“Keçən il 2503 nəfər -ov, -yev soyad sonluğundan imtina edib” - MÜSAHİBƏ
07 iyul 2011 12:03 (UTC +04:00)

“Keçən il 2503 nəfər -ov, -yev soyad sonluğundan imtina edib” - MÜSAHİBƏ

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimovanın APA-ya müsahibəsi


- Nazirlər Kabineti bu il mayın 12-də “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nı təsdiq edib. Bu Qaydalardakı əsas yeniliklər nədən ibarətdir?

- Bu qaydalar adın, ata adının və soyadının verilməsi, həmçinin soyad sonluqlarının dəyişdirilməsi prosedurunu tənzimləyir və Azərbaycan vətəndaşlarına şamil olunur. Əvvəllər soyadın və ya adın dəyişdirilməsi prosedurunun həyata keçirilməsi üçün qanunvericilikdə 3 ay nəzərdə tutulmuşdusa, hazırkı qaydalarla hər bir hərəkət üçün konkret müddət müəyyən edilib və bununla da ümumi müddət xeyli azaldılıb.


- Verilməsinə məhdudiyyətlər qoyulan adlar əsasən hansılardır?

- Qaydalarda adların verilməsi ilə bağlı bəzi məhdudiyyətlər müəyyən edilib. Belə ki, uşaqlara onların mənafeyinə xələl gətirən, habelə cinsinə uyğun olmayan və gülünc adın verilməsinə yol verilmir. Bəzi vətəndaşların savadsızlığı, habelə adların qoyulması ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyətin olmaması əvvəllər uşaqlara gülünc adların verilməsinə şərait yaradıb. Bu adları daşıyan uşaqlar həmyaşıdlarının gülüş hədəfinə çevrilir, həyatda adları ilə bağlı əziyyət çəkirlər. Yeni qaydaların tətbiqi artıq bu mənfi təcrübəyə son qoymasına şərait yaradır.


- Övladına ad qoymaq istəyən valideynlər ad seçimini necə həyata keçirə bilər?

- Hər valideyn öz övladına elə ad seçməlidir ki, bu ad gələcəkdə uşağın cəmiyyətdə formalaşmasına mane olmasın. Bununla bağlı Milli Elmlər Akademiyasının mütəxəssislərinin hazırladığı şəxs adları və soyadlarını şərh edən, onların mənasını bildirən “Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti” tərəfimizdən nəşr edilib. Qeydiyyat şöbəsinə müraciət edən hər bir şəxs özünə və övladına ad seçmək üçün bu nəşrdən istifadə edə bilər.


- Ümumiyyətlə, Azərbaycanda mövcud olan adların elektron bazası varmı? Bu bazada nə qədər ad toplanıb? Son illər Azərbaycanda hansı adlara daha çox üstünlük verilir?

- Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin arxivində saxlanılan 1955-2000-ci illəri əhatə edən 10 milyondan çox akt qeydinin elektronlaşdırılması nəticəsində nəinki müasir, eləcə də tarixən mövcud olan adların virtual məlumat bazası formalaşıb. Hazırda burada 150 000-ə yaxın ad haqqında məlumat toplanıb. Azərbaycanda ən çox üstünlük verilən kişi adları Vaqif, Əli, Arif, Elçin, Ramiz, qadın adları isə Sevda, Elmira, Sevinc, Leyla, Təranə və s.-dir.


- Bəzi məlumatlarda adların işıqfor prinsipi əsasında seçiləcəyi bildirilir.

- Mətbuatda ad və soyadların verilməsində qanunvericilikdə əksini tapmayan müxtəlif qaydaların, hansısa işıqfor prinsipinin tətbiqi barədə məlumatlar səslənir ki, bunların heç biri həqiqətə uyğun deyil. Belə məlumatlar əhali arasında çaşqınlıq yaranmasına səbəb olur. Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalar bir çox məhdudiyyətləri aradan qaldırır və adların, soyadların və ya soyad sonluqların dəyişdirilməsi sahəsində vətəndaşlara daha geniş imkanlar yaradır.


- Yeni Qaydaların tətbiqi istiqamətində hansı tədbirlər görülüb?

- Qeyd olunan qaydaların rayon (şəhər) qeydiyyat şöbələrinin əməkdaşları tərəfindən dərindən öyrənilməsini və ona düzgün tətbiq olunması təmin etmək məqsədi ilə zəruri tədris tədbirləri tətbiq olunur. Qeydiyyat şöbələrinə adın, soyadın, ata adının və soyad sonluğunun könüllü dəyişdirilməsi hüququnun vətəndaşlara izah olunması, bu prosedurun sadəliyinin təbliği, maarifləndirmə işinin təşkilinin təmin olunması barədə də tapşırıqlar verilib.


- Ötən müddət ərzində Azərbaycanda neçə şəxs soyad sonluğunu dəyişib?

- 2010-cu ilin nəticələrinə əsasən, 2503 nəfər -ov, -yev soyad sonluğunu milli soyad sonluqlarına dəyişdirib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Adlar və soyadlar üzrə xüsusi komissiyası soyadlarımızın formalaşdırılması ilə bağlı araşdırmalar aparıb və onun Rəyasət Heyətinin qəbul etdiyi qərara uyğun olaraq valideynin mövcud soyadının kökünə -lı, -li, -lu, -lü, - zadə, -gil, -soy, kişilərə -oğlu, qadınlara -oğlu və ya -qızı soyad sonluğun artırılması və ya heç bir sonluq artırılmadan soyad yazılması təklif olunub. Ad, soyad və soyad sonluqlarının dəyişdirilməsi könüllüdür və burada heç bir məhdudiyyət yoxdur. Hər bir vətəndaşın həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra zəruri prosedurlar çərçivəsində müvafiq dəyişikliyi etmək hüququ var.


- Soyadını milliləşdirən Azərbaycan vətəndaşları daha çox hansı soyad sonluğuna üstünlük verirlər?

- Soyadların sonluqlarının dəyişdirilməsi yolu ilə onların milliləşdirilməsi tendensiyası son 10 il ərzində daha geniş yayılıb. Belə ki, valideynlər adətən yeni doğulmuş uşaqlara artıq sonluğu milliləşdirilmiş soyadların verilməsinə üstünlük verirlər. Geniş yayılmış soyad sonluqlarının populyarlıq baxımındın sıralanması aşağıdakı kimidir: -lı, -li, - lu, -lü, -oğlu, -qızı, -zadə və s.
# 628

Oxşar yazılar