11 ayın sultanı Ramazan gəlir
27 iyul 2011 20:54 (UTC +04:00)

11 ayın sultanı Ramazan gəlir

Avqustun 1-də müsəlmanların müqəddəs Ramazan ayı başlayır. Lent.az-ın məlumatına görə, Ramazan ayı 29, yaxud 30 gün olacaq. Ramazan ayının başa çatması ayın görünməsindən asılı olaraq, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən elan ediləcək. Nazirlər Kabinetinin qərarına əsasən, bu il avqustun 30 və 31-i Ramazan bayramı ilə əlaqədar qeyri-iş günüdür.


“Quran”-ın nazil olduğu ay

Qeyd edək ki, islam aləmində Ramazan axırıncı 10 gecələrinin birində, Qədr gecəsində “Quran”-ın nazil olduğu aydır. Ramazan ayını islamda məcazi mənada “11 ayın sultanı” da adlandırırlar. Müsəlmanlar bu ayda oruc tuturlar. Bu ayda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, intim münasibətdə olmaq günahdır. Yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar bu tələblərdən azaddırlar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzinə (qəzasını) tutmalı və ya fitrə verməlidirlər. Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur. Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Başqa sözlə, fitr bayramı Ramazan ayının sonunda, orucun sona çatması münasibəti ilə qeyd edilir. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar.

Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxarmalıdır. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Bayramda kasıblar və yoxsullar yeni paltar geyərək bir yerdə namaza gəlməlidirlər. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Onu da qeyd edək ki, islama görə dünyanın başlanğıcı və sonu da Ramazan ayı ilə bağlıdır. Məhəmməd peyğəmbər Hədisi-şərifdə buyurub ki, Ramazan ayında xəlq olunub və Ramazan ayının bir cümə günündə də qiyamət qopacaq. Yəni dünyanın sonu gələcək. Ancaq bununla bağlı konkret tarix açıqlanmır.

Yüngül və sulu yeməklər məsləhət görülür

Yeri gəlmişkən, bu il Ramazan ayı “qora bişirən” avqusta təsadüf edib. Belə isti günlərdə isə həm oruc tutmaq, həm də sağlamlığı qorumaq üçün böyük səy göstərmək lazımdır. Bu baxımdan oruc tutan insanların həkimlərin tövsiyələrinə əməl etmələri vacibdir. Həkimlər bildirirlər ki, oruc tutulan dönəmdə insanlar maye itkisinə diqqət etməzlərsə, halsızlıq, temperaturun artması və ürək döyüntülərinin artması halları ilə üzləşə bilərlər. Daha çox su itkisi isə təzyiqin aşağı düşməsinə və şüurun itirməsinə yol açır. Oruc tutan insan həm də günəş altda çox qalarsa, onun gün vurma ehtimalı daha yüksəkdir. Belə hava şəraitində həm tərləmə, həm də bədəndən buxarlanma yolu ilə böyük miqdarda maye xaric olunur. Ona görə də xüsusən isti havalarda çox maye qəbul etmək lazımdır. Yağlı, şirniyyatlı, duzlu yeməklərdən qaçmaq lazımdır. Oruc tutan insanların iftarı açarkən yüngül və sulu yeməklərə üstünlük verməsi, iftar və imsaq arası maye qəbuluna xüsusi diqqət yetirmələri məsləhətdir. Yay aylarında iftar zamanı çox yemək məsləhət deyil. İftar açarkən yüngül və sulu yeməklər seçmək, bunları da çox yeməmək, əvəzində iftardan 1-2 saat sonra yenə qida qəbul etmək yaxşı olardı. Yatmazdan 1-2 saat qabaq 1 meyvə yemək həm enerji, həm də tərkibindəki maye baxımından xeyirlidir.

Eyni zamanda oruc tutanlar zəruri olmadığı hallarda çölə çıxmamağa üstünlük verməlidirlər. Əgər zəruridirsə, çölə səhər, ya da axşam saatlarında çıxılmalıdırlar. Açıq havada çalışanların isə açıq rəngli geyimlərə üstünlük verməsi gərəkdir. Belə şəraitdə işləyənlərin mütləq imsaq vaxtı maye qəbul etmələri, normal qidalanmalıdırlar. Bu işçilərin günorta saatlarında hər 1-2 saatdan bir fasilə verib istirahət etmələri, kölgədə və sərin yerlərdə olmaları önəmlidir. Bürkülü havalarda isə sərin duş qəbul etmələri onlara müsbət təsir göstərəcək.

Həkimlər bildirirlər ki, imsaq zamanı erkən yuxudan qalxmaq, ağır yeməklər əvəzinə qidalı və bitki mənşəli yeməklərə üstünlük vermək lazımdır. Ağır heyvan mənşəli qidalardan xüsusən uzaq durmaq gərəkdir. Balıq və toyuqdan hazırlanan yeməklər yalnız iftar zamanı yeyilməlidir.

Yay aylarında oruc tutan bəzi xəstələrin də xüsusi diqqət yetirmələri olduqları hallar var. Yüksək təzyiqi, xroniki problemləri olan insanlar, ürək və böyrək xəstələri isti havalarda oruc tutmaq istəyərlərsə, mütləq həkimlərlə məsləhətləşməli, müayinədən keçməlidirlər. Bu insanlar qidalanma rejimlərində böyük dəyişiklik etməməli, dərmanların qəbulunu gecikdirməməlidirlər. İsti hava və mey itkisi səbəbindən bu xəstələrin səhhətində ciddi problemlər üzə çıxa bilər. Maye itkisi və istiyə həssas olduqlarını yaddan çıxarmamalıdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1471

Oxşar yazılar