Əlil və kimsəsiz uşaqlar üçün xeyriyyə tədbiri keçiriləcək
25 iyul 2011 13:15 (UTC +04:00)

Əlil və kimsəsiz uşaqlar üçün xeyriyyə tədbiri keçiriləcək

Layihə “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin təşəbbüsü ilə “Səyyar Tibbi Reabilitasiya” adı altında baş tutacaq. Birlikdən Lent.az-a verilən məlumata görə, layihənin əsas məqsədi əlil və kimsəsiz uşaqların tibbi problemlərini həll etməklə sağlam gəncliyin cəmiyyətimizin sağlam gələcəyini qurmasına şərait yaratmaqdır. Məqsədə nail olmaq üçün internat məktəbində yaşayan kimsəsiz uşaqların ilk olaraq tibbi müayinəsi həyata keçiriləcək, ehtiyac duyulduğu halda müalicə və cərrahi yardımlar göstəriləcək. Layihəyə ilkin olaraq Saray qəsəbəsində 7 saylı İnternat məktəbində, Şağan qəsəbəsindəki 3 saylı internat məktəbində, Ramana qəsəbəsindəki gənc əlillər evində, Buzovnada 13 saylı internat məktəbində olan kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar cəlb olunacaq. Bununla yanaşı, layihə çərçivəsində yuxarıda adı çəkilən bütün müəssisələrdə cinsi və reproduktiv sağlamlıq haqqında təlimlər keçiriləcək. Bununla onların şəxsi gigiyena, sağlam qidalanma, cinsi yolla yoluxan xəstəliklər, ailə planlaşdırılması barədə məlumatsızlığı aradan qaldırılacaq.



Layihənin reallaşmasında baş sponsor kimi “Ernst&Young” iştirak edir. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Norveç Humanitar Müəssisəsi, Core Xeyriyyə Fondu, tərəfdaşlar kimi isə “Uniklinika”, “Dental House”, CCP(Casrian Comros Proyect), Dalida, “Gallery”, “Vinni Kulinariya” layihəyə dəstək verir. Layihənin informasiya dəstəyi isə APA İnformasiya Agentliyinə məxsusdur.

Qeyd edək ki, iyulun 26-da layihənin təqdimatı olacaq.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 800

Oxşar yazılar