Məleykə Abbaszadə Odlar Yurdu Universiteti ilə polemikaya son qoydu
12 avqust 2011 12:22 (UTC +04:00)

Məleykə Abbaszadə Odlar Yurdu Universiteti ilə polemikaya son qoydu

Lent.az-ın məlumatına görə, bunu avqustun 12-də keçirilən mətbuat konfransında çıxış edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. O, Odlar Yurdu Universitetinin tibb fakültəsinin tələbələrinin rezidentura imtahanlarına buraxılmaması ilə bağlı yaranmış vəziyyətə aydınlıq gətirib.

TQDK sədri deyib ki, TQDK ilə Odlar Yurdu Universiteti arasında yaranan problemin kökündə bu ali məktəbin oğlan tələbələrinin rezidentura imtahanlarına qədər hərbi xidmətdən möhlət hüququ alması yatırdı: “Biz, bu il ilk dəfə keçiriləcək rezidentura imtahanlarında iştirak etmələri üçün Müdafiə Nazirliyinə yalnız Tibb Universitetinin oğlan tələbələrinə möhlət hüququ verilməsi ilə bağlı müraciət etmişdik. Digər universitetlərdə tibb təhsili alan və həmin yerlərdə necə oxuduqları bəlli olmayan tələbələrlə bağlı nazirliyə müraciət etmədik. Ola bilsin, onlar bu problemlərini hansısa yolla həll ediblər. Ancaq mən tez-tez görürəm ki, Korrupsiya ilə Mübarizə İdarəsi qanunsuz fəaliyyətlə məşğul olan hərbi komissarları həbs edir”.

Qeyd edək ki, TQDK sədri Odlar Yurdu Universitetinin tibb fakültəsinin oğlan tələbələrinə rezidentura imtahanlarında iştirak etmək üçün möhlət hüququ verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyəcəyini açıqlamışdı. Belə olan halda isə həmin ali məktəbin tibb fakültəsinin tələbələri hərbi xidmətə gedəcəkləri üçün rezidentura imtahanlarında iştirak hüququndan məhrum olacaqdılar.

Universitetin rektoru Əhməd Vəliyev isə Lent.az-a açıqlamasında bildirmişdi ki, artıq problem həll edilib və onun tələbələri sentyabr ayında keçiriləcək rezidentura imtahanlarında iştirak edəcəklər.

M. Abbaszadənin sözlərindən ilə belə çıxır ki, TQDK həmin tələbələrə hərbi xidmətdən möhlət hüququnun hansı yolla verilməsindən xəbərsizdir.

Anar GƏRAYLI
# 844

Oxşar yazılar