəffaflığın artırılması üçün vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasıdır.

Layihə çərçivəsində korrupsiya və ona qarşı mübarizə, vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mövzusunda ictimaiyyətin məlumatlandırılması məqsədilə televiziya və radio verilişlərin hazırlanması, mətbuatda və xəbər saytlarında məqalələrin dərc olunması, bölgələr də daxil olmaqla, ictimai müzakirə və dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. Artıq “Konstitusiya” Araşdırmalar Fondunun ekspertləri tərəfindən milli qanunvericilik və beynəlxalq praktika əsas götürülməklə vəzifəli şəxslər tərəfindən təqdim ediləcək maliyyə xarakterli məlumatlar haqqında Bəyannamənin ilkin forması hazırlanıb.

Eyni zamanda vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi yönündə təkliflər hazırlanıb. Bəyannamə forması və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin əlaqədar dövlət orqanları ilə müzakirəsi prosesi başlayıb. Müzakirələr başa çatdıqdan sonra Bəyannamə forması, qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər ictimaiyyətə təqdim ediləcək, “Konstitusiya” Araşdırmalar Fondunun və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin saytında yerləşdiriləcək. İctimaiyyətin rəyini öyrənmək üçün bununla bağlı təşkilatın saytında sorğu da keçiriləcək.

Layihənin gözlənilən nəticələri ilə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, layihə çərçivəsində həyata keçiriləcək maarifçilik fəaliyyəti vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizmləri ilə bağlı vətəndaşların məlumatlandırılması baxımından əhəmiyyətli töhfə olacaq. Bu sahədə məlumatlılıq səviyyəsi çox aşağıdır. Layihənin komponentlərindən biri olan maliyyə xarakterli məlumatlar haqqında Bəyannamənin formasının hazırlanması, vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanmış təkliflər, ictimai müzakirələr bu sahədə beynəlxalq praktikada istifadə olunan prosedur və mexanizmlərin ölkəmizdə tətbiqi işinə yardım göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar