Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb
16 avqust 2011 14:49 (UTC +04:00)

Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb

Dövlət Qulluğu Komissiyası cari ilin 27 may-14 iyun tarixlərində dövlət qulluğuna keçirdiyi müsabiqə ilə bağlı yekun nəticələri açıqlayıb. Lent.az-a komissiyadan daxil olan məlumata görə bu mövsüm 77 dövlət orqanı üzrə 740 vakant dövlət qulluğu vəzifə üzrə müsabiqə aparılıb. Müsabiqədən keçmiş namizədlər 8-12 iyul tarixlərində imtahanın müsahibə mərhələsindən keçiblər.

Test mərhələsində namizədlərə dünyagörüşü (Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətlər sahəsində) üzrə 15, qanunvericilik sahəsindən 40, informasiya texnologiyalarından 15, məntiqi düşünmə qabiliyyətindən isə 40 test tapşırığı təqdim olunub.

Test imtahanında ilk inzibati vəzifələrin 6-7-ci, sonra isə 8-9-cu təsnifatları üzrə qeydə alınmış namizədlər iştirak ediblər. Namizədlər metodiki vəsait və proqramla bağlı məlumatı komissiyanın rəsmi internet ünvanından əldə ediblər.

Məlumatda qeyd edilir ki, müsabiqədə 4199 namizəd qeydə alınıb və yalnız 1148 nəfəri qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla başa vuran namizədlərdən 543 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını, 310 nəfəri 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını, 295 nəfəri isə 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. Test imtahanında ümumiyyətlə iştirak etməyənlərin sayı isə 815 nəfər (bütün namizədlərin 19.41%-i) olub.

Nazirliklər üzrə namizədlərin sayı belədir: 171 nəfər İqtisadi İnkişaf Nazirliyi, 86 nəfər Təhsil Nazirliyi, 54 nəfər Mədəniyyət və Turizm Nazirliyi, 48 nəfər isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi.

Müsabiqənin test mərhələsindən keçən namizədlərə gəldikdə, göstəricilər bu cür sadalanıb: İqtisadi İnkişaf Nazirliyi - 28 yerə qarşı qeydə alınmış 644 namizəddən 125-i test imtahanından uğurla keçib; Təhsil Nazirliyi - 64 yerə qarşı qeydə alınmış 414 namizəddən 99-u test imtahanından uğurla keçib; Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi - 10 yerə qarşı qeydə alınmış 301 namizəddən 76-sı test imtahanından uğurla keçib; Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi - 73 yerə qarşı qeydə alınmış 161 namizəddən 73-ü test imtahanından uğurla keçib; Bakı Ağır Cinayətlər Məhkəməsi - 25 yerə qarşı qeydə alınmış 141 namizəddən 72 nəfər test imtahanından uğurla keçib.
# 455

Oxşar yazılar