Bir ailədən iki prezident təqaüdçüsü - FOTO
02 sentyabr 2011 13:47 (UTC +04:00)

Bir ailədən iki prezident təqaüdçüsü - FOTO

Dünən Azərbaycan prezidenti İlham Əliyev 2011-2012-ci tədris ilində prezident təqaüdünə layiq görülən tələbələrlə bağlı sərəncam verdi. Prezident təqaüdünə layiq görülən tələbələrdən biri – Orxan Fətullayev ailədə bu təqaüdü alan ikinci övladdı. Maraqlıdır ki, Azərbaycanda ilk dəfə olaraq bir ailənin iki üzvü - Orxan və Rauf Fətullayev qardaşları tələbələr üçün təsis olunmuş prezident təqaüdünə layiq görülüblər. Biz də bu ailəni yaxından tanımaq və Lent.az-ın oxucularına tanıtmaq üçün onlarla görüşmək qərarına gəldik.

Qeyd edim ki, Fətullayev qardaşları ilə ata Əbülfət Fətullayevin iş yerində görüşdük. Atanın ilk sözü gözləntilərinin doğrulması ilə bağlı oldu: “İçimdə bir əminlik var idi ki, Orxan da prezident təqaüdçüsü alacaq. Çünki o da böyük oğlum kimi çalışqan idi. Doğrusu, mən 700 bal gözləyirdim (gülür). Amma imtahandan çıxanda özü də 2 sualı səhv elədiyini demişdi. Ona görə 700-ə çatmadı. Amma mən oğlanlarımla qürur duyuram”.

O. Fətullayev Bakı Dövlət Universitetinin bu il təsis olunan yeni fakültəsinə - kompüter bilikləri fakültəsinə 685 balla daxil olub.

Ə.Fətullayevin prezident tədaüdçüsü olan oğullarının ikisi də ataları kimi texniki istiqamətdə çalışmaq istəyirlər: “Rauf 2001-2002-ci ildə Heydər Əliyevin təqaüd ayırdığı 25 nəfərdən biri olub”.

Rauf Fətullayev universitet illərində prezident təqaüdünü almaq üçün çox çalışdığını dedi: “Qiymətlərimin hamısının “5” olması üçün çox oxuyurdum. Universiteti qırmızı diplomla bitirib, magistraturaya daxil oldum. Ardınca isə texnika elmləri üzrə namizəd oldum. O zaman 20 “şirvan”” təqaüd alırdım”.
Rauf Fətullayev hazırda Dilmanc layihəsinin proqramçılar qrupunun rəhbəridir. Azərbaycanda ilk dəfə həyata keçirilən bu layihənin məqsədi şifahi söylənən fikirlərin avtomatik olaraq kompüterə daxil edilməsi, eyni zamanda Azərbaycan dilindən müxtəlif dillərə tərcüməni asanlaşdıracaq proqramlaşdırma dili yaratmaqdır.

Orxan Fətullayev qardaşının yolunu davam etdirəcəyinə əmindir: “Bu il prezident təqaüdü 150 manat civarında təyin olunub. Universitetdə bu təqaüdü təhsilimin sonuna qədər saxlamaq üçün səy göstərəcəm”.

Əlavə edim ki, E.Fətullayevin ortancıl oğlu Cavid Fətullayev də dövlət proqramı əsasında hazırda Almaniyanın Köln şəhərində tibb sahəsi üzrə təhsil alır: “Bircə o texniki sahəyə yox, tibb sahəsinə yönəldi. Hələ 7-8 yaşı olanda alman dilinə maraq göstərirdi. Sonunda dövlət proqramı ilə istədiyi universitetə daxil oldu”.

Nailə Rövşənqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1205

Oxşar yazılar