Müdafiə Sənayesi Nazirliyində kollegiya iclası keçirilib
28 iyul 2011 14:54 (UTC +04:00)

Müdafiə Sənayesi Nazirliyində kollegiya iclası keçirilib

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda birlik və müəssisələrin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib. Bildirilib ki, 2011-ci ilin 6 ayında tabeli müəssisələrdə ümumilikdə istehsal olunan məhsulların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,0 dəfə artıb.




Hesabat dövründə 2011-ci ilin Dövlət Müdafiə Sifarişi Proqramında nəzərə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturları ilə bağlanmış müqavilələr əsasında ötən ilin müvafiq dövrünə nisbətən 11,2 dəfə çox müdafiə təyinatlı məhsul istehsal edilib sifarişçilərə təhvil verilib. Həmin dövrdə müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 3,7 dəfə artırılıb. Eləcə də mülki məhsulların istehsalında 14% artım əldə edilib. Cari ilin I yarımilliyində Dövlət Müdafiə Sifarişi Proqramının “yaradılma” bölməsi üzrə 10 mövzunun 25 mərhələsi yerinə yetirilib, 4 ilkin, 2 dövlət və 10 ixtisaslaşma sınaqları həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yerinə yetirilmiş mərhələlərin sayı 2,0 dəfə artıb.


İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib. Dövlət Müdafiə Sifarişi Proqramının və digər proqnoz göstəricilərin icrasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.


Kollegiya iclaslarında nazir Yavər Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələrdə görülmüş işləri yüksək qiymətləndirib. Qeyd edib ki, kollektiv əldə edilmiş uğurlarla kifayətlənməməli, Respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində Silahlı Qüvvələrin müasir silah və döyüş sursatları ilə təmin edilməsi üçün nazirliyin qarşısında qoyulmuş mühüm vəzifələrin icrası layiqincə yerinə yetirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467

Oxşar yazılar